Ərdəbilin cümə namazınin xütbələri – 15 mart (23 isfənd)

Birinci xütbə
بسم الله الرحمن الرحیم
الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین
Özümü və əzizləri ilahi təqvaya dəvət edirəm. Təqva insanın əbədiyyət rəmzidir. Zaman ötdükcə hər şey köhnəlir. Amma bəzi insanlar zamanla mübarizəyə qalxır və zaman onları məğlub edə bilmir. Vaxt ötdükcə zaman bizi köhnəldir. Əmirəlmöminin (ə) buyurur ki, əvvəldə sayıla bilən hər şey sonda qurtarır. (Nəhcül-bəlağə, xütbə 102). İnsanın çəkdiyi nəfəs, qəlb döyüntüsünün sayı var. Bu say bir gün başa çatır. İnsan bu sonu gözləyirmi? Sanki elə indicə hər şey başa çatacaq. Təqvalı insan ömrün xərclənməsinə biganə deyil. Təqvasız insan ömrü müftə, dəyərsiz sayır. Hansı ki hər nəfəs, hər saat, hər gün, hər ay, hər il bizi köhnəldir. Əgər insan vaxtını səmərəsiz keçirməsə, buna təqva deyərlər. Köhnəlmə o qədər sürətlidir ki, insan mürgü vursa, hər şey başa çatır. Həzrət Əli (ə) buyurur ki, insanın öz ruhu üçün çalışması gözəldir. İnsan ev-eşiyi təmizləyir. Amma əsl təmizlənəsi məkan əbədiyyətdir. Həzrət (ə) tapşırır ki, bir-birinizi ötüb keçin. Sizə abadlaşdırılması tapşırılmış mənzilə doğru tələsin. (Nəhcül-bəlağə, xütbə 188). 124 min peyğəmbər, neçə səmavi kitab insanı bu mənzilə dəvət edib. Əgər insan Allahın nemətinə çatmaq istəyirsə, Ona ibadətdə səbirli olmalı, günahdan çəkinməlidir. O nəfsini cilovlamalıdır. Xüsusilə o zaman ki, dünya insana göz vurur, onu pul, sərvət, məqam, rəyasət, haram işlərlə aldatmaq, nemətə şükrdən çəkindirmək itsəyir. Haram yolla nemətə çatmaq şirindir. Belə məqamlarda səbr etmək asan deyil. Allah belə məqamlarda səbr və ardıcıllıq müqabilində insanı nemətə çatdırır. Həzrət buyurur ki, sabah bu günə çox yaxındır. Gün ərzində saat necə sürətlə gedir?! Ayın günləri necə sürətlə ötüşür?! Aylar il içində necə bir birini qovur?! İnsan ömründə illər necə sürətlidir?!
Həzrət Əli (ə) digər bir məqamda buyurur ki, ölüm yaxınlaşanda insan tədricən haldan düşür, ölüm qabağa gəlir. (Nəhcül-bəlağə, hikmət 29). Görüş günü necə də yaxındır! Bütün dünya əl-ələ versə ki, bir günü geri qaytarsın olası iş deyil. Ötən il bir əmanət idi, bu əmanətə nəzər salın. Həmin əmanət barədə bizdən soruşulacaq. Yeni il üçün planlarınız olsun.
Əzizlərim! Allahın sorğuya çəkəcəyi mövzulardan biri ömürdür. İnsandan ömrün ilini necə keçirdiyi soruşulacaq. Allah Qurani-Kərimdə bəzi insanları ömrü puç keçirdiyi üçün qınayacaq. Fatir, 37: “Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik: ) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” Bu hansı ömürdür? 18 yaşına çatanların ömrü! Dörd şey haqqında soruşular. Biri ömrün hansı yolda xərclənməsidir. Biri gənclikdir. Biri ələ gələn puldur. Bu pulu haradan qazandın, haraya xərclədin?! Yəni həm mənbəsi, həm xərcləndiyi ünvan haqqında soruşular. İnsan özündən daim soruşmalıdır ki, əlinə gələn pulu hara xərcləyir? Son sual Əhli-beytə məhəbbətdir. Bizdən Əhli-beytə sevgimiz haqqında soruşular. Təkasur, 8: “Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” İmam Riza (ə) buyurur ki, bu ayə necə təfsir olunur? Cavab verirlər ki, isti gündə tapılmayan sərin su nəzərdə tutulur. Başqaları deyir ki, ac adamdan tapdığı çörək barədə soruşulacaq. Həzrət buyurur ki, Allah insandan ona verdiyi su barədə soruşmaq şənində deyil. İmam (ə) nəzərə çatdırır ki, ayədə Əhli-beyt nəzərdə tutulur. Yəni insan Əhli-beyti hansı həddə tanıdı? İnsan özünü onlara bənzətdimi? Çox ehtiyacımız var ki, özümüzü Əhli-beytə bənzədək. Əhli-beyt tapşırır ki, özünüzü bizə bənzədin.
