Bakının təsadüflər oyunu davam edir!

Tale Bağırzadənin azadlıqdan məhrum edilməsindən cənab Səadətin əl öpməsinə qədər
Bismillahir-rəhmanir-rəhim
Tale Bağırzadənin azadlıqdan məhrum edilməsindən cənab Səadətin əl öpməsinə qədər; Bakının təsadüflər oyunu davam edir!
Azərbaycan Respublikası Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadənin azadlıqdan məhrum edilməsi və bu hökmün Qərbi Azərbaycan valisinin İlham Əliyevlə görüşü ilə eyni vaxta təsadüf etməsi diqqəti Bakının təsadüflər oyununa yönəldir.
“Təsnim” Beynəlxalq İnformasiya Agentliyi Qafqaz üzrə politoloq İsmayıl Məhəmmədinin Tale Bağırzadənin azadlıqdan məhrum edilməsi ilə Qərbi Azərbaycan valisinin İlham Əliyevlə görüşünün eyni vaxta təsadüf etməsi barədə qeydlərini nəşr edir:
25 yanvarda Bakı Ağır Cinayətlər Məhkəməsində MBH-nin rəhbəri Tale Bağırzadənin iyirmi il azadlıqdan məhrum edilməsi tarixi və görünməmiş bir hökm idi.
Hərəkatın rəhbəri Tale Bağırzadə qətl, qətlə cəhd, terror, dövlət çevrilişi kimi ağır ittihamlarla mühakimə olundu. Amma hadisənin təfərrüatı ilə tanış olanlar yaxşı bilirlər ki, Tale Bağırzadənin iyirmi il azadlıqdan məhrum edilməsi hökmü onun cənab Ayətullah Nuri Həmədaninin əlini öpməsinin intiqamı idi. Ayətullah Nuri Həmədani 2015-ci ili sentyabr ayında Bakıda (Paşazadənin dəvəti ilə) səfərdə olarkən Bağırzadə hörmət əlaməti olaraq alimin əlini öpmüşdü.
Ayətullah Nuri Həmədani Bakıda Azərbaycanın müstəqil ruhaniləri ilə görüşdüyü zaman Tale Bağırzadə sionizm nökərlərinin şiə alimlərinə qərəzli münasibətinə cavab olaraq alimin əlini öpmüş, müsəlman Azərbaycan xalqının şiə alimlərinə sevgisini nümayiş etdirmişdi. Həmin hadisənin ardınca sionizmə bağlı “sekulyar” və “laik” informasiya şəbəkələri öncə Azərbaycan Respublikasının Xəzər-Tv şəbəkəsi Tale Bağırzadəyə qarşı təbliğat kompaniyasına start verdi. Xəzər-Tv Fətullah Gülən tərəfindən idarə olunan Amerika-sionizm,Türkiyə yönlü bir şəbəkədir. Gülən-Ərdoğan konfliktindən sonra da, bu şəbəkə Türkiyə tərəfindən siyasi və dini baxımdan idarə olunur. Beləcə, informasiya şəbəkələri mübariz və natiq ruhanini qaralamaq istiqamətində fəaliyyətə başladı. Bir növ polis və digər təhlükəsizlik qüvvələrinin 2015-ci il noyabr ayının sonlarında Nardarana hücumuna zəmin yaradılırdı. Hacı Tale Bağırzadənin “Hüseynə (ə) əzadarlıq” məclisində həbs olunması üçün hazırlıq gedirdi.
Tale Bağırzadəyə hökm çıxarılması Qərbi Azərbaycan valisi Qurbanəli Səadətin başçılığı ilə İrandan nümayəndə heyətinin Bakı səfəri ilə üst-üstə düşdü. Qərbi Azərbaycan valisi İlham Əliyevlə əl görüşdükdən sonra bu görüşə ehtiram əlaməti olaraq öz əlini öpdü. Valinin İlham Əliyevlə əl görüşəndən sonra öz əlini öpməsi dini, ya diplomatik baxımdan, protokol qaydalarına uyğun olub-olmamaq cəhətindən tənqid olunmadı. Valinin bu rəftarı İran və Azərbaycan adətləri, görüşən tərəflərin yaşı baxımından da, etiraza səbəb olmadı.
