Əliyev korrupsiya ortağına vəzifə verib

Xədicə Ismayıl: “Fəxrəddin Mirzəyevin konsul təyin edilməsi Azərbaycan diplomatiyası adına növbəti biabırçılıqdır”
Ilham Əliyev yeni sərəncamla Fəxrəddin Mirzəyevi Karlovı-Varıda fəxri konsul təyin edib. Söhbət, hakim ailə ilə biznes bağlılıqları olan və korrupsiya qalmaqallarında ifşa olunan şəxsdən gedir. Bu cür olayları araşdıran jurnalist Xədicə Ismayıl məsələyə münasibətində belə bir təyinatın ciddi məqamlardan xəbər verdiyini deyir:
“Bu həmin şəxsdirsə, bu təyinat onu göstərir ki, Azərbaycanın diplomatik strukturlarında belə vəzifə qazanmağın yolu ölkə rəhbərliyinin pullarının yuyulmasına yardım göstərməkdir. Fəxrəddin Mirzəyev Paşayevlər ailəsinin, prezidentin qızının Çexiyada biznes portnyoru olub. Çexiya reyestrində bunu göstərən sənədlər var. Çexiyada həmin adam haqqında danışırlar ki, o, ümumiyyətlə, Azərbaycan oliqarxlarının pullarını yerləşdirməyə yardımçı olmaqla məşğuldur. Xədicə Ismayıl onu da bildirdi ki, rəsmi Bakı belə adamlara vəzifə verməklə dövlətin imicini də zədələyir: ”Onun həm də idman maraqları var. Sürətli avtomobil sürməklə məşğuldur. O, Formula yarışlarına bənzər yarışlarda iştirak edir. Yəni onun hakim ailə ilə ortaq maraqları çoxdur. Indi onun həm də konsul statusu olacaq. Fəxri konsul statusu birbaşa diplomatik toxunulmazlıq və sair ehtiva edir, ya etmir, dəqiq bilmirəm. Amma ki, hər halda bizim yadımızdadır ki, fəxri konsul vəzifəsini təsadüfi adamlara verməklə neçə dəfə problemlə üzləşib Azərbaycan. Məsələn, Sankt-Peterburqda Qüdsi Osmanovla problemlər yaranmışdı. Yəni Azərbaycanın fəxri konsulu dürüst adam olmalıdır. Bu adam orada korrupsiya yolları ilə qazanılan pulları yerləşdirməklə məşğuldur. Ona görə də bu Azərbaycan diplomatiyası adına növbəti biabırçılıqdır”- deyə jurnalist bildirdi.
/Azadllıq/