Bu ölkə ilə Azərbaycan arasında bir neçə əhəmiyyətli sənədlər imzalanacaq.
İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezi avqustun 1-də Bakıya səfər edəcək.
qafqaz.ir/-ın məlumatına görə, səfərdən öncə APA-nın İrandakı müxbirinə açıqlama verən M.Vaezi prezident Həsən Ruhaninin Azərbaycana səfəri ilə bağlı detalları açıqlayıb.
M.Vaezi deyib ki, prezident H.Ruhani Bakıya böyük nümayəndə heyəti ilə səfər edəcək:
“Səfərdə prezidenti Nazirlər Kabinetinin bir neçə üzvi müşayiət edəcək. İlk öncə Azərbaycan və İran prezidentlərinin görüşü baş tutacaq.
Görüşdə tərəfləri maraqlandıran önəmli məsələlər müzakirə olunacaq. Rusiya prezidentinin səfərindən öncə İran və Azərbaycan arasında bir neçə önəmli sənədlər imzalanacaq”.
M.Vaezi prezident Ruhaninin səfərinə hazırlıq və eləcə də iki ölkə arasında imzalanacaq iqtisadi sənədlərin hazırlanması ilə bağlı Bakıya səfər edəcəyini bildirib.
Xatırladaq ki, bundan əvvəl İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün avqustun 8-də baş tutacağını bildirib.