ArxivXəbər lentiXəbərlər
AİP-in növbəti baş məclisi keçirilib

Bu gün Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin toplantısı keçirilib. Baş Məclisin gündəliyində müxtəlif məsələlər səsləndirilib. Partiyanın gündəliyində sonuncu Baş Məclisdən ötən müddət ərzində AİP-in fəaliyyəti, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr, ölkədə və beynəlxalq aləmdəki ictimai-siyasi vəziyyət, həbsdə olan siyasi məhbusların problemləri və digər məsələlər olub.
Tədbir ilk öncə Allah kəlamının oxunuşu və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıldı.
Partiyanın Baş Məclisində ilk öncə çıxış üçün söz AİP-in sədr əvəzi Hacı İlham Əliyevə verildi. Sədr əvəzi öncə partiyanın baş məclisinə toplaşan hər kəsi salamladı və təşrif buyuran AİP funksionerlərinə, komitə sədrlərinə təşəkkürünü bildirdi.
Həbsdə olan AİP lideri Mövsüm Səmədovun hər kəsə salam göndərdiyini qeyd edən Hacı İlham Əliyev, Doktor Səmədovun səhhətinin yaxşı olduğunu qeyd etdi. Bundan sonra ilahiyyatçı alim İmam Sadiq(ə)-in şəhadət günündən, o Həzrətin(ə) şəxsiyyətindən və keçdiyi həyat yolundan danışdı.
“Bildiyiniz kimi bu gün İmam Sadiqin (ə) şəhadət günüdür. Bütün Əhli-beyt məktəbinin davamçılarına, Azərbaycan xalqına, o cümlədən məclis əhlinə başsağlığı ərz edirəm. İmam Sadiq(ə)-ın atası İmam Baqir (ə), anası Ümmi-Fərvə olub. İmam Sadiq (ə) öz kəlamlarında anasının təqvalı, imanlı, fəzilətli bir xanım olaraq yad edib. Ağa 65 il dünyada yaşayıb və 34 il imamət məqamında olub. Bu müddətdə zamanın 7 hakiminin dövründə yaşayıb.
Hakimlərin 5-i bəni-Üməyyə, 2-si isə Bəni-Abbasilər sülaləsindən olub. O, Həzrətin(ə) həyatı iki böyük sülalənin qarşı-qarşıya gəldiyi bir dövrə təsadüf edib. İctimai-siyasi məsələlərin gərgin olduğu bir vaxtda ömür yaşayıb. Təxminən 90-92 il bəni-Üməyya sülaləsinin hakimiyyəti imam Sadiqin(ə) ömür etdiyi dövrdə bəni-Abbasilər tərəfindən zəiflədildi. Şiələrin qanı bahasına yaranan sülalə çökdü. İki sülalə arasında hakimiyyət davası baş verdikdə İmam Sadiq (ə) bundan istifadə edərək İslamı düzgün, olduğu kimi cəmiyyətə təqdim edə bildi. 4 minə yaxın tələbəsi olub və müxtəlif sahələrdə, dünyəvi elmlərdə belə imam Sadiq(ə) tələbə yetişdirə bildi. İmamın həyatında diqqət çəkən məqamlardan biri həmin dövrün siyasi səhnəsində onun necə hərəkət etməsi ilə bağlıdır. Bəni Abbasilər, Bəni-Üməyya sülaləsini devirmək istədikdə onların şüarı, iddiası o olub ki, xilafət peyğəmbər və ali peyğəmbərindir(s.ə). Onlardan başqası hakimiyyətdə olmaq hüququna malik deyil. Abbasilər Əhli-Beytin(ə) adı ilə hakimiyyətə gəliblər. Bu sülalənin daşıyıcıları peyğəmbərə qohum idilər və ona görə də, iddianı cəmiyyətə qəbul etdirə bildilər. Onlar Əhli-Beyt(ə) adı ilə qiyam edib xalqı özlərinə çəkə bildilər. Şüarları isə o idi ki, hakimiyyətdə Əhli-Beyt(ə) olmalıdır. Hətta İmam Sadiqə (ə) təkliflər gəlirdi ki, onlarla birlikdə olsun. Lakin imam bu cür atmosferin yaranmasına aldanmır. Bəni-Üməyyə sülaləsini tənqid etdiyi kimi, abbasilər sülaləsini də tənqid atəşinə tutur. Əbül Abbas Səffah və Mənsum Dəvani inqilaba rəhbərliyi öz əllərinə alırlar. İkisi birlikdə 24 il hakimiyyətdə oldular. Lakin imam öz çıxışlarında bəyan edir ki, abbasilərin niyyəti heç də Bəni-Üməyyə sülaləsindən geri qalmır. Bunlar da çirkin niyyətlərlə mübarizəyə başlayırlar. Onlar hakimiyyətə yiyələndikdən sonra bizim qarşımızda dayanaraq öz hakimiyyətlərinin arxasınca gedəcəklər. Ona görə də, İmam Sadiq(ə) abbasilərə qoşulmur. İmam Sadiq(ə) həqiqi İslam adı ilə hakimiyyət yaratmaq istəyirdi. Eyni halda imam qiyamın qarşısını da almır. Öz xətti, məqsədi və planı ilə hərəkət edir. İmam Sadiq(ə) hədislərində nəql edir ki, Əbu-Mənsum imama məktub yazaraq nəsihət istəyir. İmam kəskin bir cümlə ilə cavab yazır: “ O insan ki, dünya arxasınca qaçır, o insan səni nəsihət etməz. Əksinə xoşu gələr sənin bugünkü əməllərindən. Axirət dalınca qaçan, Allahı düşünən isə səninlə dostluq edib, yanında olmaz”.
İmam Sadiqin(ə) daima öz şiələrinə zülmdən kənarda gəzməklə bağlı təşviq etdiyini söyləyən AİP-in sədr əvəzi, “imam hər vaxt təkidlə bildiridi ki, zülmə zərrə qədər də olsun kömək etmək olmaz”, – deyə bildirdi:
“Bir nəfər həccə gedənlər üçün dəvələrini icarəyə verirdi. İmam Sadiq(ə) bu adamı yanına çağıraraq dəvələrin harda olduğunu soruşur. Adam zəmanə hakiminin adamlarına icarəyə verdiyini deyir. O, Həzrət(ə) narahat olur. Niyə bu həddə qədər zülmə xidmət etdiyini soruşur. Adam cavab verdi ki, zülmə xidmət etmir. Sadəcə olaraq dəvələrini icarəyə verərək pul alır və bu pulu möminlər üçün xərcləyir. Ağa buyurdu: “Bu insanlar həccə gedib-gələnə qədər ürəyində də olsa onların salamat qayıtmaları üçün dua edirsən? Adam dəvələrinin salamat çatması üçün dua etdiyini bildirir. Bu zaman imam deyir ki, sənin bu həddə zülmə xidmətin, zalımın xidmətində olmağına kifayət edir”.
Daha sonra Hacı İlham Əliyev partiyanın fəaliyyəti və gördüyü işlər barədə məlumat verdi.