Allahdan istəyim budur ki, ötən ildə yol verdiyimiz günahları bağışlayıb bizə savab yazsın. Yeni il bərəkətli il olsun. Maddi və mənəvi baxımdan qarşımızdakı maneələr aradan qalxsın. İslam aləmi böyük problemlərlə üzləşib. Əhli-beyt ardıcılları dünyanın müxtəlif nöqtələrində ağır vəziyyətdədir. Onların qanını halal elan ediblər. Şiələri yer üzündən silmək istəyirlər. Allahdan istəyirəm ki, yeni ildə öz lütfü ilə bizə bəndəlik, mərifət və uğur nəsib etsin.
Əzizlər! Novruz bayramının mahiyyəti budur ki, təbiət yenilənir. Ölü torpaq dirilir, gözəlləşir. Torpaq nəfəs alır, Allahın bərəkəti yer üzünü bürüyür. Allah-Taala yer üzünə, həyata yeni libas geyindirir. Bizim şadlanmağımızın səbəbi Əhli-beytin bu bayramı sevinclə qarşılamasıdır. Həzrət Əliyə (ə) halva gətirdilər. Həzrət (ə) bunun səbəbini soruşdu. Dedilər ki, novruz bayramıdır, ona görə halva gətiriblər. Həzrət buyurdu ki, hər gününüz novruz olsun! Bəli, bir bayramdakı ehsan var, sileyi-rəhim var, ehtiyaclılara əl tutulur, belə bayram şəriətdən kənar deyil. Digər tərəfdən, biz bu bayramla təbiətlə həmrəyliyimizi bildiririk. Təbiət nəfəs alır, bizim də ruhumuz təzələnir. Təbiət kimi insan da təzə libas geyir, evi təmizləyir, şadlanır. Torpağa yeni nəfəs üfürülür, kainat öz Rəbbinin təsbihini dilə gətirir. İnsanın bu canlanmaya qoşulması gözəldir. Bundan da gözəli odur ki, insan mənəviyyatında təmizlik aparsın. Öz əxlaqını gözəlləşdirsin, etiqadına nəzər salsın. Şairin təbirincə, yoruldum sənin köhnə bütlərindən, mənim hər an yeni tanrım var.
İnsan öz etiqadını möhkəmləndirməlidir. Hər an yeni səngərlər fəth etmək lazımdır. İnsanın əzəmətli mənəviyyat süfrəsinə oturması gözəldir. Süfrə deyəndə yeməklərlə dolu süfrə nəzərdə tutulmur. Maddi ləzzətlər ötəridir. Allahın süfrəsi daha əzəmətlidir. Allah bizi bu əzəmətli süfrə üçün xəlq edib. Evlərimizi təmizləyirik. Yaxşı olar ki, insan öz ruhunu təmizləsin. Bunun yolu nədir? Yolu budur ki, insan yeni bir təlaşla hərəkətə başlasın. Varlıq aləmi elə yaradılıb ki, insanın yeni təlaşı cavabsız qalmır. Bu dünyada yalnız ciddi iradə təzmin olunur. Yeni iradə çox mühümdür. Əgər yer üzü təravətlənirsə, ruhumuz da təravətlənməlidir. İnsan ağıl və düşüncə ilə bəndəlik yolunda yeni iradə ortaya qoymalıdır.