Rəsmi Bakının iranlı nümayəndə heyətləri ilə görüşünə, bu görüşlərdəki siyasətinə nəzər salmaq zəruri görünür. Cavab tapmaq lazımdır ki, Bakı nə üçün Tale Bağırzadə və Nardaran hadisələrində həbs olunan digər insanların azadlıqdan məhrum edilməsi hökmünü məhz iranlı nümayəndə heyətinin Bakıya səfəri ilə eyni vaxta saldı?
Mətbuatda gedən xəbərlərə görə, Nardaran hadisəsi ilə bağlı məhkəmə hələ iki həftə öncə müttəhimlər haqqında hökm çıxarmalı idi. Nə üçün bu hökm yubadıldı? Doğurdanmı, bu əvvəlcədən proqramlaşdırılmamış bir təsadüfdür? Yoxsa Bakının məhz iranlı nümayəndə heyəti Bakıda olduğu zaman islamçılara hökm çıxarması qərəzli olub?
Rəsmi Bakının bu vaxta qədərki rəftarlarını nəzərdən keçirdikdə aydın olur ki, bütün bunlar təsadüf deyil. Sovetlər birliyi dövründən başlayaraq Azərbaycan Respublikası zamanında siyasi təsadüflər ardıcıl şəkildə proqramlaşdırılır. Rəsmi Bakı, adətən, Qərbdən nümayəndə heyətləri gələn zaman qərbyönlü siyasətçilərə təzyiqini azaldır. Hətta bəzən qərbyönlü siyasətçilər azad edilir. Amma iranlı nümayəndə heyətinə münasibət tam əksinədir.
Nə zaman İrandan nümayəndə heyəti gəlirsə, həmin ərəfədə Bakı islamçılara, ruhanilərə təzyiqlərini gücləndirir, islamçıların məhkəmələrinin son iclası həmin günə salınır, hətta həmin günlərdə islamçılar həbs edilir. Sanki Bakı bir müstəqil dövlət olduğunu göstərmək istəyir. Görsünlər ki, rəsmi Bakı İranın təsiri altında deyil. Əslində rəsmi Bakının bu oyunda əsas məqsədi İran İslam Respublikasına sevgisi olan dini camiəni sarsıtmaq, bu camiənin ümidlərini qırmaqdır.
Bütün bunları nəzərə aldıqda, hacı Tale Bağırzadə və onun ardıcıllarına iranlı nümayəndə heyətinin səfər günlərində hökm oxunmasının səbəbi aydın olur. Əlavə edək ki, iyirmi il azadlıqdan məhrum olunma hökmü iyirmi beş yaşlı Azərbaycan Respublikasında nadir hadisələrdəndir.
Bu günə qədər Əliyevlər sülaləsi hətta çevrilişə əl atmış müxaliflərini iyirmi il azadlıqdan məhrum etməyib. Belə bir hökm olubsa da, icra olunmayıb. Surət Hüseynov, Rəhim Qazıyev, İsgəndər Həmidov kimi müxaliflər hazırda azadlıqdadır. Bu insanlar Heydər Əliyevin hakimiyyəti dövründə həbs olunmuşdu. İqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov, milli təhlükəsizlik naziri Eldar Mahmudov kimi sabiqlər də, ən ağır cinayətlər törətsələr də, iyirmi il azadlıqdan məhrum edilməyiblər.
Tale Bağırzadənin iyirmi il azadlıqdan məhrum edilməsi hökmü hakimiyyətin və əslində sionizmin müsəlman ruhaniyə olan kin-küdurətini göstərir. Şübhə yoxdur ki, Bakının bu rəftarına göz yummaq daha ağır hadisələrlə nəticələnə bilər.