Əli Həsənov niyə təhdid olunur?

Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov Tvitter hesabında paylaşdığı yazıda təhdid olunduğunu, şantaj edildiyini deyir.
SəhərAzəri-nin verdiyi məlumata görə,Ə.Həsənov Tvitter hesabında yazıb:
“Dünəndən nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır”.
Ə. Həsənovun şəbəkə mafiyası adlandırdığı qruplar elə onun hakimiyyətdə olduğu uzun illər ərzində vaxtaşırı olaraq müxtəlif siyasi fəallar, inanclı təbəqənin nümayəndələri, məmurlar barədə ifşaçılıq edən jurnalistlər və hətta öz hüquqlarını tələb edən adi vətəndaşlara qarşı şər və böhtan əməliyyatları ilə məşğul olmuşdur. Ancaq bu şəbəkə mafiyası vasitəsi ilə şərlənərək həbs edilənlərin fəryadları heç vaxt eşidilməmişdir. Elə son günlər “Gəncə işi” adlanan məhkəmə prossesinin yekun hökmünə etiraz edən məhbus ailələri də öz yaxınlarının həmin şəbəkə mafiyasının qurbanları olduqlarını bildirdilər.
Hakimiyyətin istənilən müxalifə qarşı istifadə etdiyi iddia edilən həmin şəbəkə mafiyasının indi nəyə görə hakim partiyanın təsisçilərindən biri olmuş onun ideologiya şobəsinin müdiri vəzifəsində çalışmış Əli Həsənovu hədəfə alması ciddi sual olaraq hələlik cavabsız qalır.
Qeyd edək ki, Naxçıvanda doğulmuş Əli Həsənovun məmurluq dövrü 1994-cü ildən, onun Naxçıvandan Bakıya gəlməsindən sonra başlayıb. Mediada adı Azərbaycanın mərhum üçüncü prezidenti Heydər Əliyevin “sadiq tərəfdarı” kimi keçən Əli Həsənov elə həmin ildən hakim partiyada ideologiya şöbəsinin müdiri kimi çalışıb.
Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub. 2019-cu ilin noyabrında vəzifədən azad edilib.