Millət Danişdi….

Bu millətə urcah oldu bir qoca,
Bardaş qurub o babətdən danışdı
Azar verdi, bazar verdi bolluca,
Sonra durub təbabətdən danışdı
Moskvada üç il gəzdi qoruğda,
Müflisləşib gedi döndü çarığda
Yeddicə il dözüb yatdı marığda,
Şüvən salıb qiyamətdən danışdı
Enkevede getdi, gəldi davamçı,
Keqebe cəlladı əlində qamçı
Ana xaç suyunda, ata hamamçı,
“Kübar-kübar” nəcabətdən danışdı
Qoltuğunda dırmaşmaqçun nərdivan,
Dəstək verdi köhnə dostu “mərd” İvan
Bimürvətdə nə haqq qaldı, nə divan
Kafirfason əlamətdən danışdı
Güllələndi Azərbaycan şirləri,
Açılmadı vertalyotun sirləri
Sovet vaxdı yasaqladı pirləri,
Həccə gedib kəramətdən danışdı
Söylədi kəndçiyə sizdən hərəkət,
Danqıldayan boz qazana bərəkət
Torpaq getdi viran qaldı məmləkət,
Bayquş kimi xərabətdən danışdı
Bayrağında emblemi söyüddən,
Xalqa verdi yavaş-yavaş “öyüddən”
Boz sifətə toppuş əllə – Nöyütdən,
Qüsul çəkib cənabətdən danışdı
Məmməd Əmin dəydi bunun “çestinə”
Nə getmədi, nə gəlmədi üstünə
Çiçək qoydu Şaumyanın büstünə,
Qardaş kimi məhəbbətdən danışdı
Boz Kardinal saqi kimi mey süzə,
Müftəxorlar gəlib vursun yüz-yüzə
sair hele bu dərdlərlə üz-üzə,
Beşcə faiz müsibətdən danışdı