Elşən Mustafaoğlu kimdir?

Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub.
İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub.
1991-1993-cü illərdə Futurologiya İnstitutunda Şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi” ixtisası üzrə ali təhsil alıb.
1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib.
10 fevral 2007-ci il tarixində Bakı Dövlət Universitetində “fəlsəfə tarixi” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.
1999-cu ildən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (hazırda Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlanır) əməkdaşıdır. Hal-hazırda həmin institutun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsində elmi işçi vəzifəsində çalışır.
2001-ci ildən “Mənəvi Saflığa Dəvət” ictimai birliyinin sədri (birliyin rəsmi veb-saytı: www.manevisafliq.org), 2002-ci ildən Azərbaycan Milli QHT Forumunun Gənclər Bölməsinin koordinatorudur.
2005-ci ildən “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktorudur (Mərkəzin rəsmi veb-saytı: www.yenisharq.org). Həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında gənclər siyasəti haqqında” proqramı üzrə ixtisasartırma kursu keçib.
2006-2007-ci illərdə “İctimai” TV-də kanalın ən populyar verilişlərindən olan “Cümə Söhbəti” verilişinin müəllifi və aparıcısı olub.
2007-ci ildə ANS TV-də “Allah Haqqı” verilişinin aparıcısı olub.
2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin “Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub.
30-dan çox elmi, publisist və analitik məqalənin, 5 elmi əsərin müəllifidir. 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış etmişdir.
Elşən Mustafaoğlu 20 dekabr 2014-cü ildə 3 gün MTN-də saxlanıldıqdan sonra barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Ailəlidir, 2 qızı, 1 oğlu var.(adam.az)