Gənc fəallara həbs cəzası verilib

“Məhkəmə prosesi tez-bazar, qapalı şəraitdə keçirilib”
İyulun 30-da Kəpəz Rayon Məhkəməsi Gəncədə saxlanılan “Milliyyətçi Gənclər Təşkilatı”nın üzvləri Müşviq Vəliyev və İskəndər Osmanlıya 25, Elçin Məhərrəmliyə isə 30 sutka inzibati qaydada (polisə müqavimət) həbs cəzası verib.
Məcid Türksoyun isə məhkəməsi davam etdirilir.
Bu barədə Meydan TV-yə gənclərin yaxınları məlumat veriblər. Bildiriblər ki, Məcid Türksoyun məhkəməsiylə bağlı hələlik heç bir xəbər yoxdur:
“Digərlərinin məhkəməsi isə qapalı keçirilib və gənc fəallar vəkillə təmin olunmayıb. Şərlənərək həbs olunan gənclərin vəkillə təmin olunub-olunmamasıyla bağlı məlumatımız yoxdur. Məhkəmə prosesi tez-bazar, qapalı şəraitdə keçirilib”.
Gənclərin iyulun 30-da bir qrup şəxs tərəfindən saxlanaraq Gəncə Şəhər baş Polis idarəsinə aparıldıqları deyilir.