Islam

Ərdəbilin cümə namazınin xütbələri – 21 mart (1 fərvərdin)

Birinci xütbə

بسم الله الرحمن الرحیم

الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. Allah-Taala təqva haqqında böyük sözlər buyurur. Quranda heç bir dəyər bu qədər vəsf olunmamışdır. Təqva haqqında buyurulanlardan biri budur ki, xeyir aqibət yalnız təqva ilə əldə olunur. (bax: Qəsəs, 83)

İlahi təqvaya dəvət

Əgər insan həyatda, işdə xeyir sonluq istəyirsə, bunun yeganə yolu təqvadır. Bəzi insanlar ömrü başa çatanda, dünyaya gözünü qapayanda, zaman və məkan ölçülərindən çıxanda onu məst etmiş bütün dünya uyuşdurucuları təsirdən düşür. Gözünü açıb həqiqəti görür. Öz əxlaqını, əməllərini olduğu kimi müşahidə edir. Əxlaq və əməlləri qarşısında təcəssüm edir, bütün bunlar alova çevrilir və onu mühasirəyə alır. Kəhf, 29: “Və de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!” Başqalarını aldadan, onların malını yeyən, xəyanət edən insanlar başdan ayağa od içində olar. Həzrət Zəhra (s) ömrünün sonlarında dua üçün əl açıb belə dedi: “İlahi, məni oda yox, Özünə tərəf apar.”

