Türkiyədə 3 komandan birdən dəyişdirildi

Ali Hərbi Şura (Yüksek Askeri Şura – YAŞ) iclası başa çatdıqdan sonra 3 qüvvə komandanının birdən dəyişdiyi bildirilib.
Qafqaz.ir Türkiyə mediasına istinadən xəbər verir ki, paytaxt Ankarada keçirilən və 4 saat davam edən Ali Hərbi Şura (Yüksek Askeri Şura – YAŞ) iclası başa çatdıqdan sonra 3 qüvvə komandanının birdən dəyişdiyi bildirilib.
Quru Qoşunlarının yeni komandanının Yaşar Gülər olduğu ifadə edilib. FETÖ tərəfindən həyata keçirilən 15 İyul dövlət çevrilişi cəhdi zamanı girov götürülən Baş Qərargahın 2-ci Rəisi, ordu generalı Yaşar Gülər Baş Qərargah Rəisi, ordu generalı Hulusi Akar və digər qüvvə komandanları ilə birlikdə qiyamçıların hədəfi olmuşdu. Gülər çevriliş gecəsi öz zabiti Məhməd Akkurt tərəfindən iş otağında həbs edilmişdi.
YAŞ toplantısından sonra ordu admiralı Bülənd Bostanoğlunun yerinə vitse-admiral Adnan Özbal Dəniz Qüvvələri komandanı olaraq yeni vəzifəsinə təyin edilib. Özbal 2006-2008-ci illərdə Hərəkat Sədri vəzifələrində işləmiş, 2008-ci ildə kontr-admiral rütbəsi alıb.
İclasdan sonra Hava Qüvvələri komandanı, ordu generalı Abidin Ünalın yerinə Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Həsən Küçükakyüz gətirilib. Küçükakyüz 4 may 2009 tarixindən etibarən Hava Hərbi Məktəbinin komandiri vəzifəsində işləyib.