
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi bu məqaləni çap olunması üçün musavat.com saytına yollayıb.
Həmin yazının çap olunmasını məqbul bilibŞ, oxuculara təqdim edirik.
“Ziyarət üçün üç yerə hazırlıq olar – Məscidul həram, mənim məscidim və Əqsa məscidi”
Həzrət Məhəmməd (s)
Bu məqalə Beytül Müqəddəs şəhərindəki müqəddəs yerlərin yaranması, tikilməsi və tarix boyunca təmiri ilə bağlıdır. Yazıda ilk öncə şəhərin coğrafi mövqeyi və ilahi dinlər arasında mübarək yeri barədə söhbət açılacaq. Müqəddəs şəhərdə mövcud olan müqəddəs yerlərdən Qübbətüs Səxrə, Məscidul Səxrə, Qübbətül Silsilə və Əqsa Məscidini xüsusi vurğulamaq lazımdır. Həmin müqəddəs məkanların hər biri haqqında hörmətli oxucuların geniş məlumatı var. Qüds dünyanın ən böyük dinləri – islam, xristianlıq və yəhudilik üçün çox əhəmiyyətlidir, heç bir məkan bu şəhər qədər müqəddəs sayıla bilməz. Hətta ən mötəbər yerlərdən olan Məkkə və Mədinə belə, ancaq müsəlmanlar arasında müqəddəs sayılır, ancaq Qüds bütün dinlər üçün müqəddəs bir yerdir.
Qüds şəhəri
Qüds indiki Fələstin ölkəsində 35 dərəcə uzunluqda və 13 dəqiqə Qrinviçdən şərqdə, 31 dərəcə enlikdə və 47 dəqiqə şimalda yerləşir. Tarixilik baxımından dünyanın ən qədim şəhərlərindən biridir. Belə ki, Qüdsün tarixi 45 əsr əvvəllərə gedib çıxır. Üç ilahi dinin – yəhudilik, xristianlıq və islamın beşiyi sayılır. Qüds müxtəlif dövrlərdə müxtəlif adlarla tanınmışdır: Yubus, İlya, Kapotolina, Beytul Müqəddəs, Qüds, Qüdsi Şərif….
Qüds şəhəri 3 hissəyə bölünür: Şərqi Beytül Müqəddəs, Qərbi Beytül Müəddəs və qədim şəhər. Müqəddəs hərəm şəhərin cənub şərqində – qədim hissəsində yerləşir.
Müqəddəs Hərəm
Qədim şəhərin cənub hissəsi islam tikililəri ilə zəngindir. Müqəddəs hərəm 144 min kvadratmetr əraziyə malikdir. Hərəmin qərb tərəfində aşağıdakı darvazalar var: Məğrib qapısı (mərakeşlilər qapısı). Bu qapı “Nəbi qapısı”, babul Silsilə (Davud qapısı) kimi də məşhurdur; babul Mutavazən (pak qapı), Qəttatin qapısı da adlanır. Eyni zamanda Hədid qapısı, Nazir qapısı (Əlaəddin Bəsri qapısı), Mikayıl qapısı, Məclis qapısı, Xəlil qapısı və Vəlid qapısı kimi də məlumdur.
Hərəmin şimalında Ətəm qapısı (Peyğəmbərlər şərəfi, Davudiyyə və Feysəl adı ilə də tanınır) babul Xittə və babul əsbat yerləşir.
Şərqi qapı isə qızıl darvaza adlanır və zeytun dağına birləşir. Çox müsəlmanlar namaz üçün şimal qapısından içəri daxil olurlar.
Hərəmin bütün divarları 10 metr hündürlükdə iri ağ daşlardan inşa olunub.
Hərəmin şimal hissəsi müsəlman məskənləri olub, qərb tərəfdə xristianlar, cənub-qərbdə isə yəhudilər yaşayıblar.
Hərəmin giriş qapıları müsəlman şahları tərəfindən düzəltdirilib hədiyə edilmişdir. Bunlar çox böyük ustalıqla hazırlanmışlar. Misal üçün, Silsilə qapısının eni 4 metr, hündürlüyü isə 8 metrdir və çox gözəl, unikal sənət əsəri sayıla bilər.
Hərəmin həyətində böyük sərv ağacları vardır və orada olan quyulardan qidalanırlar.
