“Azərbaycanda terrora çağırış ciddiyə alınmalıdır” – Xəbərdarlıq

“MTN radikal dindar qruplaşmalara qarşı əməliyyat şəraitini ciddi şəkildə nəzarətdə saxlayır”
Azərbaycanda sosial şəbəkələr vasitəsilə məzhəblərarası qarşıdurmaya və ilahiyyatçı Hacı Şahin Həsənliyə qarşı sui-qəsd çağırışları haqda xəbər vermişdik. Aznews.az-ın məlumatına görə, facebook-da “Enekin Skayvoker” adı ilə qeydiyyatdan keçən şəxs “İran Şeytanları Respublikası” adlı profildə əhli-sünnə məzhəbindən olan dostlarına salam göndərərək, Azərbaycandakı şiələrə qarşı başlanacaq silahlı mübarizəyə hazır olmağa çağırıb.
“Enekin Skayvoker” bundan başqa Fərman Çətin adlı birinin əlində hərbi təyinatlı bıçaq tutmuş şəkli, Mirzəhməd Əl-Qusari adlı digərinin isə əli ilə müəyyən işarə göstərdiyi fotosunu da yayıb. Şəklin altında isə Azərbaycanda şiələrə qarşı hədə dolu ifadələrlə yanaşı, Hacı Şahin Həsənlini qətlə yetirmək üçün məzhəb qardaşlarının uzun müddətdən bəri hazırlıq gördüyü də öz əksini tapıb. Qeyd edək ki, internet üzərindən çağırış edən şəxs özünü “Meşə qardaşları” qruplaşmasının üzvü adlandırıb.
Artıq ilahiyyatçı Hacı Şahin Həsənli təhdidlərə münasibət bildirib. Aznews.az saytına açıqlamasında Hacı Şahin təhdidlərin onu narahat etmədiyini, daha çox məzhəblərarası təfriqə yaratmağa hesablanmış addım kimi dəyərləndirib. Sitat: “Öldürülməyimlə bağlı ”fitva” verənlər və bunu sosial şəbəkələr vasitəsilə yayanlar Azərbaycanda məzhəblərarası münasibətləri gərginləşdirmək, ölkədə qarşıdurma yaratmaq niyyətində olanlardır”.
Eyni zamanda ictimaiyyət nümayəndələri terror hədəsinə sərt reaksiya verərək pisləyiblər. Bu hadisə ictimai rəydə narahatlığa səbəb olub. Azərbaycanda məzhəblərarası nifrət çağırışı ilk dəfədir ki, bu şəkildə açıq-aşkar yayılıb. Üstəlik, bu dəfə konkret olaraq təhdid və qətl çağırışı var. Bir sıra müşahidəçilərə görə, bu hadisə düşünülmüş provokasiya da ola bilər. Çünki Azərbaycan məzhəblərarası münasibətlərin xeyli dərəcədə tolerant olduğu az saylı ölkələrdən biridir. Ancaq son illərdə bir sıra səbəblərdən radikal dini qruplar daxilində nifrət çağırışları eşidilməyə başlayıb.
Son olaraq yayılan çağırışda təhdid müəlliflərinin konkret olaraq qruplaşma olması və meşədə özlərinə yer hazırlaması da diqqəti çəkir. Yeri gəlmişkən, ötən həftə Qusar ərazisində radikal qruplaşma üzvləri ilə polis arasında toqquşmalarda bir polis öldürülüb, 3 nəfər isə yaralanıb. Sonradan keçirilən əməliyyatlar zamanı polisə hücumda iştirak etdiyi güman olunan 3 nəfər məhv edilib. Yeri gəlmişkən, “Meşə qardaşalrı” qruplaşmasının adı 6 il əvvəl “Əbu Bəkr” məscidinə hücumda və daha sonra MTN-nin həyata keçirildiyi əməliyyatlarda hallanıb.
İstefada olan MTN zabiti İlham İsmayıl radikal qruplaşma üzvlərinin təhdidinin ciddiyə alınmalı olduğunu deyir. MTN-in radikal dini qruplaşmaları nəzarətdə saxladığını qeyd edən ekspertin sözlərinə görə, çox da geniş yayılmamış bu cür qruplaşmalara qarşı ciddi tədbirlər görülməlidir: “Bu, bəlkə də MTN-in ən yüksək səviyyədə əməliyyat nəzarətində saxladığı sahələrdən biridir. Məhz radikal dindar qruplaşmalara qarşı əməliyyat şəraitini MTN ciddi şəkildə nəzarətdə saxlayır. Zaman-zaman Rusiyanın Dağıstan Respublikası ərazisindən vaxtı ilə xeyli miqdarda terrorçu keçib və yaxud da yerli əhali ora ilə kontaktda olduğuna görə nəticədə burda radikal dindarlar əmələ gəlib. Bu, onlardan biridir və onlar zaman-zaman üzə çıxırlar. Amma bunların kütləviliyi yoxdur. Ancaq onlar daha çox terrora meylli qüvvələrdir. Mən sizin qəzetdə onların hədələrinə və şəkillərə baxdım. Bu çox təhlükəlidir. Açıq şəkildə terrora və nifrətə çağırış edilir. Belə, bir təhlükəni yerindəcə aradan qaldırmaq olar. Mənə elə gəlir ki, bu işi polisin deyil, məhz MTN-in gücü ilə həll eləmək lazımdır. Polis bu kimi məsələyə girişəndə problemlər yaranır, gördüyünüz kimi itkilər oldu. Ancaq MTN bu kimi vəziyyətlərə daha hazırlıqlıdır”.
İlham İsmayılın fikrincə, hazırkı halda təhdidlərin arxasında xarici qüvvələrin olduğunu demək olmasa da, bu cür qruplar bir qayda olaraq xariclə bağlı olur: “Bu prosesin arxasında birbaşa xarici qüvvənin dayanıb prosesi qızışdırdığını demək olmaz. Ancaq istənilən halda bu cür adamlar bilavasitə xarici qüvvələrin nəzarətində olan adamladır. Müəyyən mənada yeri gələndə istifadə oluna bilər. Təhlükə şimaldan gəldiyi üçün şimaldan qızışdırıla bilər”.
Kənan Rövşənolu