Xanım Fatimə (s) bütün dövürlər üçün nümunədir

Qarşıda həzrət Zəhranın şəhadət günləri gəlir. Bu günlərdə cəmiyyətimizin məsumlardan öyüd götürməsinə daha çox ehtiyac var. Cəmiyyətimiz onların həyat tərzinə, rəftarlarına çox ehtiyaclıdır. Bu gün dünyada ideallar, nümunələr müharibəsi gedir. Xalqımıza yerdən göyədək nümunələr təklif olunur. Belə bir məqamda düzgün seçim üçün ağıla ehtiyac var. Allah-Taala xanım Zəhranı öz lütfü ilə yaradıb, bütün dövürlər üçün nümunə və ideal seçib. Xanım Zəhra zaman məhdudiyyətlərinin fövqündədir. Kimsə deyə bilməz ki, həzrət Zəhranın dövrü ötüb, bu gün başqa zamandır. Xanımın xütbələrinə baxın, görün ki, zamandan necə xəbərdardır. Məsumların isməti bununla bağlıdır ki, nəfs istəkləri, ictimai şərait, tarixi təbəddülatlar onları dəyişmir. Din tarixin cığırları ilə hərəkət etsə də tarixi şəraitlə məhdudlaşmır. Biz xanım Zəhranın (s) sorağına getməliyik. Bəşəriyyətin fəxri olan Peyğəmbər (s) qarşısında bütün varlıq aləmi baş əyir. Allahın əmridir ki, Zəhra qarşısında da təzim edilsin. Bu nə deməkdir? Quranda Peyğəmbərin məqamına işarə olunur. Nəcm, 8, 9: “Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi; (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.” Bu məqam aydınlaşdırılmalıdır. “Tədəlli” məqamı ilə “dunuvv” məqamı arasında fərq var. Dunuvv yaxın, tədəlli isə ali bəndəliyin zühur etdiyi yüksək məqamdır. Bu məqamın sahibi xanım Zəhra qarşısında təzim edirdi. Bu sadəcə atanın övlad qarşısında təvazösüdür? Peyğəmbər (s) ona görə Peyğəmbərdir ki, Allah tərəfindən nazil olan vəhylərlə hərəkət etsin. Ona təvazö əmri verilir. Nəcm, 3, 4: “O, könlü istəyəni (havadan) danışmır; Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” Dünya bu barədə düşünməlidir. Burada nə sir var? Həzrət Peyğəmbər (s) həzrət Zəhra (s) qarşısında təvazö göstərir və başqalarını da bu işə çağırır. Bütün aləm Peyğəmbərin (s) qarşısında təvazö etdiyi zaman İmam Zaman (əc) buyurur ki, işdə mənim iqtida etdiyim şəxs anam Zəhradır. Rəvayətlərdə xanım Zəhranın məqamından ona görə çox danışılır ki, biz bu mövzuya adi yanaşmayaq. “Ziyarəte Camee Əimmətəl-mominin”də oxuyuruq ki, Allah özü sizin qəlbinizi ələ alıb, özü sizi tərbiyə edib. İmam Zaman buyurur ki, biz Allahın höccətiyiksə, anamız Zəhra bizim üçün höccətdir. Əgər biz yüksək məqama çatmasaq, soruşular ki, nə üçün ananız Zəhra çata bildi?! Həzrət Zəhra məhşər səhnəsinə zahiri batin, batini zahirindən aşkar olan qübbədə daxil olar. Bu qübbənin zahiri Allahın əfvi, batini mərhəmətidir. Xanım məhşər səhnəsinə daxil olanda başında tacla daxil olar. Bu tacı Allah onun başına qoyub. Bu tac ulduz kimi parlayar. 70 min mələk sağdan, 70 min mələk soldan xanımı müşayiət edər. Xanımın süvar olduğu dəvənin ipi bir şəxsin əlindədir ki, bu şəxs bütün aləmlərin mənəvi ruzi vasitəsidir. O bütün peyğəmbərlərə vəhy gətirmiş Cəbraildir. Xanımın miniyinin cilovunu o tutar. Məqsədimiz bu şəxsiyyətə yaxınlaşmaq, nəslimizi ona bənzətməkdir. Xanım Zəhra məhşər səhnəsinə daxil olanda behiştin qarşısında dayanar, içəri daxil olmaz. Allahdan nida gələr ki, nə üçün daxil olmursan? Xanım buyurar ki, nə qədər ki, mənim şiələrim gəlməyib, aşiqlərim gəlməyib behiştə daxil ola bilmərəm. Xanım elə bir şəfaət edər ki, bütün görənlər fatimilik, onun övladı olmağı arzu edər.
Qayıdaq günümüzə. Bu gün küçədə özünü xalqa göstərən qızlar və xanımların həzrət Zəhraya nə oxşarlığı var? Həzrət Zəhraya oxşamaq iftixardır, yoxsa liberal-demokratiya mədəniyyətinin üfunətli təfəkkürünə malik modellərə oxşamaq?!
Mədinədə bir qadın xanım Zəhranın görüşünə gəlir. Qadın deyir ki, onu əri göndərib və bilmək istəyir ki, o sizin şiələrdəndir, yoxsa yox? Xanım buyurur ki, əgər dediklərimizə əməl edirsə, qadağalarımıza tabe olursa, bizim şiələrdəndir, əks-təqdirdə yox! Xanımın sözünü ərinə çatdırından sonra kişi başına vurub ağlamağa başlayır. Deyir: “Bu sözdən belə çıxır ki, mən şiə deyiləm.” Az qalır kişinin ürəyi dayansın. Qadın xanım Zəhranın yanına qayıdıb ərinin vəziyyətindən danışır. Xanım Zəhra burada belə buyurur: “Gərək qan ağlaya!” Bir daha əvvəlki sözləri təkrarlayır. Bunu da qeyd edir ki, əgər bizi sevsə, aşiqlərimizdən olsa, Allah onu paklayandan sonra behiştə gedər. Xanım hansı sifətlərdən paklanmağı şərh etmir. Məlum olan budur ki, axirətdə insan odla paklanır. Oddan ayaqqabı geyir ki, beyninədək ərisin. Bu ən kiçik əzabdır.

Əbədi idealın xüsusiyyətləri

Həzrət Zəhra bəşəriyyət üçün əbədi nümunədir. Təbii ki, əbədi nümunənin xüsusiyyətləri olmalıdır. Bu xüsusiyyətlərdən biri elmdir. Çünki cahilə tabe olmaq düzgün deyil. Başqa bir xüsusiyyət ismət və paklıqdır. Günahkarın ardınca getmək olmaz. Başqa bir xüsusiyyət gözəllikdir. Gözəllik cazibə yaradır, insanı özünə çəkir. Növbəti xüsusiyyət duyğular, mərhəmət və sevgidir. Bu dörd dəyər baxımından həzrət Zəhra zirvə nöqtədədir.
İmam Sadiq (ə) həzrət Zəhranın elmi ilə iftixar edərək buyurur: “Həzrət Fatimənin müshəfi (kitabı) əlimizdədir. Buna görə hamı bizə möhtacdır. Bizim kimsəyə ehtiyacımız yoxdur. Xanımın isməti haqqında bunu deyə bilərik ki, onun isməti Peyğəmbər tərəfindən imzalanmışdır.” (ان الله یغضب لغضب فاطمه و یرضی لرضاها) Həzrət Peyğəmbər buyurur ki, dünyanın bütün gözəllikləri bir yerə toplansa və onun təcəssümü istənilsə, bu təcəssüm mənim övladım Zəhradır. Həzrət buyurur ki, Zəhra insan şəklində huridir. Xanımın şiələrlə mənəvi əlaqəsi elə bir həddədir ki, İmam Sadiq bir şəxsi günahdan çəkindirmək istəyəndə “belə etmə, anam Zəhra narahat olar”, buyurur. Həmin şəxs deyir ki, dünyasını çoxdan dəyişmiş xanım onun əməllərindən necə xəbər tutur? Cavaba diqqət yetirin. Bu, şiənin başına qoyulmuş iftixar tacıdır. İmam Sadiq (ə) buyurur: “And olsun Allaha! Gördüyünüz bütün işlər anama çatdırılır və ona çox ağırdır.” Nə üçün bəziləri cəmiyyətə diqqəti çəkəcək görkəmdə çıxır? Bu fitnə-fəsaddan, azğınlıqdan Allaha pənah aparıram. Muhəmməd, 31: “(Ey möminlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə məlum etmək) üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq. (Elə edəcəyik ki, Allahın sizin barənizdə əzəldən bildikləri – kimin həqiqi, kimin yalançı mömin olduğu zahirə çıxıb Onun bütün bəndələrinə bəlli olsun!)” Bəli, bütün xəbərlər yerinə çatır.

