İran XİN sözçüsü Tehran-Bakı əlaqələrinin inkişaf halında olduğunu dedi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat brifinqində, Səhər kanalı müxbirinə verdiyi eksklüziv müsahibədə Tehran-Bakı əlaqələrinin son dərəcə yaxşı və inkişaf halında olduğunu bildirib və deyib: Başa çatmaqda olan il, Tehran-Bakı münasibətləri baxımından heç şübhəsiz ki, yadda qalan il olacaq. Çünki, iki ölkə rəsmiləri arasında ən çox gediş-gəlişin, görüşlərin və məsləhətləşmələrin şahidi olub. Mərziyyə Əfxəm əlavə edib: İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün siyasi iradə və əzmkarlığın olmasından xəbər verir. Ötən illər ilə müqayisədə İran-Azərbaycan əlaqələri heç vaxt bu qədər yaxşı və yaxın əməkdaşlıq baxışlarına malik olmayıb. İki ölkə qarşılıqlı münasibətlərdə yeni dövrə start verdiyi kimi, ümidvarıq ki, ikitərəfli məsələlər, habelə regional və beynəlxalq mövzularda mövcud potensiallardan maksimum səviyyədə istifadə etsin. Xüsusilə terrorizm və ifratçılıq ilə mübarizə sahəsində öz güclərini birləşdirməklə bu sahədə aparılan işlərin uğurla nəticələnməsinə kömək etmiş olsunlar. Mərziyyə Əfxəm sonda İran və Azərbaycan arasında zəngin və dərin tarixi və mədəni bağların olduğunu xatırladıb və qarşıdan gələn Novruz bayramı münasibətilə Azərbaycan xalqı və dövlətini təbrik edib və deyib: Novruz ənənəsi İran və Azərbaycan arasında ən qədim və güclü bağlardan biridir. Bu kimi bağlar hər iki ölkə rəsmiləri və xalqları üçün son dərəcə dəyərli sərmayə hesab olunur və bu sərmayədən istifadə edərək, iki ölkə arasında səmimi və güclü əlaqələr qura bilərik. İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya olan son səfərini son dərəcə faydalı adlandırıb və deyib: Cənab Zərif özü ilə Azərbaycana dostluq müraciətini aparmış və özü ilə Azərbaycandan sovqat olaraq dostluq və qardaşlıq müraciətini gətirmiş oldu. Şübhəsiz, bu qarşılıqlı səfərlər davam edəcək. Və son dərəcə sevindirici haldır ki, Tehran-Bakı əlaqələri bütün sahələrdə müsbət və yaxşılığa doğru olan dəyişikliklərin şahididir.