Ağıl israf və harınlıqda yox, həqiqi bəndəlikdə özünü göstərir. İnsan kamilləşdikcə sadələşir. Kamil insanın həyat tərzi sadə olur. Daim özünü göstərmək, rəngarənglik ardınca qaçmaq ruhun kiçikliyinin sübutudur. Həzrət Peyğəmbər (s) bəşəriyyətin öncülü olaraq sadəlikdə də birincidir. Yeni ildə bu məqsədlər ardınca olaq. Dəbdəbəçilik, israfdan qaçaq. Öz daxili aləmimizə əl gəzdirək, onu təmizləyək. Şairin təbirincə, bu xarabaya əl çəkməsən, səni də özünə qatasıdır.
Elə bir iş görün ki, Allah qəlbinizə xüsusi lütf etsin. Qəlb Allahın hərəmi, Ona məxsus olan yerdir. Daş-divarı təmizləyəndə bu hərəm yaddan çıxmasın. Allah-Taala həzrət Musaya buyurur ki, yeni libas tapmayıb köhnəsini geyinsən, eybi yoxdur, amma qəlbin pak və nurani olsun. (Əmaliye-Səduq).
İnsan yuyunub təmizlənəndə nuraniləşir. Bədənin suya ehtiyacı olduğu kimi ruhun da yuyunmağa ehtiyacı var. Quranda hacılara buyurulur ki, Minaya çatan zaman arzular həyata keçər. Hacılara Minada təmizlənmək əmri verilir. Suyun altına girəndə tövbə qüslü vermədən çıxmayın. Bu zərurətdəndir. Niyyət edin ki, bu su və qüsllə təkcə bədəninizi yox, daxilinizi də yuyur, təkəbbür və mənəm-mənəmlikdən təmizlənirsiniz. Əgər paltarda bir damcı sidik olsa, bu paltarla qılınan namaz batil olar. Bəs qəlbdə təkəbbür olanda necə?! Rəvayətdə deyilir ki, qəlbində bir zərrə təkəbbür olana behişt haramdır. Bu yeni ildə qəlbən bir “ya Allah” deyib yola çıxaq.
Bir zaman təhsil aldığım mədrəsədə böyük ariflər vardı. Gecələr hücrələrində çıraq yanardı. Qəribə bir həyat yaşayırdılar. Onlardan biri pakistanlı idi. Hər on dəqiqədə bir “ya Allah” deyərdi. Dünyanın bütün qələm sahibləri əl-ələ versələr bir “ya Allah” sözünün vəsf edə bilməzlər. İbrahim kimi ya Allah deyib yola çıxın. Saffat, 99: “(İbrahim oddan xilas olduqdan sonra) Dedi: “Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə – Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!” Bu addımı atın ki, Allah həzrət İbrahimə yeni libas geyindirdiyi kimi sizə də libas geyindirsin. Nisa, 125: “Yaxşı əməl sahibi olan, özünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!” Burada libas, xələt deyiləndə Allahla dostluq libası nəzərdə tutulur. Bu ilahi lütfün zirvəsidir. Bizə deyiblər ki, İmam Zaman novruz bayramında zühur edəcək. Onun əynində Allahın geyindirdiyi libas olacaq. Nədir onun libası? Allah onun başına vüqar tacı qoyacaq. Ona öz nurundan libas geyindirəcək. Necə gözəldir ki, insanın Allahın nurundan libası olsun. Allah Quranda libası tərif edir. Libas bizim abır-həyamızdır. Allah buyurur ki, ərlə arvad bir-birinin libasıdır. Əraf, 26: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız.” Ey övladına yeni libas dalınca qaçan ata! Bilirsənmi, Allah Quranda daha üstün libasdan danışıb?! Övladına yaxşı bir müəllim tap, ona yaxşı mühit yarat. Heç olub ki, minbərdən bir söz eşidib onu övladına öyrədəsən?!
Bu yeni ildə tövsiyəm budur ki, əzizlər aralarındakı kin-küdurəti kənara qoysunlar. Rəvayətlərdə küsülülük pislənir. Kim birinci barışıq əli uzatsa, böyük lütfə çatar. Sileyi-rəhimi kəsməyin, azaltmayın!
