Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.
Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı “Zindana məktub…” layihəsinə başlayıb.
Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.
Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.
Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək.
Məktublarınızı vetenugrunda.az2018@gmail.com ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.
Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.
Bu gün ömrünün 41-ci ilini yataqda qarşılayan Nardaran məhbusu Əbülfəz Bünyadova daha bir məktub ünvanlanıb. Məktubun müəllifi inanclı gəncimiz, qələm əhli Elvin Mürvətoğludur.
“Sən bizlərin baş tacısan izzətisən…”
“HACI ƏBÜLFƏZ
Canlı şəhid salam olsun daim sənə
Kömək olsun Hz İmam Qaim sənə
De neyləyə bilər axı zalim sənə
Ey qeyrətli qardaşım Hacı Əbülfəz
Sən evini səngər etdin meydan etdin
Sən zülümə haqsızlığa üsyan etdin
Sən cismini ALLAH üçün qurban etdin
Ey qeyrətli qardaşım Hacı Əbülfəz
Biz səndəki səbr imanın heyranı
Ruhlandırır hər bir kəlamın insanı
Bu ruhiyyən narahat etdi duşmanı
Ey qeyrətli qardaşım Hacı Əbülfəz
Sən bu halda təvəkkül etdin Allaha
Ləbbeyk dedin Kərbəlada başsız şaha
Min can ola qurban verərsən bir daha
Ey qeyrətli qardaşım Hacı Əbülfəz
Sən Hacı Tale qardaşı difa etdin
Çün əhdinə sadiq oldun vəfa etdin
Sən Hüseynin şüarını nida etdin
Ey qeyrətli qardaşım Hacı Əbülfəz
Sən indiki cəmiyyətin ibrətisən
Sən gələcək nəsillərin söhbətisən
Sən bizlərin baş tacısan izzətisən
Ey qeyrətli qardaşım Hacı Əbülfəz
Biz qalibik bilsin bunu cümlə cahan
Səndə ağa bu cümləni etdin bəyan
ALLAH şəfa versin sənə tez bir zaman
Ey qeyrətli qardaşım Hacı Əbülfəz
Elvin Mürvətoğlu
2018-31 may.”
YADDAŞ
Heç bir günahı olmadan güllələnərək əlil edilən Əbülfəz Bünyadovun hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir. Onu məhkəməyə xərəkdə gətirirlər. Bu günümüzün Yusifidir Əbülfəz Bünyadov. Onu evinin içində quyuya salıblar, heç bir doğmasını yanına buraxmırlar.
2015-ci ilin 26 noyabrında baş verən Nardaran olayları zamanı Əbülfəz Bünyadov ağır yaralanıb. Onurğasına girən güllə onu əlil etdi. Ə.Bünyadovun vəziyyəti ağır olduğundan 1 il 1 ay həbsdə saxlandıqdan sonra buraxılaraq polis nəzarətinə verilib. Onun və Nardaran hadisələrindən sonra axtarışa verilib, bir il əvvəl həbs olunan Elxan İsgəndərovun məhkəməsi 2017-ci ilin avqustunda başlayıb. O, Təcili Tibbi Yardımla məhkəməyə gətirilib-aparılır.
Ə.Bünyadov CM-nin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluğa cəhd), 228 (qanunsuz silah-sursat saxlama), 274 (dövlət çevrilişinə cəhd) və s. maddələrlə ittiham olunur. E.İsgəndərova da qəsdən adam öldürmədən başqa digər ittihamlar verilib. Lakin onların heç biri özünü təqsirli bilmir.
Qeyd edək ki, bu gün, məhz ad günündə də Əbülfəz Bünyadovun Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçiriləcək.