Bakıda cəzaçəkmə müəssisəsində məhbus olan Ruhullah Axundzadədən şok açıqlama

15 saylı cəzaçəkmə müəssisəsində məhbus olan Ruhullah Axundzadə maraqlı açıqlama ilə çıxış edib. FaktXəbər-in məlumatına görə, R.Axundzadə bildirir ki, son 10 ildə ölkəmizdə vəhabiliyin geniş vüsət alması, hətta həbsxanalarda belə təbliğat aparması onu belə bir məktubu yazmağa məcbur edib. Məhbus yazır: “Vəhabilər təriqətindən asılı olmayaraq insani və əxlaqi dəyərləri məhdud olan şəxslərlə, o cümlədən narkoman, içki düşkünü və pozğun əxlaqlı insanlara maddi köməklik göstərməklə öz sıralarına cəlb edirlər.
Bu təriqətə təzə qoşulanlar zahirən vəhabi olduqlarını nümayiş etdirməsələr də, danışıqlarında özlərini biruzə verir.
Hazırda məhbuslara kompyuterdə bəzi oyunları oynamaq, yaxud filmlərə, o cümlədən porno filmlərə baxmağa icazə verilib. Bunun üçün disk və flaş kartlardan istifadə edilir.
Vəhabilər 1 saat üçün 1-2 manat ödəməklə təbliğatları yazılmış flaş kartları cəzaçəkmə müəssisəsinə keçirirlər. Onların arasında Qafqazdan, o cümlədən Azərbaycandan olan vəhabilərin Suriyadakı terrorçuların tərkibində döyüşlərdə iştirakı və ölümü ilə bağlı çəkilmiş kadrlara baxırlar. Buna baxandan sonra Suriyada ölən terrorçu vəhabilərə üçün ehsan verilir, həbsxana məscidində onlar üçün Quran oxunur və ölümləri təmtəraqla şəkildə qeyd edilir.
Bu isə yaxın gələcəkdə əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda radikal və xalqımızın əxlaqi və milli-mənəvi dəyərlərinə yad olan vəhabi cərəyanının kök atmasına şərait yarada bilər. Artıq statusundan asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşının – iqtidarın, müxalifətin, dindarın və qeyri-dindarın ölkəmizin gələcəyi barədə düşünmək vaxtı çatıb. Təcili tədbir gorülməlidir, çünki terrorizmin qurbanı hər bir kəs ola bilər.”