Nümunəyə çatmaq üçün hərəkət

Bəs həzrət Zəhranın hansı xüsusiyyətindən başlamalıyıq? Xülasə şəkildə üç nöqtəni nəzərinizə çatdırıram.
Biri iffət və həya, hicab, müxalif cinslə münasibətdə məhdudiyyətdir. Bu barədə nə desəm, xanım Zəhranın buyuruqlarına çatmayacaq. Dünya Onun sözü qabağında itaətsizlik göstərsə də vaxt gələcək ki, hamının başı daşa dəyəcək və xanım Zəhranın buyuruqlarına üz tutacaqlar.
İkinci nöqtə xanım Zəhranın sadəliyidir. Sadə həyat tərzi, dəbdəbəçilikdən uzaqlıq bu gün çox ehtiyac duyduğumuz xüsusiyyətdir.
Üçüncü xüsusiyyət vilayətin müdafiəsidir. Bu gün qərb tez-tez yeni nümunələr təqdim edir. Geyiminiz belə olsun, saçınız belə olsun, yerişiniz belə olsun, məclisləriniz belə olsun – deyirlər. Mübahisə bundadır ki, qadının şəxsiyyətində təyinedici nədir? Qərb qəti şəkildə ortaya qoyub ki, qadının şəxsiyyəti onun cazibəsindədir. Qadın soyunmaqla olsa belə diqqəti cəzb etməlidir!! Dinimiz bunu qəbul etmir. Xanım cazibə istəyirsə, hicaba diqqət yetirməlidir. Göz qarşısında olan, əl çatan heç bir şey cazibəli deyil. Libasını soyunan, həyasını çölə atan insan özünü dəyərdən salır. Həzrət buyurur ki, bu vəziyyətdə insan həyasını itirir, onda məlahət qalmır. Həyasını itirmiş qadın duzsuz xörək kimidir. Bu xanımın təbiridir. Gözəl təbirdir. Xörək nə qədər gözəl olsa, duzu olmayanda insanı çəkməz. Qərb üstümüzə hücuma keçib, hicaba aşağılayıcı adlar qoyurlar. Onu parçadan həbsxana adlandırırlar. Hicab həbsxanadır, yoxsa eşq kəməndi?! Allah öz qeyrəti ilə fahişəliyi haram buyurur. Çünki bəndəsinin qeyrətini çəkir. İstəmir ki, insan kiçilsin, ayaq altda qalsın. Əgər qadın izdivacsız, nikahsız cinsi həyata başlayarsa, onun şəxsiyyəti məhv olar. Qərb düşüncəli professorlar xarici şəbəkələrin təsiri altında mövzuya belə yanaşırlar ki, hazır süd almaq mümkünsə, nə üçün inək saxlayıb, bu qədər pul xərcləməli, əziyyət çəkməliyəm?! Pərvərdigara, bu bənzətmədən sənə pənah aparıram! İnsanın şəxsiyyətini bundan da aşağı necə salmaq olar?! Quldarlıq necə modernləşir! Müasir cahiliyyət tarixi cahiliyyəti necə ötüb keçir! Bizim qərblə fikir ayrılığımız bu mövzudan dolayıdır.
Əzizlərim! Ailə qurmaq üçün ləyaqətli, sağlam nəslin bünövrəsini qoya biləcək xanım seçin. Bu barədə gözəl məsəllər var. Deyirlər ki, nəsil ağacını hər yerdə əkməyin. Bəzən ailə qurmaq üçün elə bir qapıya gedirsiniz ki, nəslinizi zaya çıxarırsınız. Günaha batan qadın başa düşürmü ki, nəslinə necə zülm edir?! Nə üçün zinadan doğulanla şübhəli doğulmuş arasında fərq qoyulub? Nə üçün zinadan doğulan ali məqamlardan məhrum sayılır? Çünki zina Allah qarşısında qiyamdır. Bu səbəbdən müqəddəs şəriət zinadan doğulan insanı ali məqamlardan məhrum edir. Həyat yoldaşı seçəndə meyarınız nədir? Elə bir xanımla ailə qurun ki, körpəyə süd verəndə dəstəmaz alsın. Xanım namaz qılmırsa, dəstəmazdan danışmağa dəyməz. Bu xanımın dünyaya gətirdiyi körpəni cəmiyyətə layiq tərbiyə edə biləcəksinizmi?! Qadının məharəti övlad tərbiyəsindədir. Dünya malı toplamaqda yox. Xanım Fatimənin dünya qadınlarına tövsiyəsi analıq vəzifəsinin layiqincə icrasıdır.
Xanım Zəhraya bənzəmək istəyən qadın yadda saxlamalıdır ki, xanım necə dəfn olunacağından nigaran idi. O vəsiyyət etdi ki, cənazəsini gecə dəfn etsinlər və kimsə görməsin. Ona dedilər ki, cənazənin görünməsinin qarşısını alan tabut deyilən bir şey var. Xanım ölümündən qabaq tabut hazırladı. Bu gün günün günorta vaxtı ac canavarların ac gözləri qarşısına kamil hicabsız çıxan qadın həzrət Zəhranın vilayətindən xaric olmayıb?! Həm xanım Zəhranı istəyirsiniz, həm də ona layiq olmayan rəftarları. Əhzab, 3: ” Allah bir adamın sinəsində (daxilində) iki ürək yaratmamışdır…”Mənim bacım! Sənin geydiyin libasın dili var, danışır. Allah-Taala buyurur ki, sözü gözəl olan libas geyin. Allahın istəyi budur ki, əyninə geydiyin libasın cəmiyyətə sözü iffət olsun. İffətli libas qadını təcavüzdən qoruyur. Başqa libaslar baxanlarda pis fikir yaradır. Bu barədə Şəhriyar gözəl deyib: “Qadın öz geyimi ilə deyir ki, mən iffət və həya məmləkətinin sultanıyam…”İnşaallah, nəslimiz Fatimə nəsli olar!

İkinci xütbə…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button