Sökmək… Bu söz qulağa daha çox xoş gəlməyən bir anlam kimi gəlir. Bu sözün altında neqativ bir məna yatdığını da desək, heç də səhv etmərik. Amma bu sözün bir qədər də şiddətini artırmaq lazım gələrsə, yəqin ki, ən son həddi olaraq Allah evlərini sökmək fikrini ifadə etmək olar. Əslində bu iki söz bir-biri ilə yanaşı gəlməli bir anlamlar deyil: “Allah evi” və “sökmək”.
Məscidlər əmin-amanlıq yeridir. Allah evləri insanları özü ilə bağlı düşünməyə dəvət edən bir anlamı ifadə edirlər. Lap qədimlərdən məscid tikmək, Allah evlərini bərpa etmək bir çox insanların ülvi arzuları, hədəfləri olub. Bu da əbəs yerə deyil. Çünki, bu işlə məşğul olanlar cəmiyyətdə həmişə dəyər sahibləri olub. Amma onu da bilmək lazımdır ki, bu arzuda olanların heç də hamısı bu gözəl missiyanı reallaşdırmaq imkanına malik olmayıblar. Bu cür gözəl işlərə daha çox Allahın xüsusi bəndələri nail olublar.
Həzrət Peyğəmbər (s) Mədinə yaxınlığında yerləşən ilk məscidi inşa edərkən, özü şəxsən iştirak edib və bu işdə qabaqcıllardan olub. Bu əməli ilə, belə mübarək bir işdə öncüllərdən olmağa dəvət edib. Rəsulallah (s) buyurub: “Kim, daş yeyən quş yuvası ölçüsündə də olsa belə məscid tiksə, Allah Təala onun üçün behşitdə bir ev tikər”. Bəli təbii ki, kimsə bu kiçik əməl ilə behşitdə tikiləcək o evdən məhrum olmaq istəməz.
Amma bu gün ölkəmizdə məscidlərin sayının azlığı bir yana qalsın, digər tərəfdən olan-qalan bir neçə qədim məscidi də sökmək istəyənlər tapılıb. Təbii ki, burada kimlərinsə anlaşılmaz maraqları bu addımın atılmasını motivləndirib. Amma bir ölkədə azsaylı məscidlərində sökülməsi ilə bağlı müzakirələrin aparılması, ölkənin mənəvi tənəzzülünün göstəricisi kimi dəyərləndirilməlidir. Tarixdə Allah evini – Kəbəni sökmək üçün gələn bir qoşun haqqında söhbət açılır. O qoşunun aqibəti ilə bağlı Qurani-Kərimdə “Fil” sursəində bəhs edilib. Ümumiyyətlə, İlahi qırmızı xətlərə qarşı etinasız olanlar mütləqdir ki, bəlaya düşar olarlar. Amma bu, hər dəfə fərqli formalarda müşahid. edilir.
Vaxtilə İrəvanda kifayət qədər məscid var idi. Hətta bir rusiyalı rəssamın İrəvanın 19-cu əsrin əvvəllərinə aid olan bir rəsmində məscidlərin ucalan minarələrinin sayı, onların kifayət qədər çox olduğunu göstərir. Azərbaycan alimləri hətta bu şəkildən çıxış edərək, qeyd edirdilər ki, bu qədər məsicid olan bir şəhər tarixi xristian ölkəsi ola bilməz. Yəni, məscidlərin mövcudluğu, onların sayının çoxluğu ölkənin milli kimliyinin göstəricisidir.
Düşünürəm nə qədər ki, gec deyil, milli dəyərlərimizə sahib çıxılmalıyıq və atılacaq addımlar millətin kimliyinə uyğun olmalıdır.