
Aprelin 17-də Qafqaz Müsəlmanları İdarəsində Qazılar Şurasının iclası keçirilib.
“Media forum” saytı Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən toplantıda son zamanlar qida məhsullarının halallığı ilə bağlı məsələ də müzakirə olunub. Din xadimləri bildiriblər ki, halallıq sırf şəri səciyyə daşıyan məfhumdur və bu səbəbdən qida məhsullarının halallığı ilə bağlı dini mərkəzin rəyi vacibdir.
İndiyədək QMİ rəsmiləri “SAB” şirkətinin məhsullarına halallıqla bağlı zəmanətin verildiyini diqqətə çatdırıblar və deyiblər ki, gələcəkdə müvafiq dövlət qurumu ilə müştərək fəaliyyət həyata keçirilsə, halal qida məhsulları istehlakçılarının haqlarını qorumaq mümkün olacaq.
İclasda halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi işçi qrupun yaradılması qərara alınıb, qrupun fəaliyyət istiqamətləri və vəzifələri müəyyənləşdirilib.
QMİ sədrinin müavini Fuad Nurullah, qazı Məhəmməd Quliyev, Şahin Həsənli, QMİ-nin əməkdaşları Şamil Rəsulov və Mirnəsir Nağıyevin daxil olduğu qrupa qazı Faiz Nağızadə başçılıq edəcək.