Qarabağda rus qoşunları var?

NATO Parlament Assambleyasının Tiflisdə keçirilən yaz sessiyası zamanı Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri naziri Ketevan Tsixelaşvili postsovet məkanındakı bütün münaqişə zonalarında Rusiya qoşunlarının olduğunu bildirib. Nazir çıxışında Şərq Tərəfaşlığı ölkələrinin ərazilərindəki bütün münaqişələrin arxasında Rusiyanın dayandığını deyib.
Virtualaz.org xəbər verir ki, bu məlumatı Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Edmon Manukyan İrəvanda keçirilən brifinqdə açıqlayıb. Bu gün təşkil edilən brifinq Ermənistan nümayəndə heyətinin Assambleyanın sessiyasında iştirakına həsr olunmuşdu.
“Mən nazirə dedim ki, bütün münaqişələri ümumiləşdirməsin. Qeyd etdim ki, Qarabağ münaqişəsi Cənubi Osetiya, Abxaziya, Dnestrtanı, Krım, Donbass münaqişələrindən fərqlənir və bu münaqişəyə Rusiya qüvvələri qarışmayıb”-Manukyan bildirib.
“Qarabağ münaqişəsi zonasında Rusiya qoşunları yerləşdirilməyib və ümumiləşdirmək lazım deyil”-erməni deputat gürcü nazirə cavab olaraq əlavə edib.
Edmon Manukyan
Manukyanın bildirdiyinə görə gürcü nazir bununla razılaşmayıb, deyib ki, Rusiya postsovet məkanındakı bütün münaqişələrə müxtəlif formatlarda qarışıb. Britaniya nümayəndə heyətinin üzvlərindən biri isə polemikaya müdaxilə edərək xatırladıb ki, Rusiya qoşunları Ermənistanda dislokasiya olunub və Qarabağ münaqişəsinə dəxli var.
“Mən cavab verdim ki, Ermənistanda Rusiya bazası yerləşdirilib və onun Qarabağ münaqişəsinə aidiyyatı yoxdur”-Manukyan Tiflisdəki polemikalar barədə danışarkən bildirib.
Virtualaz.org