Aktual

Nardaran pirinin qazı kəsilib; korrupsiya iyi… – FOTO

“Azəriqaz” və “Azərişıq” prezident İlham Əliyevin göstərişini sabotaj edir, yoxsa bu, hansısa xırda məmurun özfəaliyyətidir?

Bakının Nardaran qəsəbəsində yerləşən 7-ci imam Museyi Kazımın qızı Rəhimə xanım ziyarətgahında kommunal problemlər yaranıb.

Pirə qaz verilişi aylar əvvəldən dayandırılıb, işığa görə müqəddəs ocağa 89 min manat borc yazılıb. Yerli mediada dərc olunan “Nardaranlılardan silinən işıq borclarını tələb edən kimlərdir?” sərlövhəli yazıda “Azərişıq”dan məsələ ilə bağlı araşdırma aparıldığını, ARDNŞ-in mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən isə qaz verilişinin dayandırılmadığı haqda açıqlama vermişdilər.

Buna görə də musavat.com-un əməkdaşları pirə yollanıb fotolar çəkməklə ora qaz verilmədiyini saytlarındə dərc ediblər. Pirə verilən qaz ötən il kəsilib və 46 min manat qaza görə borc yarandığını söyləyiblər. Bildiriblər ki, həmin borc ödənilməsə, qaz olmayacaq. Hətta aşura günlərində pirə gələnlər qazı qoşub müqəddəs ocağı qızdırmağa çalışıblar. Amma “Azəriqaz” əməkdaşları bundan xəbər tutaraq qaz verilişini dayandırıblar. Üstəlik, qanunsuz qoşulmaya görə bir neçə yüz manat cərimə də yazıblar. Aşağıda təqdim etdiyimiz fotodan aydın görünür ki, qaz borusu kəsilib və ağzı qaynaq olunub. İndi söz “Azəriqaz” rəsmilərinindir.

1 il əvvəl, elə bu günlərdə ANS-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Allah yolunda atdıqları addımlardan danışmışdı. R.Abdullayev Gürcüstandakı erməni kilsələrinə pulsuz, heç bir təmənnasız qaz verildiyini açıqlamışdı.

Həmin müsahibədən sitat:

“Biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də qazla təmin edirik. Allah yolunda. Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur”.

R.Abdullayev demişdi ki, bu addım Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən atılıb: “Bilirsiniz ki, cənab prezidentin sərəncamı ilə bütün dini məbədlər qazla pulsuz təmin olunur. Bizdə bütün dini məbədlər qazla təmin olunur. Eyni zamanda dövlət başçısı Gürcüstanda yaşayan azərbaycanlıları da düşünərək, bu ölkədəki dini məbədlərin də qazla pulsuz təmin olunmasına göstəriş verdi. Prezident istəyir ki, Azərbaycanda olan tolerantlıq Gürcüstanda da olsun. Əgər dini tolerantlıq olarsa, bizim soydaşlarımıza orda yaşamaq daha rahat olar”.

Yada salaq ki, bu ilin iyun ayında prezident İlham Əliyev Bakının Nardaran qəsəbəsində, qəsəbədəki 7-ci imam Museyi Kazımın qızı Rəhimə xanım ziyarətgahında olarkən yerli sakinlərə bildirib ki, işığa görə yaranan 42 milyon 267 min manat elektrik enerjisi borcu silinib.

Bu xəbər Azərbaycanda fəaliyyət göstərən əksər KİV-də “Nardaranlıların 42 milyon manatlıq işıq pulu borcu silindi” sərlövhəsi ilə yayılıb. Həmin görüşdən ötən 4 ay ərzində nardaranlıların işıq borcu müvafiq qurumlar tərəfindən silinməyib. Jurnalistlər Nardaran qəsəbəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bağ evini axtararkən təsadüfən öyrəniblər ki, prezident əhalinin borcunu silsə də, faktiki olaraq borc yerli sakinlərdən alınır. Hətta prezidentin yerli sakinlərlə görüşdüyü müqəddəs “Rəhimə xanım ziyarətgahı”nın da “Azərişıq”a 89 min manatlıq borcu silinməyib. Həmin borcu hissə-hissə, hər ay ziyarətgahdan alırlar.

Fakt budur ki, kimlərsə gizli şəkildə prezidentin sildiyi kommunal borcu sakinlərdən alır. Şikayət edənlərə isə deyilir ki, prezident qeyri-əhalinin(!) elektrik enerjisinə olan borcunu silib, bunun əhaliyə aidiyyəti yoxdur.

Silinmiş işıq borcunun hansı əsasla əhalidən alınması məsələsinə aydınlıq gətirmək üçün “Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə sorğu ilə müraciət etmişik. T.Mustafayev noyabrın 1-də əməkdaşımıza bildirib ki, sorğu ilə bağlı müvafiq araşdırma aparılır, noyabrın 2-də bu haqda açıqlama veriləcək. Nardaran pirini qazla təmin edən borunun kəsilməsi əks olunan fotoları ARDNŞ-in mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə də yolladıq. Ümid edirik ki, müqəddəs ziyarətgahlarımızdan olan pirin qaz probleminin həlli üçün əməli tədbirlər görüləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button