2 yaşlı Zəhranın vəfat günündə keçirilən konsertə Bakı sakini belə etiraz etdi

Ermənistan ordusunun təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində yaşayan 2 nəfər həyatını itirdi, bir dinc sakin isə ağır yaralandı. Həyatını itirən 2 yaşlı körpə Zəhranın faciəsi isə böyükdən-kiçiyə daxilində vicdan hissi olan hər kəsi kədərə qərq etdi.
Lakin təəssüflər olsun ki, içimizdə vicdan hissinin nə olduğu bilməyən kəslərlə eyni ölkədə yaşamaq, eyni havanı, suyu paylaşmaq məcburiyyətindəyik. Bu vicdansız kəslər o kəslərdir ki, erməni vəhşiliyinin qurbanı olan günahsız Zəhranın vəfat günündə çal-çağır edib, konsert verməkdən çəkinmir.
İslaminSesi xəbər verir ki, Zəhranın vəfat günündə Azərbaycan Dövlət Televiziyası Bakıda konsert proqramı təşkil edib. Vicdan hissindən, vətən sevgisidən bixəbər olan bəzi insanlar isə həmin konsert proqramını bəh-bəhlə izləyiblər. Hətta konsertin keçirilməsinə etiraz edən, 2 yaşlı körpənin, eyni zamanda digər dinc sakinlərin erməni vəhşiliyinin qurbanı olduğunu ora toplaşan hər kəsin diqqətinə çatdıran vicdanlı vətəndaşın naləsi də “çal-çağır aşiqlərinin” tükünü tərpətməyib. Bu cür mənzərə ilə qarşılaşarkən, torpaqlarımızın 20 faizinin niyə işğal edildiyini anlamaq çətin olmur.