Qübbətüs-Səxrə
Qübbə ərəb dilində günbəzə deyilir. Səxrə isə hər üç din üçün müqəddəs və hörmət edilən bir yerdir. Deyilənlərə görə, İslam Peyğəmbəri (s) bu qaya üzərindən meraca getmişdir. Qayanın uzunluğu şimaldan cənuba 17.5 metr və eni şərqdən qərbə 13 metr və hündürlüyü birdən iki metrə qədərdir. Qızıl günbəz düz qayanın üstündədir. Günbəz 691-ci ildə Əməvi şahı Əbdülməlik ibn Mərvan tərəfindən tikilib. Əbdülməlik bu binanın xərcini ödəmək üçün Misirin 8 illik gəlirinin bu işə yönəldilməsi barədə əmr verib. 1099-cu ildə Səlibçilər onu kilsəyə çevirərək, qaya üzərini qurbanlıq yer ediblər. Ancaq Səlahəddin Əyyubi bu şəhəri fəth etdikdən sonra onların qondarma əlamət və nişanələrini aradan aparıb, günbəzi bəzətdirib və divarları mərmərlə üzlətdirib. Əyyubi şahları, Məmlüklər və Osmanlı sultanları bu məscidin təmir edilməsinə çox diqqət ayırıblar. Məsciddə islam memarlığının əsas incəlikləri və gözəllikləri çox gözəl şəkildə görünməkdədir.
Məscidul Səxrə
Söylənildiyi kimi bu, Peyğəmbərin (s) meraca getdiyi yerdir və məscidin ortasında yerləşir. Qaya içində mağara var ki, ona Peyğəmbərlər mağarası deyilir.
Əqsa Məscidi
Hərəmin cənub tərəfində yerləşən məsciddir və uzunluğu 81.5, eni 54.5 metrdir. Məscidin 11 giriş qapısı, 7 tağ eyvanı var və hamısı daşdandır, iri giriş qapısı mərkəzdədir. Ortada cənub tərəfdən günbəz var və onun altında qaya yerləşir. Günbəzin daxili təmiz qızıldandır. Mehrabı 583-cü ildə Səlahəddin inşa etdirib. Minbər isə 564-cü ildə tikilib. Sütunların baş hissəsi Quran ayələri ilə bəzənib. Dam örtüyünə on kiloqramlarla qızıl işlədilib. Ayələr Nəsx və Kufi xətləri ilə yazılmışdır.
Məscidin cənub-qərbindəki Ağ məscid, yaxud Qadınlar məscidi adlanır. Şimalda Məqaribə muzeyi yerləşir. Şərq tərəfdə Zəkəriyya mehrabı, 40 şəhid, Ömər məscidi adlı tikililər var.
Rəvayətlərdən məlum olur ki, Zirzəmi məscidi ilk dəfə xristianlar tərəfindən inşa edilib və onların inancına görə İsa (ə) buradan asimana qalxmışdır. Deyilənlərə görə, divarlarında islamdan əvvəlki dövrə aid kitabələr vardır.
Beytül Müqəddəs barədə islam Peyğəmbəri (s) demişdir: “Ziyarət üçün üç yerə hazırlıq olar – Məscidul həram, mənim məscidim və Əqsa məscidi”.
Müsəlmanlar 638-ci ildə bu şəhəri fəth etmişlər, Xəlifə şəhərə daxil olub amannamə yazmışdır. Bu, islamın Qüdsə olan əlaqəsini göstərir. O zaman hərəm viran olunmuşdu və xəlifə onun yenidən bərpası barədə göstəriş verdi.
Əqsa məscidinin adı İsra surəsinin ilk ayəsindən götürülüb. Əqsa sözünün mənası uzaq deməkdir, yəni uzaq məscid, Məkkədən uzaqda yerləşdiyinə görə belə adlanırmış. Əbubəkr Ətiq Nişaburinin şərhinə əsasən, o zaman Məkkədən ən uzaq məsafədə yerləşən məscid olub və ora getmək üçün bir aylıq yol qət etmək lazım imiş. Bu gün məscid Məscidul Əqsa adlanır və hərəmin cənubunda yerləşir. Onu da qeyd etmək lazımdır ki Qurani-kərimdə buyurulduğu və camaatın da söylədiyinə əsasən, Əqsa məscidi tək məscid yox, bəlkə də bütün hərəmə verilən addır.
Əsğər Farsi İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri