Moskvada “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı müzakirə olunub

İranın Rusiyadakı səfiri Kazım Cəlali “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov ilə görüşüb.
görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yollarının tikintisi və elektrik enerjisi ilə təminatı məsələləri müzakirə olunub.
Nəzərə çatdırılıb ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmenti İran, Azərbaycan və Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Bu yol Şimali Avropa ilə Cənub Şərqi Asiya ölkələrini birləşdirəcək. İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olan yüklər İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə Şimali Avropaya qədər uzanacaq. Hazırda İran ərazisində dəhlizə daxil olan dəmir yolu xətlərindən Qəzvin-Rəşt yolu tikilib istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir.
İran səfiri bildirib ki, çətinliklərə baxmayaraq rəsmi Tehran Rəşt-Astara yolunu inşa edib başa çatdırmağa çalışır. Bu yol istismara buraxıldıqdan sonra Asiyadan Avropaya ixrac edilən yüklər Çabahar limanına daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Şimali Avropaya daşınacaq. Qeyd olunub ki, yüklər əks istiqamətə də məhz bu yolla daşınacaq ki, bu da adı yuxarıda çəkilən hər 3 dövlətin tranzit gəlirlərinin artmasına və büdcələrinə valyuta axının təmin olunmasına zəmanət yaradır.
Görüşdə qərara alınıb ki, rusiyalı mütəxəssislər işin gedişi ilə yerində tanış olduqdan sonra dəmir yolunun elektriklə təmin edilməsi üçün layihə hazırlayıb təqdim etsinlər.