Siyasi məhbus Əhsən Nuruzadənin 3-cü dəfə yerini dəyişdilər

Bu barədə vetenugrunda.az-a onun ailəsi məlumat verib: “Əhsənə ora təzə gələn Gəncə məhbuslarına diqqət göstərdiyinə görə bir-neçə dəfə rəhbərlik tərəfindən xəbərdarlıq edilib. Sentyabrın 22-də Əhsənlə yanaşı bir-neçə məhbusu rəhbəlik qəbul edib. Sonra onlar yerlərinə qayıtsa da, Əhsəni “kars”a salıblar. Səbəbini də deməyiblər.
Bu gün Əhsən evə zəng etdi və dedi ki, o, artıq 17 saylı Cəzaçəkmə Müəssisəsindədir. Əhsəni 8 aydan çoxdur saxlandığı yerdən köçürmələrinin səbəbini açıqlamayıblar”.
Qeyd edək ki, Əhsən Nuruzadə 6 saylı Cəzaçəkmə Müəssisəinə 13 saylı Cəzaçəkmə Müəssiəsindən köçürülmüşdü. Onu bu gün həbsi müddətində 3-cü dəfə yerdəyişməyə məcbur ediblər.
YADDAŞ
İnanclı məhbus Əhsən Nuruzadə 2017-ci il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. O CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham olunub. Bu isə 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.Ə.Nuruzadənin üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.
2018-ci il martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Əhsən Nuruzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə zamanı o, cibinə narkotiki polislərin atdığını bildirib: “Narkotiki mənim sağ cibimə atıblar. Mən solaxayam. Ona görə dedim ki, polislər gələn dəfə narkotiki atanda bunu nəzərə alsınlar”.
Dindar fəal ittihamları rədd edir. Bildirir ki, həmin idarənin əməkdaşları bundan öncə onu iki dəfə həbs edərək, Taleh Bağırzadənin müdafiəsindən və Müsəlman Birliyi Hərəkatından uzaqlaşmağı, mitinqlərdə iştirak etməməyi tələb ediblər. Əks əks halda, uzunmüddətli həbsə göndəriləcəyi haqda xəbərdarlıq ediblər.
2018-ci ilin 8 avqustunda Bakı Apellyasiya Məhkəməsi Müsəlman Birliyi Hərəkatının koordinatoru Əhsən Nuruzadənin külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxlayıb.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında vəkil Fariz Namazlı müttəhimin təqsirsiz olduğunu bildirib. O, Ə.Nuruzadənin saxlanması zamanı qanun pozuntusuna yol verildiyini deyib.
Ə.Nuruzadə Bakıda Səməd Vurğun parkının yanında taksidən düşərkən saxlanılıb. Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparıblar. Bu müddətdə polisin nəzarətində olub.
F.Namazlı xatırladıb ki, Ə.Nuruzadə ictimai fəaliyyətlə məşğul olub, dini fəalların, o cümlədən Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadənin həbsi və məhkəmə prosesləri barədə məlumatlar dərc edib. Məhz belə fəaliyyətə görə onu əvvəllər də iki dəfə BMCMİ əməkdaşları saxlayıblar. Onların təqdimatı əsasında Ə.Nuruzadə inzibati həbsə məruz qalıb.
Ə.Nuruzadə 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs edilən dini fəalların hüquqi və ictimai müdafiəsinin koordinasiyası ilə məşğul olub. O, yerli və beynəlxalq hüquq təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.