ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İsveçli deputat nazirə sorğu göndərib: “Qubad İbadoğlu üçün zaman tükənir, siz nə etmək fikrindəsiniz?”

İsveç parlamentinin deputatı Erik Hellsborn hazırda həbsdə olan iqtisadçı Qubad İbadoğlu ilə bağlı İsveç xarici işlər naziri Tobias Billströma sorğu ünvanlayıb.
Bu barədə “X” sosial şəbəkəsində də yazan deputat sual edib: “Qubad İbadoğlu üçün zaman tükənir, siz nə etmək fikrindəsiniz?”.
Erik Hellsbornun sorğusu Qubad İbadoğlunun azad olunması və son günlər səhhətinin kritik şəkildə pisləşməsi ilə bağlıdır.
O bildirir ki, ötən ilin iyulundan azərbaycanlı iqtisadçı, professor Qubad İbadoğlu çirkli pulların yuyulması ittihamı ilə həbsdə saxlanılır. “Amnesty International” onu vicdan məhbusu sayır, Avropa Parlamenti isə onun azad olunması ilə bağlı qətnamə qəbul edib.
Hələlik bu çağırışlar cavabsız qalıb:
“Üstəlik, repressiv Azərbaycan rejimi müxalif fikirli insanların təqib olunmasını gücləndirib. Sülh və Demokratiya İnstitutunun hesabatına görə, ölkədə siyasi məhbusların sayı bir ildə 2 dəfədən çox artıb”.
Deputat bildirib ki, Qubad İbadoğlu üçün zaman tükənir:
“Onunla görüşə icazə verilən yeganə kənar şəxs olan vəkili bildirib ki, professorun səhhəti çox pisləşib. Ona adekvat tibbi yardım göstərilmir, yalnız ən elementar ehtiyacları və bəzi dərmanlarla təmin olunur. İbadoğlunun ailəsi ehtiyat edir ki, əgər lazımi müalicə tədbirləri görülməsə, o, çox yaşaya bilməyəcək. Beynəlxalq aləm, o cümlədən İsveç Azərbaycanın repressiv rejiminə təzyiq etməli və göstərməlidir ki, insan hüquq və azadlıqlarının bu şəkildə pozulması yolverilməzdir”.
