Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi oldu

Milli Şura sədri mütləq əksəriyyətin səsini aldı; O, namizədin öhdəliklərinə dair memorandumu imzaladı
Milli Şuranın ikinci sessiyası öz işinə başlayıb.Sessiyaya AXCP lideri Əli Kərimli sədrlik edir.Sessiyada əvvəlcə Milli Şuranın prezidentliyə vahid namizədinin öhdəliklərini nəzərdə tutan memorandum səsverməyə çıxarılıb. Memorandumla bağlı bəzi təkliflər səslənsə də, sənəd səsə qoyularaq qəbul edilib.Daha sonra Milli Şuranın prezidentliyə vahid namizədinin irəli sürülməsi ilə bağlı müzakirələr başlayıb. Milli Şura sədrinin İcra Aparatının rəhbəri Eldar Namazov sədr Rüstəm İbrahimbəyovun namizədliyini təklif edib. O, Rüstəm İbrahimbəyovun memorandumu imzaladığını elan edib və onun elektron imzasını nümayiş etdirib.
ALP sədri Əvəz Temirxan bu təklifi müdafiə edib. O, R.İbrahimbəyovun uğurlu namizəd olduğunu deyib.Vətəndaş Həmrəyliyi və Açıq Cəmiyyət partiyalarının təmsilçiləri də R.İbrahimbəyovun namizədliyini dəstəklədiklərini bildiriblər.Müsavat başqanı İsa Qəmbər də vahid namizəd kimi R.İbrahimbəyovu gördüklərini və müdafiə etdiklərini bildirib. O, eyni zamanda R.İbrahimbəyovun tezliklə ölkəyə qayıtmasını gözlədiklərini qeyd edib və Milli Şuranın vahid namizədinin qeydə alınmama riskinin qaldığını deyib. İ.Qəmbər bildirib ki, Milli Şura istənilən halda seçkidən kənarda qalmamalıdır. Daha sonra o, vahid namizədlə bağlı Müsavat Partiyasının qərarını oxuyub. Qərasrda R.İbrahimbəyovun vahid namizədliyinin qəbul edildiyi, eyni zamanda Milli Şuranın vahid namizədinin qeydə alınacağına qədər Müsavat Partiyasının prezidentliyə İ.Qəmbərin namizədliyinə dair qərarının qüvvədə qaldığı bildirilir. İ.Qəmbər Milli Şura üzvlərini R.İbrahimbəyovun namizədliyinə səs verməyə çağırıb.KXCP sədri Mirmahmd Mirəlioğlu da Milli Şuranın vahid namizədi olaraq Rüstəm İbrahimbəyovu təklif etdiklərini bildirib.Daha bir neçə çıxışdan sonra Milli Şuranın vahid namizədinin seçilməsi üçün prosedur başlayıb. Əksəriyyət səsvermənin açıq keçirilməsinə səs verib. Sonra R.İbrahimbəyovun vahid namizədliyi səsverməyə çıxarılıb. Səssiya iştirakçılarının mütləq əksəriyyəti R.İbrahimbəyovun namizədliyinə səs verib. Onun namizədliyinin lehinə 84 nəfər səs verib. 1 nəfər bitərəf qalıb, əleyhinə səs verən isə olmayıb.Əli Kərimli Milli Şura üzvlərini vahid namizədin seçilməsi münasibətilə təbrik edib və bundan sonra qarşıda duran, görülməli işlər barədə danışıb. O, Milli Şuranın ölkədə demokratik seçkiyə nail olacağına və qalib gələcəyinə inamını ifadə edib.
Azadliq.info