İsrailin kəşfiyyat qurumunun rəhbəri təşkilatın əsas planlarından və fəaliyyətlərindən danışıb.
“İran “Mossad”ın əməliyyatlarında ən birinci hədəfdir, hər il İrana qarşı yüzlərlə, minlərə əməliyyatlarımız olur”.
qafqaz.ir İslamazeri.com-a istinadla xəbər verir ki, bunu İsrailin başlıca xüsusi xidmət orqanı – “Mossad”ın rəhbəri Yossi Kohen dünən təşkilatın qərargahında keçirilmiş toplantıda deyib. Baş nazir Benyamin Netanyahunun təşəbbüsü ilə hər il keçirilən görüşdə “Mossad” əməliyyatçılarına 6 mühüm fəaliyyət xətti təqdim olunur.
Y.Kohen çıxışında bildirib ki, İran İslam Respublikası Yaxın Şərqdə İsrail sərhədlərinə həmişə olduğundan daha yaxın ərazilərdə hərbi əməliyyatları idarə edir, Suriyada və Livanda aktiv hərbi fəaliyyət göstərir, “Hizbullah”ı dəstəkləməkdə davam edir, son zamanlar HƏMAS-la da əlaqələrini möhkəmləndirir və bu hərəkatlara yüksək dəqiqlikli silahlar ötürür.
Kohen əlavə edib ki, “Mossad” hər il çoxlu sayda dəqiq casusluq əməliyyatları həyata keçirir. Təşkilat ciddi mühafizə olunan, ən təhlükəli bölgələrə daxil olaraq missiyasını tamamladıqdan sonra nailiyyətlərlə geri qayıtmaq kimi müstəsna qabiliyyətlərə malikdir.