Bu sözləri dəbdəbəçiliyə uyub get-gəli kəsən, nəticədə ömrünü qısaldanlara deyirəm. Sileyi-rəhim ömrü uzadır. Dəbdəbəçi insanlara bir rəvayət oxuyuram. İmam Sadiq (ə) buyurur: “Ən əziz dost o kəsdir ki, onunla olanda özümü tənha hiss edirəm.” Bəli, insan tənha olanda ədəb qaydaları gözləməyə ehtiyac olmur. Həzrət bu nöqtəyə işarə edir ki, əsl dostla olanda insan tənhalıqdakı kimi rahatdır.
Tövsiyə edirəm ki, israf və dəbdəbəçilikdən çəkinəsiz. Yoxsulları yaddan çıxarmayın, süfrəniz başına imkanlı adamları toplamayın. Həzrət Peyğəmbər (s) buyurur: “Ən pis toy yeməyi, yalnız varlıların yığışdığı, yoxsulların olmadığı toydakı yeməkdir.” (Nəhcül-fəsahə).
Allah öz lütfü ilə yeni ildə bizə ən böyük savablar yazsın.
İkinci xütbə
بسم الله الرحمن الرحیم
Özümü və əzizləri ilahi təqvaya dəvət edirəm. Təqva əbədiyyət üçün toplanan azuqədir. Bu azuqə dünya həyatında toplanmalıdır. Dünyanı Allah övliyalarının alış-veriş yeri adlandırıblar. (Nəhcül-bəlağə, hikmət 131). Mən bilmirəm bərzəxdə neçə min, neçə milyon il dayanacağıq. Onu bilirəm ki, dünya həyatına peşmançılıqla baxacağıq. Deyəcəyik ki, ey kaş ömrün bir dəqiqəsini bizə qaytaraydılar. Amma bu arzularımıza rədd cavabı veriləcək. (bax: Sad, 3). Allahın verdiyi ömrün qədrini bilək. Daxil olduğumuz yeni ilin hər dəqiqəsi sərmayədir. Yaxşı ticarət edək. Kimsə bu mövzunu həzrət Əli (ə) kimi bəyan edə bilməyib. Həzrət Nəhcül-bəlağənin 230-cu xütbəsində buyurur ki, ərşə yüksələn şəkildə əməl edin, tövbə səmərəli ikən tövbə qılın, duanız eşidiləndə dua edin. Nə qədər ki, mələklərin qələmi işdədi əmələ tələsməliyik. Dil zikr edəndə qəlb də onunla olmalıdır. Həzrət buyurur ki, ömrünüz var ikən saleh əmələ tələsin. Ömür bir qab kimi elə çevriləcək ki, içində olan hər şey dağılacaq. Xəstəlik qarşınızı kəsməmiş hərəkət edin. Xəstəlik əl-ayağınızı elə bağlayar ki, namaz qılmaq çətin olar. Ölüm qapınızı döyməmiş, özünüzü xilas etməyə çalışın. Şairin təbirincə, nə qədər ki, əlin çatır bir iş gör.
Ey kaş Əmirəlmöminin bu xütbəsini sonadək oxumaq fürsətəmiz olaydı. Bu xütbəni Nəhcəl-bəlağədə hökmən oxuyun!
Əzizlər! Bu gün yenidən qovğa qopub, insan haqları deyib hər tərəfdən İrana hücum çəkirlər. Heç şübhə yox ki, bir hiylələri var.
BMT baş katibi dövlətimizin daxili işlərinə qarışaraq prezidentimizi ittiham edir ki, öhdəçiliklərinə əməl etmir. Guya bizim prezident onun qarşısında öhdəçilik götürüb. Guya insan haqları ilə bağlı öhdəçiliklərə əməl olunmayıb. Nə azadlıq, nə də demokratiya sahəsində dəyişiklik baş verməyib!! Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, avropadan gələn bütün nümayəndə heyətləri ticarət əlaqələri pərdəsi arxasında şərt qoyurlar ki, bu rabitələr üçün İranda insan haqları gözlənilməlidir. Azadlıq bir həddə çatmalıdır ki, hərə ağlına gələni edə bilsin. Almaniya dövləti elan edib ki, İranı insan haqlarından dolayı müzakirələrə çəkməliyik. Katrin Eşton elan edib ki, avropa ittifaqı İranda insan haqlarının durumundan narahatdır. Son vaxtlar İranda olmuş Cek Strav ölkəsinə qayıdan kimi deyib ki, İranda insan haqlarının durumu pisdir.
