ArxivIslamXəbər lentiXəbərlər

Həqiqi xadimi necə tanımalı?

Tarix boyu olduğu kimi, əsrimizdə də müxtəlif tərəflər arasında mübarizə davam etməkdədir. Bir gün mübarizələr hərbi sahədə idisə, bu gün mübarizələr əsasən mədəni sahədədir. Bir gün fəthlər hərbi texnika ilə baş verirdisə, bu gün onlar internet resursları və sosial şəbəkələr ilə əvəz olunublar. Bir gün fəth olunan torpaqlar idisə, bu gün fəth olunan beyinlər və düşüncələrdir. Bir gün bu müharibələrdən zərər görən cismlər idisə, bu gün zərər görən ruhlardır. Bir gün düşmən öz həqiqi siması ilə müharibəyə başlayırdısa, bu gün min bir simaya girərək, özünü dost kimi qələmə verib mənfur planlarını həyata keçirməyə çalışır. Hər bir halda zəmanə, metod, meydanlar, hədəfə alınan nöqtələr dəyişsə də, mübarizələrin mövcud olması dəyişilməz olaraq qalmaqdadır.
Bugünkü mədəni mübarizə meydanının ən fəal tərəflərindən biri islam dini, müsəlmanlar və islam ölkələridir. Bəşəriyyətə böyük mədəniyyət təqdim edə biləcək qüdrətə sahib olan islam dini, mədəniyyətlər arasında gedən bugünkü mübarizənin də ən təsirli tərəflərindən hesab olunur. Daha dəqiq desək, bugünkü mübarizənin əsas iki tərəfi məhz qərb və islamdır. Hər iki tərəf, insanları səadətə çatdıra biləcəklərini və həyatın hər bir sahəsində onların xoşbəxtçiliklərini təmin etməyə qadir olduqlarını iddia edirlər. Lakin tərəflərin düşüncə və əqidələrinin bir birindən tamamilə fərqləndiyi kimi, hədəfə çatmaqla bağlı metod və yöntəmləri də bir birindən 180 dərəcə fərqlidir. Qərb, “Müqəddəs hədəfə çatmaq uğrunda hər bir vasitədən istifadə etmək icazəlidir” deyirsə, islam üçün hədəfin müqəddəsliyi qədər, metod və istifadə olunan yolların da müqəddəsliyi önəmlidir.
İslamı özünə əsas düşmən olaraq görən qərb mədəniyyəti, bu din və ayinləri ilə mübarizə aparmağı özünün əsas hədəflərindən biri olaraq təyin etmişdir. Real düşmənin məhvini özünün aftomatik qələbəsi olaraq dəyərləndirən qərb, bunun üçün əlindən gələn hər bir variantdan istifadə edir və milyardlarla pul xərcləməkdən çəkinmir. Elə bu səbəbdəndir ki, onların əsas planları məhz müsəlman ölkələrinə yönəlmişdir. Köklü islam və şiəçilik bağlarına sahib olan Azərbaycanımız da qərb mədəniyyətinin bu hücumlarından yan keçməmişdir. Son zamanlar bu mədəni bombardmanın təsirlərini daha açıq aşkar görməmək, hiss etməmək mümkün deyil. TV-lərdə yayımlanan film və verlişlərə, toy və əyləncə mərasimlərində oxunan mahnılara, gənclər arasında narkomaniyanın şiddətlə artmasına, ailələrin dağılma statistikasına və bu kimi digər ictimai böhranlara nəzər salmaqla xalqımıza qarşı mədəni hücumları və müsəlman Azərbaycan xalqının əsarətə alınmağıyla bağlı cəhdləri görməmək mümkün deyil. Yəqin ki, bu gün bunu görməyən göz, eşitməyən qulaq və anlamayan şəxs qalmayıb.
Bəs bütün bunların müqabilində bizim islam ümməti mövqeyimiz nədir və nə olmalıdır?
Sözümün bu hissəsində diqqətimizi dərdlərimizin dərmanı olan Qurana çəkmək istəyirəm. İmam Əlinin (ə) Nəhcül bəlağədə buyurduğu kimi: “İnsanın həyatında olan qaranlıqlar yalnız və yalnız Quranla aydınlaşa bilər” (Xütbə 18, şeyx Ənsariyanın tərcüməsi).
Quran “Tövbə” surəsinin 42-ci ayəsində mübarizə meydanlarından (Təbuk müharibəsi) söz açaraq buyurur:
“Əgər səfəriniz mənfəətli və asan bir yürüş olsaydı, onlar mütləq sənə tabe olardılar. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar tezliklə “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”(deyə) Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər və Allah onların yalançı olduqlarını bilir.”
Cəmiyyətin bəzi üzvlərinin fəaliyyət, idarəçilik, zəhmət, qaça qaç və hədəf uğrunda çətinliklərə qatlaşmaqla arası yoxdur. Onlar daha çox pul qazanmaq, mənfəət əldə etmək və xeyir qazanmaq ardıncadırlar. (Mədəni) mübarizədən söz açıldığı zaman şəraitin münasib olmadığı, təziqlərin çoxluğu, çətinliklər, iqtisadi dəstəyin olmaması və bu kimi bəhanələr gətirərək, məsələdən yayınmağa çlalışırlar. Quran bu ayədə bu cür şəxslərdən söz açaraq buyurur ki, əgər onlara rahat əldə olunacaq qənimətlər və ciddi zəhmət çəkmədən qələbə qazanacaqlarıyla bağlı vəd verilərsə, çəkinmədən və düşünmədən mübarizəyə qoşularlar. Lakin həmin bu şəxslər hədəfin nisbətən uzaq olduğunu, yolun keşməkeşliliyini, zəhmətlərə dolu olduğunu və qələbənin müəyyən müqəddimələrə ehtiyaclı olduğunu gördükdə dərhal bəhanə gətirər və hətta and içərlər. And içərlər ki, “Vallah, əgər imkanımız olsaydı mütləq sizə qoşulardıq”. Lakin Allah, onların yalan danışdıqlarını və mübarizəyə hallarının olmadıqlarını çox gözəl bilir. Bəs bu şəxsləri necə tanıyaq? Onların irəli sürdükləri sözlərin səbəb yox, bəhanə olduğunu, içdikləri anların həqiqət yox, yalan olduğunu necə anlayaq? Və nə edək ki, Allahın qınağına tuş gələn bu şəxsiyyətlərdən olmayaq?
