ArxivXəbər lentiXəbərlər

“Qaçqınlar məhəlləsi”nin sakini: “Balalarım evdə soyuqdan üşüyür” – FOTOLAR

Məcburi köçkünlük vəziyyəti artıq 20 ildən artıqdır ki, Azərbaycanda davam edir. Bununla yanaşı, qaçqınların yaşam tərzlərində olan problemlər də azalmır. Onların kommunal problemləri, yaşayış durumları, məskunlaşma problemləri hələ də tam həll edilməyib.

Qaçqınların əsasən məskunlaşdığı yerlər yataqxanalar olur. Hansı ki, o yataqxanalar illərdir ki, baxımsız durumda qalıblar. Ən azı ildə bir dəfə yüngül də olsa, təmir edilməyən yataqxanalar, yararsız hala düşüblər. Lakin həmin binalarda hələ də yüzlərlə ailə yaşayır.

Bu gün musavat.com saytı olaraq, belə vəziyyətdə yaşayan vətəndaşlarımızdan bəhs edəcəyik.

Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlər 20 ildən artıqdır ki, acınacaqlı vəziyyətdə yaşayırlar. Hər kəs oranı “qaçqınlar məhəlləsi” adı ilə tanıyır. Əslində isə bura Azərbaycan Texniki Universitetinin 1 saylı yataqxanasıdır.

Bəhs etdiyimiz yerlə bağlı daha əvvəl də yazmışdıq. Burada yaşayan yüzlərlə ailənin problemini aidiyyəti qurumlara çatdırmağa çalışmışdıq. Lakin hələ də dəyişən bir şey yoxdur. Problemlər və o problemləri həll etməyən şəxslər olduğu kimi yerində qalır.

Misal üçün yataqxanaya illərdir ki, qaz verilmir. Burada məskunlaşan qaçqın və məcbur köçkünlər soyuq qış aylarında əziyyət çəkirlər. Mətbəxdə yemək bişirməkdən tutmuş, otağın isinməsinə kimi hər şey elektrik enerjisi hesabına həll edilir. Bu da gərginliyin artmasına və onsuz da köhnə olan elektrik naqillərinin tez-tez sıradan çıxmasına səbəb olur.

Bina sakinləri diqqətsizlikdən şikayət edirlər: “Bizim yataqxanaya ümumiyyətlə, qaz çəkilməyib. Ona görə də, hər ehtiyacda elektrik enerjisindən istifadə edirik. Havalar soyuyur. Bu il qış daha da kəskin keçəcək. Deməli, biz yenə əziyyət çəkəcəyik. Divarlar nəm olduğu üçün otaqlar ikiqat soyuq olur. Bunun qarşısını almaq üçün elektrik sobalarından istifadə edirik. Amma bunun da faydası az olur. Otaqlar yaxşı qızmır, uşaqlar üşüyür. Tez-tez xəstələnirlər. Bu dövrdə həkimə, dərmana pul vermək asandırmı? Elə ailə var ki, 4 nəfərdən ibarətdir. Ailədə sadəcə, bir nəfər işləyir. Onun aldığı pulla güclə dolanırlar. Dava-dərmana pul verməyə gücü çatmır.

Ötən gün internetdən oxudum ki, ölkəmiz Gürcüstandakı erməni kilsələrinə pulsuz qaz verirmiş. O ermənilər bizi torpaqlarımızdan didərgin salıblar. Biz burada illərdir ki, qaz üzü görməmişik. Onlara isə bizim ölkəmiz pulsuz qaz verir. Adama pis təsir edir. Mənim evdə balalarım soyuqdan üşüyür, ermənilər kilsədə bizim qazımızın sayəsində isti yerdə ibadət edirlər”.

Bina illərdir ki, təmir edilmir. Bəlkə təmir edilsə belə, heç bir faydası olmayacaq.

Sakinlər də eyni şəkildə düşünürlər: “Divarlar çat verib. Otaqlar darısqaldır. Elektrik naqillərinin üstü açıq, kanalizasiya xəttləri bərbaddır. Zibillər də həyətə atılır. Bir sözlə desək, biabırçı durumda yaşayırıq. Bu yataqxana artıq təmir ediləsi halda deyil. Bizi buradan normal bir yerə köçürmək lazımdır. Amma köçürmürlər. “Qaçqınkom” (Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi) söz verir ki, bizi köçürəcəklər. Lakin nə yeri, nə də zamanı bilinmir. Verilən sözlərin üzərindən illər keçib. Amma hələ də burada yaşayırıq. Əgər buna yaşamaq demək olarsa…”

Bizə düşən vətəndaşlarımızın problemini işıqlandırmaqdır. Biz üzərimizə düşən borcu yerinə yetirdik. İndi isə sıra aidiyyət qurumlardadır. Öz vəzifə borclarını yerinə yetirsinlər. Sakinlərin problemlərini dinləsinlər və sadəcə, dinləməklə qalmayıb, həll etməyə də çalışsınlar.








Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button