Bütün bunlardan dəhşətlisi bu olub ki, Katrin Eşton İran prezidenti və xarici işlər naziri ilə görüş adı altında ölkəyə daxil olur, yolda göstəriş verir ki, maşını Avstriya səfirliyinə sürsünlər. Səfirlikdə nə baş verir? İranda mühakimə altında olunan feminist bir şəxslə görüş nəzərdə tutulub. Fürsət olanda feminizm haqqında danışacağıq. Feminizm dünyada boşanmaya yol açan bir cərəyandır. Xanım Eşton prezidentə ayırmadığı vaxtı mühakimə altında olan şəxsə ayırır. Bununla da bütün diplomatik qaydaları pozur, minlərlə iranlının qanı bahasına başa gəlmiş milli hökumətimizi aşağılayır. Belə bir qanunsuz addım bir neçə həftə qabaq Avropa parlamentinin nümayəndə heyəti tərəfindən atılmışdır. Onlar Tehranda Yunanıstan səfirliyində milli hakimiyyətimizə hörmətsizlik sayılası tədbir keçirmişdilər.
Bir neçə nöqtəyə işarə etməliyik. Əvvəla, Avropa İranı yeni mövzuda müzakirələrə çəkir. Əvvəlcə nüvə məsələsi müzakirə olunurdu. İndi yeni mövzu ortaya atırlar. İnsan haqlarının vəziyyəti ilə maraqlanırlar. Biz müttəhim kimi oturub özünü hakim sayanlara cavab verməliyik!! İnsan haqları bunların əlində bir bəhanəyə çevrilib. Məqsəd İrana təzyiqdir. İranı özlərinə tabe etmək istəyirlər. Bu xalq müstəqil olmamalı, öz amalları ardınca getməməlidir!!
Başqa bir nöqtə budur ki, hər şeyi Böyük Rəhbər öncədən deyib. Rəhbər buyurub: “Nüvə enerjisi onların əlində bir bəhanədir. Onlar məntəqədə iqtidar sahibi olan İranla müxalifdirlər.” Bu söz özünü göstərir. Biz nüvə enerjisi məsələsində nə qədər güzəştə gediriksə, rahat buraxmırlar, tələblərini artırırlar. Bu güzəştlərlə heç bir iqtisadi problemimiz həllini tapmayacaq.
Növbəti nöqtə budur ki, Eşton İrana səfər üçün məhz 8 mart, beynəlxalq qadınlar gününü seçib. O həmin gün İranda feminist qadınla görüşüb. Prezidentdən, xarici işlər nazirindən qabaq məhkumla görüş keçirib. Ölkənin təhlükəsizliyini pozmaqda ittiham edilən biri ilə görüş xatirinə rəsmi görüşləri sabaha saxlayıb. Aydın olur ki, belə səfərlər İran-Avropa münasibətlərini yaxşılaşdırmaq və ya ticarət əlaqələri məqsədi daşımır. Əslində bu addımlar İranın daxili işlərinə qarışmaq yönündə uzunmüddətli prosesin bir hissəsidir. Eştonun mətbuat katibi deyir ki, bu səfər İran fəzasını dəyərləndirmək üçün idi. Bilmək istəyirmişlər ki, insan haqları hansı durumdadır. Eşton geri qayıdandan sonra hər bir qeyrətli iranlını ağrıdacaq sözlər danışıb. Deyib ki, İranda müxaliflərlə görüşdüm, şəraiti dəyişəcək yollar barədə müzakirə apardım. Əlavə edib ki, sanksiyaların bir hissəsi nüvə enerjisi yox, insan haqları ilə bağlıdır. İran nüvə enerjisi mövzusunda təslim olsa da insan haqları mövzusu qalır. Sonda belə bir bəyanat verir ki, mənim insan haqlarına vaxt ayırmağım heç kimi təəccübləndirməsin, mənim həbsdən buraxılmış fəalla görüşüm qeyri-adi deyil!!
