Səfir: İran yaxın gələcəkdə TANAP-a qoşula bilər

İran İslam Respublikası dünyanın ən iri qaz ehtiyatlarına malik ikinci ölkə kimi TransAnadolu Boru Kəməri (TANAP) layihəsi üçün mənbə ola bilər. FaktXəbər-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran KİV-ə müsahibəsində deyib.
Təbii qazının nəql edilməsi ilə bağlı İranın Avropadan təklif aldığına işarə edən səfir bildirib ki, bu təkliflər hazırda iranlı mütəxəssislər tərəfindən araşdırılır: “Avropalılar öz qaz təminatçılarının çeşidini artırmağa çalışır. İran da müxtəlif layihələri gerçəkləşdirməklə Avropanın qaza olan tələbatını təmin etməkdə maraqlıdır”.
İranlı diplomat İran-Azərbaycan əlaqələrinin perspektivi barədə də danışıb: “Hazırda iki ölkə arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Neft və təbii qaz layihələri istiqamətində əlaqələrimiz əməkdaşlıq etdiyimiz sahələrdən biridir”.
O, İranın yaxın gələcəkdə TANAP-a qoşulması ehtimalı haqda bunları deyib: “Bu və başqa layihələr üçün İran yaxşı mənbədir”.
Rəsmi Tehran təmsilçisi Astara-Rəşt-Qəzvin dəmir yolu xəttinin Qəzvin-Astara hissəsində yekunlaşdırma işlərinin getdiyini, bu ilin sonunadək bu istiqamətdə işlərin başa çatacağını söyləyib: “Rəşt-Astara dəmir yolunun çəkilməsi və tərəflərin iştirakı ilə bağlı Bakı, Tehran və Moskva arasında danışıqlar gedir”.