Azərbaycanın görkəmli ruhanisi, qazi Hacı Əhməd Abbasov dünyasını dəyişib. Bu barədə mərhumun yaxın qohumu ilahiyyatçı Hacı Əlizaman Əliyev məlumat verib. O bildirib ki, axund Hacı Əhməd Abbasovun səhhəti bu gün səhər saatlarından pisləşməyə başlayıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Hacı Əhməd Abbasov bir neçə saat bundan əvvəl ömrünün 73 yaşında haqqın dərgahına qovuşub. Qeyd edək ki, mərhum sabah saat 11 radələrində Bakının Buzovna qəsəbəsində torpağa tapşırılacaq. Xatırladaq ki, qazi Hacı Əhməd Abbasov ömrünün son anlarına qədər Təzə Pir məscidinin axundu kimi fəaliyyət göstərirdi. O, 1942-ci il sentyabrın 21-də Masallı rayonunun Babaser kəndində dünyaya gəlib. Dövrünün nüfuzlu din xadimlərindən sayılan Şeyx Qüdrətullahın ailəsində böyüməsi onun gələcək həyatının formalaşmasında böyük rol oynayıb. Dini təhsilini davam etdirmək üçün Özbəkistana getməsi, Buxara və Daşkənddə tanınmış alimlərdən dərs alması Hacı Əhmədin ruhani kimi yetişməsində mühüm rol oynayıb. O, imtahanları uğurla verib Buxaradakı “Mir Ərəb” mədrəsəsinə qəbul olub. 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinə daxil olub. Həmin zamanlar Daşkənd İslam Universiteti sovetlər birliyində ali dini təhsil verən yeganə tədris müəssisəsi idi. Orada çox böyük ustadlardan dərs alıb. Təhsilini bitirəndən sonra Azərbaycana qayıdan Hacı Əhməd biliyini gənclərə öyrətməklə, ölkəmizdə ruhani kadrların hazırlamasında böyük əmək sərf edib. İlk əvvəl 3 ay Maştağa məscidində axund köməkçisi vəzifəsində çalışıb. 3 aydan sonra Buzovna məscidinə axund kimi göndərilib. Elə bu zamanlardan başlayaraq tələbələr hazırlamağa başlayıb. O, Bakı İslam Universitetinin yaradıcılarından biridir. 17 il BİU-də müəllim kimi fəaliyyət göstərib. Elə müəllim olduğu dönəmdə Təzə Pir məscidinə axund təyin edilir. Hacı Əhməd tanınmış din xadimi kimi bir çox beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edən görkəmli şəxsiyyətlərdən biri olub. O, 1980-cı ildə Dehlidə keçirilən konfrans zamanı Hindistanın keçmiş baş naziri, tanınmış siyasətçi İndira Qandi ilə görüşüb.