ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Rəsmi Yerevan Bakını beynəlxalq məhkəmələrə verəcəyini deyir (yenilənib)

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin separatçı rejimin üzvlərinin Azərbaycan tərəfindən həbsi ilə bağlı bəyanata reaksiya verib.
XİN hesab edir ki, bəyanat Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində yürütdüyü təcavüzkar siyasət və əməllərdən əl çəkmədiyini nümayiş etdirir:
“Həmçinin həbsi həyata keçirilmiş şəxslər tərəfindən törədilmiş əməllərə bəraət qazandırılması cəhdidir. Azərbaycana qarşı təcavüzdə, separatçılığın təşviq edilməsində, terror əməllərində, əsirlikdə olan hərbi qulluqçular və mülki şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər törədilməsi və digər faktlar üzrə Azərbaycanın Cinayət Məcəlləsinin müvafiq maddələrilə başlanmış cinayət işi çərçivəsində qeyd edilən şəxslərin həbsi ədalətin bərpasına xidmət edir və bu addımların legitimliyinin şübhə altına alınması qəbuledilməzdir”.
Nazirlik qeyd edib ki, tərksilaha razı olan minlərlə Ermənistan hərbçiləri və qanunsuz hərbi birləşmələri Azərbaycan tərəfindən humanist addım olaraq sərbəst buraxılıb:
“Bu xüsusda Ermənistanın apardığı saxta kampaniyanın heç bir əsası yoxdur. Azərbaycana qarşı irqi və etnik nifrət aşılamaq məqsədi daşıyan bu bəyanat Ermənistanın sülh səylərinə mane olan destruktiv fəaliyyətinin tərkib hissəsidir”.
“Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində düçar olduğu uğursuzluqlara rəğmən, yenə də əsassız olaraq və beynəlxalq hüququn norma və prinsiplərinə zidd şəkildə məhkəmə qarşısında iddialar irəli sürməkdə davam etməsi bu ölkənin Azərbaycanla sülh və normallaşma prosesində maraqlı olmadığını nümayiş etdirir”, – deyə bəyanatda bildirilir

Ermənistan XİN Qarabağda həbs edilmiş bütün şəxslərin müdafiəsi ilə bağlı çağırış edib
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) “Dağlıq Qarabağ Respublikası”nın keçmiş rəhbərlərinin hüquqlarını qorumaq üçün bütün mümkün addımlar atacağını bildirib.
Bu barədə nazirliyin oktyabrın 4-də yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda Arkadi Qukasyanın, Bako Saakyanın, Arayik Arutyunyanın, David İşxanyanın, Ruben Vardanyanın və başqalarının Azərbaycan tərəfindən saxlanılması qətiyyətlə pislənilib:
“Dağlıq Qarabağın nümayəndələri ilə dialoqa, yüksək vəzifəli Azərbaycan rəsmilərinin ermənilərin hüquqlarına hörmət və müdafiə etməyə, onların Dağlıq Qarabağa qayıtmasına mane olmamağa və regionda sülhün bərqərar olmasına hazır olduqları barədə bəyanatlarına baxmayaraq, Azərbaycanın hüquq-mühafizə orqanları əsassız həbslərə davam edib”.

“Ermənistan Dağlıq Qarabağın qanunsuz həbs edilmiş nümayəndələrinin beynəlxalq məhkəmələrdə, o cümlədən məhkəmələrdə hüquqlarının müdafiəsi üçün bütün mümkün addımları atacaq”, – deyə XİN-in bəyanatında vurğulanır.
“Çox güman, Ermənistan Avropa Məhkəməsinə müraciət edəcək”
Ermənistan XİN-in bəyanatını Meydan TV-yə şərh edən hüquqşünas Səməd Rəhimli deyir ki, çox güman, rəsmi Yerevan Bakıdan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.
Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Konvensiyasının 33-cü maddəsi dövlətlərarası şikayətlərə imkan verir:
“Bu halda həbs edilən şəxslərlə bağlı Ermənistan 33-cü maddəyə uyğun olaraq Azərbaycana qarşı dövlətlərarası şikayət verə bilər. Ancaq həmin şikayətə hansı qaydada baxılacaq, bu işlərin Azərbaycan daxilində yekunlaşmasını gözləyəcək, yoxsa başqa addımlar atılacaq. Bax bunlar bir çox məsələlərdən asılıdır. Əslində, Avropa Məhkəməsinə hər hansı şikayəti fərdi qaydada şəxslər özləri verməlidirlər. Amma istisna deyil ki, dövlətlərarası şikayətlər verilə bilər”.
Səməd Rəhimlinin fikrincə, fərdi qaydada şikayətlərdə bir qayda olaraq Avropa Məhkəməsi tələb edir ki, ölkədaxili hüquqi müdafiə vasitələri istifadə edilərək tükəndirilsin:
“Bununla belə bəzi istisna hallarda ölkə daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsini tələb edə bilərlər. Məsələn, bu halda həbs qətimkan tədbiri seçilibsə, ondan şikayət verilməsi, yaxud iş məhkəməyə gəlibsə, Avropa Məhkəməsinin nələrsə tələb edib-etməyəcəyini indidən demək çətindir”.
