ArxivXəbər lentiXəbərlər

Milli dəyərlərimiz və yer kürəsi

Kim nə deyir desin, ancaq bizim millət öz dəyərlərini möhkəm qoruyur. Dünya qopur, imperiyalar çökür, dinlər dəyişir, elm inkişaf edir, əcnəbilər göydə balonlarda gəzir, hətta bizimkilərdən çoxu balonlara minib göyə çıxır, lakin milli dəyərlərimizə möhkəm bağlılıq bizi hamıdan fərqləndirir. Olsa-olsa, ərəblər, bir də ermənilər bizim kimi öz milli dəyərlərindən ikiəlli yapışıblar, amma biz, heç bir şübhə olmasın, öz milli dəyərlərimizdən onlardan da bərk yapışmışıq.

Başqa millətlər indi informasiya əsrinə ayaq qoyublar. Yəni informasiya deyilən şeyin qənşərinə çıxan bütün maneələri addım-addım qalxızırlar. Demək olmaz ki, hamı belə edir. Hətta Qərbdə elə hökumətlər tapılır ki, informasiyanı qəlibə salmağa çalışır. ABŞ-ın Assanja və Snoudenə qarşı səlib yürüşünü yada salmaq kifayətdir.

Amma bu səlib yürüşü hələ ki, bir müsbət nəticə verməyib, əhli-hal ABŞ-ı ciddi qınayır.

İnternetə məhdudiyyət qoyan ölkələri dünya lağa qoyur. Çin, İran, Səudiyyə və sair ölkələr qınaqdan beziblər. Dünyaya geniş açılmış gözlə baxanda görürük ki, informasiya azadlığı tədricən maneələri aşıb Dəli Kür kimi özünə yeni məcra açır.

Amma bizdə yox. Bizim öz milli dəyərlərimiz var, bu dəyərə hökumətin sağ ayağının və sol əlinin istəyinin labüd qələbəsi daxildir. Yəni hakimiyyətimiz istəyir ki, bəzi füzulluq edən jurnalistlərin ağzını qapasın, saytlarını bloklasın. Bunun üçün onun qulluğunda günün 24 saatını hazır durub istənilən antikonstitusion istəyi rəzil məhkəmənin batil qərarı ilə qüvvəyə mindirməyə amadə hakimlər dəstəsi var ki, onları ciddi-cəhdlə böyük qulluq həsrəti ilə qovrulan məxluqatın sırasından seçib milli dəyərlərin qarovuluna təyin ediblər. Bəli, dünya informasiya açıqlığı əsrinə gedir, bizim hakimiyyət isə asılı məhkəmənin qərarı ilə ifadə azadlığına təminat verən bədbəxt və şikəst Konstitusiyamızı ayaqlayıb saytları bloklayır.

Niyə? Jurnalistlər yazmasın ki, xalqın malını oğurlayırlar. Oğurluq hadisələrini qafil xalqımıza təsvir edib onu oyatmasınlar. Vəziyyətimizə nabələd adam sadəlövhlüklə soruşa bilər ki, “bəlkə oğurluğu dayandırsınlar? Onda jurnalistlər olmayan oğurluqdan yaza bilməzlər”. Bu səfeh sözləri eşitcək hər bir arif adam əllərini yelləyib həmin nabələdə deyər ki, “get ağlına dua yazdır. Bəs bu hakimiyyət nə üçün yuxarıda əyləşib?”

Dünya robot əsrinə keçir. Yəni canlı insanları metal və plastikdən düzəldilmiş və yorulmaq bilməyən mexanizmlərlə əvəz etməyə başlayırlar. Bizdə isə, milli dəyərlərə uyğun olaraq, canlı insanları robotlaşdırmaqla məşğuldurlar. Kim? Bütün dövlət maşını: bağçası, məktəbi, ədəbiyyatı, televiziyası, radiosu, məscidi, partiyaları, QHT-ləri, pəpə yeyəndən məmə yeyənə qədər hamısı, bir-iki antimilli mürtədi çıxmaq şərtilə, hamı milli dəyərlər çərçivəsində hərəkət edən və düşünən canl robot istehsalı ilə məşğuldur. Məşğuldur, sonra isə heyrətlə deyir ki, təhsilimiz ölür, gənc nəsil oxumaq istəmir, ali məktəbə keçid balı 150-dir və sair bu kimi dilxoşluqlar. Başınıza dönüm, canlı robotların bilik nəyinə gərəkdir? Robota kifayətdir ki, “başını aşağı salıb dolansın”, “böyüyün üzünə ağ olmasın”, “müdrik rəhbərin dəyərli göstərişlərini yerinə yetirsin”, “ağzını farağat saxlasın”, “milli dəyərlərə sadiq olsun” və sairə.