Bu sualların cavabı, həmin surənin 46-cı ayəsində bəyan olunmuşdur:
“Əgər onlar (mübarizəyə) çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər.”
Bu ayə, həm bu tip şəxslərin tanınması üçün meyar, həm də bu növ insanlardan olmamağımız üçün çıxış yolu təqdim edir. Bəli, mümkündür mövcud şəraitdə böyük və ali hədəflərdən və işlərdən danışmaq, (mədəni) mübarizəyə ciddi şəkildə start vermək yersiz olsun və həqiqətən də onların reallaşması üçün şərait əlverişli olmasın. Lakin bu, hədəf uğrunda atılacaq bütün addımlar barədə qeyd olunan məntiqin (şəraitin əlverişli olmaması və.s) düzgün olduğu anlamına gəlməməlidir. Yəni, doğurdanmı hədəfə müqəddimə hesab olunan heç bir addım üçün şərait yoxdur? Lap deyək ki, belədir. Həqiqətənmi o şəraitin özünü yaratmaq üçün də heç bir şərait yoxdur? Bəli, lap deyək ki şərait, bizim hədəfə çatmağımız üçün əlverişli deyil, lakin növbəti nəslin, hətta nəsillərin bu hədəfə çata bilməsi üçün çalışmaq da əlimizdən gəlmirmi? Quran qeyd olunan ayədə məhz bu məsələyə toxunaraq buyurur ki, əgər fəallar və ictimai xadimlər tərəfindən işin görülməməsiylə bağlı gətirilən səbəblərin səmimi olub olmadığını öyrənmək istəyirsinizsə, onların ümumilikdə nə işlə məşqul olduqlarına nəzər salın. Müəyyən hədəfə çatmağın bu gün mümkün olmadığını və bunun üçün şəraitin münasib olmadığını deyirlərsə, o şəraitin yaranması və işin heç olmasa növbəti nəsillər üçün mümkün hala gəlməsi üçün çalışırlar ya yox? Buna hazırlıq görürlər ya yox? Əllərindən gələni edirlər ya yox? Ən azı, bu barədə düşünürlər, danışırlar ya yox? Axı, ən azı düşünmək olar, çünki bunun üçün xüsusi bir şərait tələb olunmur. Axı biz, reallaşmasının mümkün olmadığını iddia etdiyimiz iş barədə heç düşünmək belə istəmədiyimiz halda xalqın xidmətçisi, mədəni mübarizə meydanlarının fəal üzvü olduğumuzu necə iddia edirik? Xalqın və ümmətin bizim səmimiyyətimizə inanmasını necə gözləyə bilərik axı? Sadə bir ev tikmək istəyən şəxs belə xəyalındakı evi əldə etmək üçün ən ilkin addımları təyin edərək addımlayırsa, böyük bir cəmiyyəti qurmaq istəyən bizlər niyə buna diqqət yetirmirik? Həmin şəxs “Ev tikmək üçün ərazi, torpaq ərazisini almaq üçün pul, pul qazanmaq üçün isə iş lazımdır” məntiqinə əsasən, ev əldə etmək üçün bugünkü vəzifəsinin “iş tapmaq” olduğunu təyin etdiyi kimi, biz də ən kiçik addımlara qədər enib, hədəfə doğru səbrlə hərəkət etməliyik. Əks halda cəmiyyət, bekar şəkildə oturub ev xəyalları quran şəxsin səmimiyyətinə inanmadığı kimi, böyük işlərdən danışıb bu istiqamətdə kiçik addım belə atmayan bizlərə də inanmayacaqdır.
Sonda gəlmək istədiyimiz nəticə isə budur:
Xalqımızın nümayəndələri, ictimai xadimləri və fəalları bu gün 24 saatlarını, milli və mənəvi dəyərlərimizi hədəfə alan düşmən müqabilində mədəni mübarizəyə həsr etməlidirlər! Müəyyən metodlu və ya geniş miqyaslı mübarizəyə şərait olmasa belə, şəraitə və əldə olan imkanlara uyğun metodlar axtarışına çıxmalıdırlar. Onlara da şərait yoxdursa, həmin şəraiti və imkanı yaratmaq üçün mübarizə aparmalıdırlar. Quranın dediyi kimi; buna hazırlıq görməlidirlər, müqəddimə hazırlamalıdırlar. Nəinki, filan metodlu mübarizəyə şərait yoxdur deyə, vəzifənin boyunlarından düşdüyünü zənn etsinlər.
Qurana əsasən, sonda qələbə islam mədəniyyətinindir, lakin bunun gec ya tez başm verməsi bizim əlimizdədir. İslam mədəniyyətinin yer üzünə hakim olacağı günü birlikdə görmək ümidi ilə..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button