Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manat pul xərcləyib. Bu göstərici 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 58,1 manat və ya 15,3 faiz çoxdur.
Pərakəndə ticarətdə 437,9 manat xərcin 246,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 191 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Ekspertlər bildirirlər ki, adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Ötən il inflyasiya yüksək olub və cari ildə də davam edir. Ona görə də adambaşına düşən xərclər artır. Eyni məhsula ötən il daha az, bu il isə daha çox pul xərclənir.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda orta illik ərzaq inflyasiyası 14,3 faiz olub. Bu ilin 7 ayında təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (11 faiz), ödənişli xidmətlərin qiymətləri (10,4 faiz) də bahalaşıb.
Xatırladaq ki, iyulun 11-də Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə inflyasiyanın ikirəqəmli olmasını arzuolunmaz hesab etmişdi və bunu düşündürücü adlandırmışdı. Bunun ardınca İyulun 15-də Baş nazir Əli Əsədov “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncam imzalamış bu barədə işçi qrup yaradılmışdı.
Ancaq iqtisadçı ekspertlər o sıradan həbsdə olan Qubad İbadoğlu bazar qiymətlərinə fiziki təzyiqlərin heç bir nəticə verməyəcəyini və bunun sadəcə görüntü xarakteri daşıdığını bildirmişdilər.