ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azər Qasımlı: “Rusiya ordusu Qarabağda qalacaq”

“Rusiya “5-ci kolon” vasitəsilə Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün hər şeyi edəcək. Bu səbəbdən Paşinyanın hakimiyyətdə qalmaq şansı çox azdır”.

Bu sözləri “Toplum TV”-yə açıqlamasında politoloq Azər Qasımlı deyib.

Ermənistan müxalifəti Paşinyana istefa vermək üçün dekabrın 8-nə qədər vaxt verib.

Müxalifətin keçid dövrü üçün Baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan əks halda, qəzəblənmiş kütlənin Paşinyanın üzərinə gedəcəyini bildirib.

Eyni zamanda “Daşnaksutyun” Partiyasının rəsmisi İşxan Saqatelyan Paşinyanın iqamətgahı qarşısında keçirilən mitinqdə çıxış edərək: “Biz çərşənbə axşamı – 8 dekabr, saat 12:00-yə qədər vaxt veririk ki, Nikol Paşinyan öz komandası ilə bu məsələni müzakirə etsin və istefaya getsin. Əks təqdirdə Ermənistanın bütün ərazisidə vətəndaş itaətsizliyi aksiyalarına başlanacaq”, – deyə o bildirib.

Qarabağ müharibəsindən sonra Ermənistanın daxilində baş verən xaosu şərh edən Azər Qasımlı bildirib ki, qonşu ölkədə vəziyyət gərgindir: “Burada bir neçə məqam var: birincisi odur ki, Paşinyan müharibəni uduzan Baş nazirdir və Ermənistan cəmiyyətində onun hakimiyyətdən getməsini istəyən müəyyən bir kütlə var. Lakin həmin o kütlə də çoxluq təşkil etmir, hazırda vəziyyət 50/50-yədir. Çünki Ermənistan cəmiyyətinin böyük bir kəsimi Qarabağ müharibəsində Ermənistanın məğlub edilməsində Rusiyanın barmağının olduğunu düşünür. Onların fikrincə, Rusiya nəinki Ermənistana yardım etməyib, hətta əlindən gələni edib ki, Ermənistan bu torpaqları itirsin. Düşüncələri bu yöndə olan insanlar meydanlara çıxıb müxalifəti dəstəkləmək istəmirlər. Bu, keçirilən mitinqlərdən də aydın görünür. Digər kəsim isə Paşinyanı ya pis Baş nazir, ya da satqın hesab edir”.

Politoloq eyni zamanda Rusiyanın da Paşinyanın hakimiyyətdə qalmasını istəmədiyini bildirib: “Düşünürəm ki, Rusiya “5-ci kolon” vasitəsilə Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün hər şeyi edəcək. Bu səbəbdən Paşinyanın hakimiyyətdə qalmaq şansı çox azdır”.

Azər Qasımlı noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan rəhbərləri arasında imzalanan üçtərəfli bəyanata da toxunub.

O, sənədə imza atan Paşinyanın hakimiyyətdən gedəcəyi təqdirdə bəyanatda hər hansı dəyişikliyin olmasına ehtimal verməyib: “Ermənistanda hakimiyyət dəyişikliyinin Qarabağ məsələsinə ciddi bir təsiri olacağını düşünmürəm. Çünki Rusiyanın hərbi kontingenti artıq Qarabağdadır. Ermənistan hakimiyyətində kimin olmasından asılı olmayaraq onlar orada qalacaq. Azərbaycan tərəfi də bu sənədi imzalayıbsa, demək, Rusiya hərbiçilərinin Qarabağda qalmasının lehinə imza atıb. Yəni hazırki məqamda Rusiya sülhməramlılarını oradan çıxarmağa nə Ermənistan, nə də Azərbaycan iqtidarı müvəffəq ola bilər”.

“Digər tərəfdən isə Ermənistan iqtidarında kimin olmasından asılı olmayaraq Rusiya Qarabağın tamamilə Azərbaycana qaytarılmasına müsbət baxmayacaq. Sülhməramlıların Qarabağda yerəşdirilməsi də Rusiyanın Azərbaycana təzyiq üçün idi. Sadəcə olaraq Ermənistanda hakimiyyət dəyişikliyi yeni gələcək iqtidarın Rusiya yönümlü siyasət yürütməsi ilə nətəcələnəcək və ölkə tamamilə Rusiyanın nəzarəti altına düşəcək. Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə isə Ermənistanın Rusiyanın təsiri altından çıxma ehtimalı yaranır”, – deyə politoloq əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button