Nəsimi rayonu, Abbas Səhhət küçəsində yaşayan sakinlərin əksəriyyəti həmin ərazinin yaxınlığında gedən tikinti işlərindən narazıdır.
Söküntü işləri aparılarkən mənzillərin divarları çat verib, sakinlərə isə maddi ziyan dəyib.Onlar tikintinin yaratdığı həyati təhlükədən narahat olduqlarını deyir.
Tikinti aparan sifarişçi şirkət “İnvest2016” MTK-dır.
Tikintinin layihəsi isə “SS Proje” MMC-yə məxsusdur.
“SS Proje” MMC bir çox dövlət qurumlarının sifarişlərini də həyata keçirir. Şirkət tikinti üçün icazəni 2018-ci ilin aprelində Bakı Şəhər İcra Hakimiyyətindən alıb.
Çəkiliş zamanı sözügedən şirkətin nümayəndələri ərazidə olsalar da, onlar problem ilə bağlı hər hansı açıqlama verməkdən boyun qaçırdılar.
Bakı Şəhər İcra Hakimiyyəti apreldə icazə versə də, 2018-ci ilin avqustundan icazə vermə səlahiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə keçib.
Məsələ ilə bağlı hər iki dövlət qurumu ilə əlaqə saxladıq.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov hal-hazırda Bakıda bina tikintisinə icazəni Bakı Şəhər İcra Hakimiyyətinin yox, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verdiyini dedi.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə məsələnin təhlükəsizliklə bağlı olduğu üçün Fövqəladə Hallar Nazirliyinə aid olduğunu dedi.
Fövqəladə Hallar Nazirliyi isə zənglərimizi cavabsız qoydu.