ArxivXəbər lentiXəbərlər

“20 Yanvar bizim milli qürurumuzun bərpası günü idi”

Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 27 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sözügedən qanlı faciə ilə əlaqədar bu gün “İslamınsəsi” portalı “20 Yanvar şəhidləri – Dünən, bu gün və sabah” mövzusunda elmi-praktik konfransı keçirilib. Tədbirdə Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev, QAT sədri Akif Nağı, ilahiyyatçı alim Əfqan Muradov, politoloq Zərdüşt Əlizadə və digər şəxslər çıxış edərək, 20 Yanvar faciəsinin mahiyyətindən danışıblar.
İlk olaraq çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyevbildirdi ki, İslam peyğəmbəri ən şərəfli ölümün şəhadət ölümü olduğunu deyib: “İslam kitablarında şəhadət barədə geniş danışılıb. Bunun səbəbi də odur ki, insan öz şərəfini şəhadətlə hifz eləyib saxlaya bilər. Şəhidi Allah-təala ölməz bir həqiqət və varlıq kimi tanıtdırıb. Buyurur ki, “şəhidi siz ölü hesab etməyin, şəhid sağdır, diridir. Nə qədər ki, bu dünya var, şəhid yaşayacaq.” Niyə şəhid dünyada bu cür əbədiləşib? Çünki şəhid insan və insaniyyət üçün, onun azadlığı və istiqlaliyyəti üçün öz canından və qanından keçib, keçməyə hazır olub. İnsana dünyada ən əziz varlıq insanın özü və canıdır. Bir insan ki, öz həyatını, canını, qanını ətrafındakıların, ondan sonra gələnlərin azadlığı, azad düşüncəsi üçün qurban verirsə, onun məqamı da bu cür olmalıdır. Quran ayəsində də buyurulur ki, hər kəs bir insanı yaşatsa, elə bil bütün insaniyyəti yaşadıb. Şəhid də məhz bu cür istiqamət götürür. Nə qədər ki, insan yaşayır, şəhid və onun məqamı da yaşamalıdır, daim şəhidlər yad edilməli və uca tutulmalıdır. 20 Yanvar hadisəsi nə qədər qanlı olsa da, bir qədər də fərəhlənməliyik. Bir gözümüz yaşlı olsa da, bir gözümüz sevinc dolu həyata, gələcəyə böyük ümidlə baxırıq. Ona görə baxırıq ki, Azərbaycanda bu cür şərəfli yolu gedənlər olub və olacaq. Ötən il aprel ayında baş verən hadisələr də bir daha göstərdi ki, bu yolu gedən oğullarımız hələ də var. Bu, hər bir vətəndaşın başının ucalığıdır. Yeni nəsillərimizə də bu yol aşınmalıdır. Hər bir Azərbaycan vətəndaşı bunu düşünməlidir ki, məqamı gələndə öz canı ilə vətənini azad etməlidir.”
“20 Yanvar Azərbaycanda İmam Hüseyn məktəbini 70 ildən sonra açılışı idi. Azərbaycanın qədirbilən, ləyaqətli xalqı vətəni uğrunda canını fəda etdi”, – deyən Nardaran ağsaqqalı Hacıağa Nuri də çıxışında bildirdi ki, 20 Yanvar faciəsi ilə Rusiya İmperiyasının bütün siması Azərbaycanda yırtıldı: “Həmin şəhadət ruhiyyəsi bu gün Azərbaycanda davam etdirilir. Gərək şəhadət ruhiyyəsi bir qədər də təbliğ oluna ki, xalq səfərbər olub, öz torpağını işğaldan xilas edə. Bu il Azərbaycanda İslam Həmrəyliyi İli elan olunub. Ümidvaram ki, dövlət başçısı bu Həmrəylik İlində zindanda olan İslam alimlərini azad edər və bununla bütün dünyaya həmrəylik nümunəsi göstərərik. Bizim bu gün birliyə, vəhdətə ehtiyacımız var.”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qeyd etdi ki, Azərbaycan müharibə ərəfəsindədir və torpaqların işğaldan azad edilməsi, ancaq müharibə yolu ilə ola bilər: “Ötən illərdə gedən proseslər bu tezisi bir daha təsdiq etdi. Bu yolda hər bir azərbaycanlının fədakarlığına, ölümə getməsinə, şəhidliyə getməsinə hazır olmasına ehtiyac var. 20 Yanvar özü də bir məktəbdir. 20 Yanvara heç kəs faciə kimi baxmamalıdır. Bu, Azərbaycan tarixində ən şanlı səhifələrdən biridir. Millət öz maraqları yolunda bir araya gəlməyə hazır olduğunu göstərdi. Millət milli maraqları yolunda şəhid olmağa hazır olduğunu göstərdi. Yalın əllə ölümün üstünə getməyə hazır olduğunu göstərdi. Çox az-az millətlərdə bu cür xüsusiyyət var. Şəhidlərin dəfni günü də 1 milyondan çox insan meydanlara çıxaraq bütün dünyaya, imperiyaya göstərdi ki, axşam edilən qırğın millətin iradəsini sındıra bilməyib. Göstərdi ki, millət imperiyadan qorxmur. 20 Yanvar hadisəsi qədər bu hadisə də mühüm idi ki, xalqın sınmadığı, milli qüruru göründü. 20 Yanvar bizim milli qürurumuzun bərpası günü idi.”
Politoloq Zərdüşt Əlizadə 20 Yanvar hadisələri ilə bağlı danışarkən bunun azadlıq naminə olduğunu və küçələrə çıxan insanların şəhid olduğunu söylədi: “Amma mən sual edirəm, biz indi azadıqmı? Azadlığın 2 cinahı var: milli azadlıq və ictimai azadlıq. Deyə bilərik ki, Azərbaycan müstəqil dövlətdir və biz milli azadlığa nail olmuşuq. Amma bizə Qarabağımızı ermənilərdən və ya ruslardan almağa icazə verirmi beynəlxalq aləm? O gün Lavrov dedi: “Qarabağ Azərbaycanın daxili məsələsi deyil.” Demək, biz milli azadlığa hələ tam şəkildə çatmamışıq. İctimai azadlıqdan isə söhbət gedə bilməz.”
Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri Növrəstə İbrahimova çıxışında vurğuladı ki, bu gün 20 Yanvar dairəsi adlanan ərazidə Azərbaycan xalqının qəhrəman övladları öz canlarını qurban verərək həm xalqını kədərləndirdi, həm də qan bayramı ilə bizim adımızı da tarixə yazdılar: “Bizim bugünkü mövzumuzun adı dünən, bu gün, sabahdırsa, biz dünənimizi bilirik, bu xəyanət haradandır deyə, bu günümüzü də yaşayırıq, görürük, dərk edirik və sabahımızı da öz əlimizdə bərk saxlamalıyıq. Sabahımız şəhidlərimizin bizə qan bayramında verdiyi əmanətdir. Azərbaycan xalqı qədimdən əzəmətli, şücaətli, dininə, mədəniyyətinə, milli dəyərliyinə, mənliyinə hər zaman dəyər veriblər. Məhz buna görə də, qanlı caynaqlarını üstümüzə açanlara cavab veriblər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button