Sonra bu nöqtəyə toxunacağıq ki, qadınların hüququnu biz pozuruq, yoxsa Avropa. Qadın hüquqları haqqında ayrıca danışacağıq. İndi isə söhbətin mövzusu insan haqlarıdır. Qadın hüquqları deyəndə nəzərdə nəyi tutublar? Yeganə məqsədləri hicabı hədəfə almaqdır. Bizim ölkədə elmi və ictimai toplantılarda qadınlar üçün heç bir məhdudiyyət yoxdur. Universitetlərdə kişilərdən çox qadınlar yer alır. Yeganə dərdləri hicabdır. Başqa hansı məqsədləri ola bilər? Zərrəcə insafları olsa, hətta sürücülük hüququ olmayan ərəbistan qadınlarından danışarlar. Necə olur ki, Eştonun vətəni Britaniya Ərəbistanı insan hüquqlarına yüksək səviyyədə riayət olunan ölkə sayır?! Bu münasibət təhqirdən başqa bir şey deyil.
Xanım Eştonun həddini aşdığı başqa bir məsələ millətimizi təhrik edir. Mən bilmirəm bunu necə deyim. Deyib ki, İran xalqı bizi müdafiə edəndə müzakirə səmərə verəcək. Bilirsinizmi bu nə deməkdir? Öz evimizin içində xalqımızı qızışdırırlar. Həzrət Əli (ə) buyurur ki, bir xalqın evində müharibə başlasa, bu xalq zəlil olar.” (Nəhcül-bəlağə, xütbə 27).
Biz dövlətimizə sadiqik, ona inanırıq, onu himayə edirik. Amma görürük ki, bu təhqirlər təhlükəsizlik nazirliyinin, xarici işlər nazirliyinin, prezident admnistrasiyasının gözü qarşısında baş verir. Kaş belə olmayaydı. Biz dövlətin reaksiyasını görmürük. Təkcə xarici işlər nazirinin sözçüsü səthi şəkildə mövzuya toxunub. Biz prezidentə üz tutub deyirik. Cənab prezident! Sən bu ölkənin müstəqilliyini qorumaq üçün and içmisən. Onun toxunulmazlığını hifz etməyi öhdənə götürmüsən. Məsullar deyir ki, xaricilərə bu tədbirlər üçün icazə verilməyib, bu işi öz başına görüblər. Öz başına belə iş görən hoqqabaz və hiyləgərdir. Əgər beləsə, vəziyyət daha pis olur. Siz bu hiyləgərlərlə nüvə məsələsini müzakirə edirsiniz. Əgər hiyləgərdirlərsə, müzakirələrdə sizə qarşı fitnəyə əl atmayacaqlarına necə əmin olursunuz?!
Biz dövlətə deyirik ki, ölkənin birliyini qoruyun. Bizim milli birliyə bu gün daha çox ehtiyacımız var. Baş verən hadisələr milli birliyi pozur, hərc-mərclik yaradır. Xalqımızın enerjisi boşuna sərf olunur, qüvvələr arasında ixtilaf yaranır.
Əzizlər! Mən öncədən deyirəm ki, insan haqları mövzusunda yeni ittihamlarla üzləşəcəyik. Bu yaxınlarda bizə qarşı yeni ittihamlar ortaya qoyulacaq. Biri siyasi fəallarla bağlı olacaq. Onlar bu mövzunu güclü vasitə sayırlar. İkinci ittiham İranda dini ayrıseçkilik mövzusunun ortaya atılmasıdır. Başqa bir ittiham milli ayrıseçklik ola bilər. Maraqlıdır ki, xüsusilə Kürdüstan məntəqəsində insan hüquqlarının pozulması ilə bağlı hücuma məruz qalırıq. Nə üçün Kürdüstanda məsələni qabardırlar? İraq kürdüstanının öz müstəqilliyini elan etməsi gözlənilir. Bu məsələ Türkiyə, Suriya və İran üçün problem yaradır. Onlar İraq da daxil olmaqla bu ölkələrdə böhran yaratmaq istəyirlər. Son məqsəd işğalçı İsrail rejiminə nəfəs dərmək imkanı yaratmaqdır.
