Müsəlman qızların təhsildən məhrum olduğunu bilməyən varmı?

“Azərbaycan hakimiyyəti həqiqətən müsəlman uşaqların təhsilinə qayğı göstərirsə, onda hicab qadağasını nə ilə izah edir?”
Neçə gün öncə Bakıda İSESCO-nun “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransı iki günlük işə keçirib.
Tədbirə əsasən müsəlman ölkələrindən olan 50-dən nazir, komitə və digər rəsmi qurumların təmsilçiləri qatılıb. Adından da göründüyü kimi konfransın hədəfi müsəlman ölkələrində uşaqların urbanizasiya problemləri, təhsil və mədəniyyət sahəsindəki qarşılaşdıqları çətinliklər haqqında müzakirələr aparıb, onların həlli yollarının araşdırılmasıdır.
Ancaq tədbirdə iştirak edən Azərbaycan rəsmilərinin çıxışına baxanda konfransa heç də aid olmayan və hər bir iştirakçının rəhbərlik etdiyi qurumdakı “uğurları”nda bəhs edildiyi meydana çıxır. Məsələn, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova çıxışında daha çox Akif Nağını xatırladıb, Qarabağ münaqişəsində Ermənistanın törətdikləri vəhşiliklərdən bəhs edib və müharibə nəticəsində mədəniyyət abidələrinin dağıdılması, uşaqların qaçqın düşməsi və s.
Azərbaycanın baş nazirin müavini Əli Əhmədov tədbir iştirakçılarına prezident İlham Əliyevin təbrik məktubunu səsləndirib. Göndərdiyi məktubda İlham Əliyev bu tədbirin müsəlman ölkələri arasında qarşılıqla münasibətlərin inkişafından, Azərbaycanda uşaqların təhsil, mədəniyyət və sağlamlıq sahəsindəki hakimiyyətin analoqu olmayan uğurlarından bəhs edib və bəyan edib ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində islam ölkələrinin tutduğu mövqeyi Azərbaycan yüksək qiymətləndirir.
Bu konfransın Məhərrəmlik ayında təşkilatçılığı və maliyyələşdirilməsi Azərbaycan hakimiyyətinə aiddir. Ancaq bir konfransın iştirakçılarına, keçirdiyi mövsümə, konfransda səslənən fikirlərə və ən əsası Azərbaycanda müsəlman uşaqların qarşılaşdığı problemlərə baxdıqda ilk ağıla gələn sual budur: “Azərbaycan hakimiyyəti həqiqətən müsəlman uşaqların təhsilinə qayğı göstərirsə, onda hicab qadağasını nə ilə izah edir?” Bu vacib sualdır, ondan da vacibi bu sualın cavabıdır, ancaq bədbəxtçilkdən nə konfrans iştirakçıları arasında, nə də orda iştirak edən jurnalistlər arasında heç kim belə bir sualla hakimiyyətin rəsmi təmsilçilərinə müraciət etməyib. Belə bir sualla hakimiyyətə müraciət etmək istəyən insanların isə belə bir imkanı yoxdur və yəqin ki, heç zaman da olmayacaq. Ancaq İlham Əliyev hakimiyyəti Məhərrəmlik ayında belə bir tədbir keçirməklə və sonra da orda uşaqlara guya qayğı göstərdiklərini ağızdolusu danışmaqla müsəlman ölkələrinə birinci növbədə onu göstərməyə çalışır ki, Azərbaycanda heç bir müsəlman uşağın təhsil və mədəniyyətinin inkişafında problem yoxdur.
Daha ağrılısı da budur ki, ora toplaşan müsəlman ölkələrinin təmsilçiləri ya Azərbaycandakı hicab qadağasından xəbəri yoxdur ki, bu halda onlara ayıb olardı, ya da ki, xəbərləri olduqda belə bu problemlə bağlı hakimiyyət təmsilçilərinə müvafiq suallar ünvanlamırlar ki, bu ondan da betər aybıdır. Aydın olan budur ki, İlham Əliyev həm qərbdə həm də İslam dünyasında hamını susdurmağa nail olub, özü də elə bir halda ki, Azərbaycanda həm demokratiya, həm də İslam dəyərlərini alçaldır.