Əhli-beyt (ə) davamçısı gərək paltarına diqqət etsin

Siz deyirsiniz ki, Əli ibni Əbutalib (ə) kobud paltar geyinərdi. Dörd dirhəmlik köynək geyinərdi. Amma indi görürəm ki, siz təzə paltar geyinmisiniz və cəddinizin geyindiyindən qeyrisini geyinmisiniz
İslam dini müsəlmanın batininə diqqət etdiyi kimi, zahirinə də çox diqqət etmişdir. Dinimiz bir müsəlmana həyatın hər bir sahəsində yol göstərdiyi və tövsiyələr verdiyi kimi, o cümlədən, paltar geyinmək qaydasına aid də tövsiyələr vermişdir. Bu tövsiyələrdən bəzisinə işarə edək. (Tebyan)
1. Öz zəmanənizin paltarını geyinin.
Həmad ibni Osman İmam Sadiqin (ə) yanına gəlir və bir kişini görür ki, həmin kişi Həzrətə (ə) deyirdi: “Siz deyirsiniz ki, Əli ibni Əbutalib (ə) kobud paltar geyinərdi. Dörd dirhəmlik köynək geyinərdi. Amma indi görürəm ki, siz təzə paltar geyinmisiniz və cəddinizin geyindiyindən qeyrisini geyinmisiniz”. Həzrət (ə) cavabında buyurdu: “İmam Əli (ə) o paltarı o zaman geyinərdi ki, insanların gözündə məzəmmət olunmaz və qəbahətli sayılmazdı. Əgər bu gün o paltarı geyinsəydi, qeyri-adi olardı və onunla məşhur olardı. Hər bir zaman ən yaxşı paltar – həmin zamanın paltarıdır”.
Səfyan Suri nəql edir: “İmam Sadiqə (ə) dedim: “Siz nəql edirsiniz ki, İmam Əli (ə) kobud paltar geyinərdi. Siz isə (iki bahalı parçadan olan) paltar geyinirsiniz”. Həzrət buyurdu: “Vay olsun sənə! İmam Əli (ə) insanlar yoxsul olan zaman yaşayırdı. Ancaq ruzigar rifahlı olduğu üçün zəmanənin yaxşıları ona layiqdirlər”.
2. Münasib paltar geyinin.
İmam Sadiq (ə) buyurur: “Ən yaxşı paltar o paltardır ki, bəndəni Allahdan qafil etməsin, zikr və şükrə yaxın etsin. Ən yaxşı paltar o paltardır ki, təkəbbürə və riyaya çəkməsin. Məqsəd odur ki, onda zinət olmasın. Çünki insanın zinəti və kamalı batininin hüsn olmasındadır. Zinət ruhanidir, cismani deyil. Həmçinin paltar elə olmalıdır ki, təkəbbürə və lovğalığa səbəb olmasın. Ona görə də mötədillik hökmünə görə paltar nə çox təmtəraqlı və nə də çox kobud olmalıdır. Ağ rəngli olsa yaxşı olar”.
İ mam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Qara paltar məkruhdur, məgər üç halda: əmmamə, çəkmə və əba”.
3. Şöhrət paltarı geyinməyin.
İmam Sadiq (ə) buyurur: “Bir insanın xar olması üçün elə o kifayət edər ki, qeyri-adi və barmaqla göstərilən paltar geyinsin, ya da məşhur bir heyvana minmiş olsun. Allah şöhrət paltarına nifrət edər”.
Əbad Bəsri İmam Sadiqin (ə) yanına gələn zaman əynində şöhrət paltarı geyinmişdi. İmam (ə) onu bu halda görüb buyurdu: “Ey Əbad! Bu, nə paltardır?”. Əbad deyir: “Bu paltarı eybli bilirsiniz?”. Həzrət (ə) buyurdu: Bəli, Peyğəmbər (s) buyurmuşdur: “Hər kim dünyada şöhrət paltarı geyinər, Allah Qiyamət günü ona zillət paltarı geyinidirər”.
İmam (ə) başqa yerdə buyurur: “Allah iki şöhrətə nifrət edər: biri paltarda olan şöhrətdir və o birisi isə namazda”.
Paltar maddi həyatın zahiri nümunələrindən biri olduğu üçün insanı Allahdan uzaqlaşdıra da bilər, Allahı yada sala da bilər. Yaxşı olar ki, insan bu dünyada paltarına verdiyi diqqəti batininə də versin.
Deyerler.org