Mən ürək yanğısı ilə deyirəm ki, bu fitnəkarlar qarşısında geri çəkilsək, iki qat artıq hücuma keçəcəklər. Həmin vaxt onları cilovlamaq çətin olacaq. İnsan haqları mövzusunda bizdən bir şey itsəyirlər və bu barədə Quran buyurub. Bəqərə, 120: “(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.” Sözüm budur ki, bu fitnəkarlıqlara reaksiya verilməlidir. Biz bu mövzuda onlarla sərt danışmalıyıq. İranda münafiqlər 17 min insan qətlə yetirib. Necə olur ki, bu qatillərə Avropada sığınacaq verilir?! Bu qatillərin başçısı Avropa Parlamentində kürsüyə çıxarılır. 8 illik İraq müharibəsində başımıza kimyəvi bombalar tökdülər. Bu bombaları İraqa Almaniya verirdi. Siz bizə cavab verməlisiniz. Nə üçün Suriyada terrorçu əl-Qaidəni müdafiə edirsiniz? Son günlər bir video-material yayılıb. Bir əl-qaidəçinin toyunda gəlin maşınının dörd tərəfindən kəsili şiə başı asılıb. Bəli, onlar gəlin maşınını şiə başı ilə bəzəyirlər. Sualımıza cavab verin. Bəhreyn rejimi qəssablıq edir, siz onu himayə edirsiniz. Bəhreyn xalqı insan haqlarından başqa nə istəyib?! Onların da istədiyi azadlıq və demokratiyadır. Siz ki azadlıq və demokratiya iddiasındasınız, buyurun addım atın.
Fars körfəzi ölkələrinin əksəriyyətində heç bir seçki yoxdur, monarxiya rejimidir. Nə üçün etiraz etmirsiniz?! Əsl diktatorları qoyub İrana hücum edirsiniz. Demək, insan haqları yox, mənafelərinizin ardıncasınız.
Cənab Pan Ki Mun! Cənab Eşton! Sizin ölkəmizin daxili işlərinə müdaxilələriniz qarşısında sözümüz budur ki, yuxu görürsünüz, xalqımızı tanımamısınız. Sizə cavabımız Zeynəbin Yezidə cavabıdır. Həzrət Zəhra övladının cavabı başqa cür ola bilməz. Nə qədər bacarırsansa, hiyləni işə sal. Amma bil ki, bizim yaxşılığımızı xatirələrdən silə bilməzsən. Səndə o güc yoxdur ki, bizim vəhyimizi məhv edib, zikrimizi kəsəsən. Bizim fəzilətimizə əlin çatmaz. Gördüyün çirkin işin üstünü örtə bilməzsən. Sənin qoluzorluluğun çox uzanmaz. Ətrafındakılar dağılıb gedər. Yada sal o günü ki, nida edilər: Allahın lənəti olsun zalımlara! Həmd olsun aləmlərin Rəbbinə. Əvvəlimizi səadət və rəhmət, sonumuzu şəhadətlə başıuca etdi.
Deyilən sözlər dövrümüzdə Avropanın haqqıdır. Avropa bu ləkələrdən heç vaxt təmizlənməyəcək.
Mən əzizlərdən istəyirəm ki, novruz çərşənbəsinə diqqətli olsunlar, şənliklərdə ehtiyatlı davransınlar. Ötən illərdə bu mərasimlərdə insanlar yaralandı, bədən üzvlərini itirdi. İndi uşaqdırlar, böyüyəndə valideynlərini ittiham edəcəklər ki, nə üçün onların qarşısı alınmayıb. Bu günlər həm də əza günləridir. Mərasimlərdə bu günlərin hörməti saxlanmalı, əzadarlığa zidd hərəkətlərə yol verilməməlidir. Bayram günlərini salamatçılıqla keçirin. Bazar əhlinə təkrar tövsiyə edirəm ki, ehtiyaclıları yaddan çıxarmasınlar.