Bütün dünyada hakimiyyət demokratikləşir, zira əks-təmərküzləşmə yeniliyin və tərəqqinin mayasıdır. Bütün qabaqcıl ölkələrdə idarə mexanizmini şəffaflaşdırıb onu vətəndaşa müyəssər və ələçatan edirlər. Bizdə bütün dövlət cihazı gecə-gündüz çalışır ki, hakimiyyəti müqəddəsləşdirib onun necə işləməsini, büdcəsini, gəlirini, çıxarını cəmiyyətdən gizlətsin, xalqı idarəetmədən kənarlaşdırsın. Nazirliklərin əksəriyyətinin saytları heç bir əməlli məlumat yerləşdirməyib, həyatla heç bir canlı təması yoxdur. Ən böyük dövlət sirri xalqın pulunun xərclənməsi məsələsidir, ali məqamlı məmurların və onların ailə üzvlərinin mülkiyyəti, varidatıdır.

1995-ci ildə biabırçı bir Konstitusiya hazırlayıb xalqa sırıdılar. Bu əsas qanuna görə bütün hakimiyyət qolları icra hakimiyyətinin dəstə qulluqçusuna çevrildi. Prezident oldu şahənşah, xalq oldu rəiyyət. Bundan sonra say-seçmə naib-nökəri topladılar adını Milli Məclis qoyduqları binaya və başladılar Qərbi aldatmaq məqsədilə Konstitusiyanın insan haqları hissəsinə yazdıqları bütün bəndləri noxtalayıb məhdudlaşdırmağa.

Yerli idarəetmənin təməli olan bələdiyyələri etdilər qısır və aciz bir oyuncaq. Bununla da kifayətlənməyib bələdiyyələrə topladılar para və qulluq aşiqlərini, səlahiyyətlərini əllərindən alıb etdilər onları müti nökər. Sonra da hırıldayıb dedilər ki, “Azərbaycanda yerli özünüidarə var”.

Təbii ki, bir başın gücü ilə işləyən dövlət maşını müasir zəmanənin mürəkkəb suallarının cavablarını tapa bilmir və dövlət günü-gündən bərbad hala düşür. Dünənə qədər müftə neft pullarının hesabına hakimiyyətin öyündüyü güclü milli manat bihal olub kinayə və rişxənd hədəfinə çevrildi. Hakimiyyət hansı sənaye obyekti tikirsə, hamısı ziyanla işləyir. Hakimiyyətin öz meyarlarına uyğun seçib yuxarıda əyləşdirdiyi adamların qabiliyyəti bundan artığına qadir deyil. Dünya bazarına ingilislərin çıxardığı neftdən savayı heç nə çıxara bilmirik.

“Azərbaycan güclü dövlətdir. Azərbaycanın güclü ordusu var”. Elədirmi? Bəs erməni ordusu 25 ildir Qarabağda nə edir? Güclü ordumuzun xeyir-duasınımı alıb?

Mötəbər beynəlxalq təşkilatlar dövlət cihazının xalqa və qanuna qarşı cinayətlərini deməkdən zinhara gəliblər.

Beynəlxalq Valyuta Fondu (BVF) iqtisadi inkişafda Azərbaycanı bağlayır qaragün Ermənistanın quyruğuna. BVF da düşməndir?

Kim günahkardır? Ermənilər… (Qarabağ məsələsində hakimiyyətimiz Ermənistan rəhbərliyi ilə həmahəng işləyir). Satqın müxalifət… (Satqın müxalifətin pulu hakimiyyətin kisəsindən verilir). Sorosa işləyən ictimai fəallar…( İlham Əliyev Davosa gedəndə Sorosla görüşmədiyi hal olmayıb). İslamçı radikallar… (Dünyada radikal islamçıları dəstəkləyən dövlət başçıları prezidentin bir nömrəli dostlarıdır). Bəzi xain məmurlar… (Bu xain məmurların hamısını seçib təyin edən adamı külli-Azərbaycan tanıyır).

Kimdir müqəssir? Yazıb dedik. Bəs nə etməli? Bu sualın cavabı 100 il bundan əqdəm verilib. Fəqət bu cavabı millət olan kəslər deyə və edə bilər. Ətrafınıza baxın. Belələrini görürsünüzmü?

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button