ArxivXəbər lentiXəbərlər
2018-ci ildə Qarabağ danışıqlarında nələr baş verdi?

İcmalçılar fərqli ilin yaşandığı fikrindədirlər
Başa çatmaqda olan 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanla Ermənistan arasında aparılan danışıqların özündə ciddi irəliləyiş olmasa da, danışıqlar ətrafında fəal proseslər gedib.
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra tərəflər arasında müxtəlif səviyyələrdə danışıqlar aparılıb və onların nəticələrinə dair pozitiv bəyanatlar verilib.
Bölgənin gələcək statusu indikindən tamamilə fərqli olmalıdır
2018-ci ildə danışıqlar prosesinin nəticələri barədə Meydan TV-ə danışan siyasi icmalçı İlqar Vəlizadə xatırladıb ki, bu il son 25 illik tarixdən baxdıqda Dağlıq Qarabağ ermənilərinin də danışıq masasında oturması təklifi gündəmə gəldi.
“Köçəryan və Sarkisyan hakimiyyətləri bu təkliflə çıxış etmirdilər. Rəsmi Bakı da Azərbaycan icmasının danışıqlar masasında iştirakına işarə vurdu. Buna misal kimi xarici işlər naziri Elmar Məmmədyarovun sonuncu müsahibəsini göstərmək olar. Ermənistan Bakının bu cavabını rədd etmədi”.
Onun fikrincə, çox güman ki, Baş nazir Nikol Paşinyan bu məsələyə fərqli yanaşır.
O xatırladıb ki, bu həftə Rusiya xarici işlər naziri Sergey Lavrov və onun mətbuat katibi Zaxarova danışıqlar prosesində hansısa kreativliyin mövcud olmasından danışdılar. “Bəlkə də kreativ ideya icmalarla bağlıdır”, – icmalçı deyib.
İlqar Vəlizadə
İcmaların danışıqlar prosesinə qatılmasından Azərbaycanın siyasi qazancına gəlincə, İlqar Vəlizadə bildirib ki, məsələ Dağlıq Qarabağ müstəvisinə keçir.
“Bölgənin gələcək statusunu kimsə müəyyənləşdirməlidir. Ermənistan tərəfi bu barədə müzakirələrdə icmalarını göstərir, bundan sonra Azərbaycan tərəfi də öz icmasını önə verib deyəcək ki, bunlar olmadan statusu müəyyənləşdirmək mümkünsüzdür”.
O hesab edir ki, ümumiyyətlə, bölgənin gələcək statusu indikindən tamamilə fərqli olmalıdır və statusun müəyyənləşməsində azərbaycanlıların iştirakı mütləqdir. İlqar Vəlizadənin sözlərinə görə, ehtimalların biri odur ki, status müəyyənləşəndən sonra Dağlıq Qarabağ vilayətinin rəhbərliyi rotasiya şəklində dəyişməlidir.
Paşinyan müharibə hərbi etməyəcəyi jestini göstərdi
ReAL İdarə Heyətinin üzvü Erkin Qədirli bu ilin diqqətin daha çox Ermənistandakı siyasi dəyişikliklərə yönəlməsi ilə yadda qalacağı qənaətindədir:
“Azərbaycan üçün yaxşı hal odur ki, müharibə cinayətlərində iştirakı olan Serj Sarkisyan hakimiyyətdən uzaqlaşdırıldı, Robert Köçəryan isə həbs olundu. Onu başqa səbəbə görə həbs etsələr belə, müsbətdir. Çünki bu adamlarla bir masa arxasında oturmaq Azərbaycan üçün aşağılayıcı idi”.
E.Qədirlinin fikrincı, əgər Paşinyan seçki öncəsi vədlərini gerçəkləşdirsə, o zaman Ermənistanın siyasi elitasından “qarabağlıların” uzaqlaşdıracaq ki, bu da bizim xeyrimizədir.
“Bu yöndə addım atıldı, ardınca gərginlik yaşandı. Amma Paşinyan oğlunu Qarabağa hərbi xidmətə göndərdi. Bu amil müxtəlif cür yozulsa da, məncə, siyasi girovluqdur. Orta əsrlərdə şahlar övladlarını qonşu ölkələrə girov göndərirdilər ki, hücum etməyəcəyi mesajı kimi anlaşılsın. Paşinyan da bununla müharibə hərbi etməyəcəyi jestini göstərdi”.
O qeyd edib ki, eyni zamanda, Dağlıq Qarabağda hərbi nazir dəyişdirildi, həmin ərəfədə korrupsiya cinayətlərində əli olan hərbçilər həbs olundu, sonra girov müqabilində sərbəst buraxıldılar.
“Yaxud sabiq prezident Sarkisyanın vəzifədən uzaqlaşdırdığı hərbi kəşfiyyatın rəisi Karapetyanı Baş nazir özünə müşavir təyin etdi. Qəribə sayılacaq qərardır və Ermənistanda çox şübhəylə yanaşıldı”.
Erkin Qədirli
E.Qədirli hesab edir ki, iki ölkə münasibətlərinin tam mənzərəsinin görünməsi üçün Baş nazir Paşinyanın növbəti addımlarını gözləmək lazımdır.
“Aydın olan odur ki, Paşinyan nə qədər qərbyönümlü bəyanatlar versə də, Ermənistanın Rusiyadan qopa bilmir. Çünki ortada kobud gerçəklik var. Ölkənin sərhədlərini Rusiya qoruyur, iqtisadiyyatın əsas aktivləri şimal ölkənin dövlət şirkətlərinin mülkiyyətindədir, Qarabağı Ermənistanın işğalı altında saxlayan da Rusiyadır. Belə bir durumda Ermənistan Rusiyanın icazə verdiyi qədər müstəqildir”.
ReAL-çı son günlərdə Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbərliyinin dəyişdirilməsinin də sıradan bir hadisə olmadığını düşünür:
“İcmanın rəhbərliyinə diplomat Tural Gəncəliyev gətirildi. Həm də dövlət başçısı İlham Əliyev sülh mesajları verir, amma Sarkisyanın hakimiyyəti zamanı müharibə ritorikası çox sərt idi. Məncə, Əliyev ağıllı davranış sərgiləyir, gözləmə mövqeyində dayanır. Çünki parlament Paşinyanın nəzarətində olsa da, mənzərə tam aydın deyil. Qarabağ klanı hələ hakimiyyətdən uzaqlaşdırılmayıb, mafioz Tsarukyan yerindədir, korrupsiya problemi qalır. Paşinyan da onunla ehtiyatla davranır”.
E.Qədirli digər tərəfdən vurğulayıb ki, Dağlıq Qarabağın rəhbəri Bako Saakyan daha çox Moskvadan asılıdır, nəinki Yerevandan. Onun fikrincə bu mənada Saakyanın nə dərəcədə Paşinyanın sözünə baxacağı, bilinmir.
Paşinyanın əvvəlki hakimiyyətdən daha realistik olacağı gözləntisi var