Mühəqqiq Ərdəbili Universitetinin professoru: “İran Ermənistanın Qarabağı işğal etməsinə daim etiraz edib. Biz bu işğalı həmişə tənqid etmişik və bu etirazlar həm nəzəri, həm də əməli şəkildə elan edilib.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbildə “Qarabağ münaqişəsi; zəminələr, səbəblər və nəticələr” konfransına 3-cü hazırlıq toplantısı keçirilib və Qarabağ münaqişəsində transregional oyunçuların rolu araşdırılıb. Toplantıda çıxış edən doktor Mürtəza İbrahimi Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğunu vurğulayaraq deyib: “Biz Azərbaycanda, hətta digər qonşu ölkələrdə baş verən hadisələrə laqeyd qala bilmərik. Xüsusilə də qonşu ölkədəki bu hadisələr işğalçılıq mövzusunda baş verirsə.”
Qarabağın Azərbaycan Respublikası torpaqlarının bir hissəsi olaraq, 20 ildən çox işğal altında qaldığını deyən M. İbrahimi bildirib: “İran Ermənistanın Qarabağı işğal etməsinə daim etiraz edib. Biz bu işğalı həmişə tənqid etmişik və bu etirazlar həm nəzəri, həm də əməli şəkildə elan edilib.”
Professor çıxışının davamında deyib: “Azərbaycan Respublikasının taleyini öz taleyimiz bilirik və bu arada məqsəd və planları bölgədə təfriqə yaratmaq olan bəzi ölkələrin hədəflərinə qarşı ayıq-sayıq olmalıyıq.”