ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İsrail Türkiyədəki diplomatlarını geri çağırıb

İsrailin xarici işlər naziri Eli Koen Türkiyədəki diplomatik nümayəndələrin münasibətləri yenidən qiymətləndirmək üçün geri çağırıldığını açıqlayıb. İsrailli nazir Türkiyə siyasi rəhbərliyinin, xüsusən də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatları fonunda ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün belə addım atıldığını bildirib.
Bu barədə E.Koen „X“ (Twitter) hesabında yazıb.
“Türkiyədən gələn kəskin bəyanatları nəzərə alaraq, İsrail və Türkiyə arasındakı münasibətləri yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrin geri qayıtmasına göstəriş verdim”,-deyə baş diplomat qeyd edib.

İsrail Türkiyədəki vətəndaşlarından oktyabrın 18-də ölkəni tərk etmələrini istəyib. Növbəti gün isə Təl-Əviv Türkiyə də daxil olmaqla, region ölkələrindən diplomatlarını geri çağırıb.
Oktyabrın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Böyük Fələstin Mitinqi”ndə İsraili dövlət saymadığını bəyan edib: “İsrail dövlət deyil, təşkilatdır. Hamı bilir ki, İsrail bölgədə yeri gələndə qurban verilə bilən sadəcə bir piyadadır. İsrail Qərbə qarşı bir addım ata bilməz, cəhd etsə belə, Qərbin dəstəyi olmadan üç gün davam edə bilməz”.
Türkiyə Prezidenti bölgə dövlətlərini birlikdə hərəkət etməyə çağırıb:
“Bu bölgədə hamımız birlikdə hərəkət etməliyik. Əks halda, hamının bir-birinin ardınca eyni aqibətlə üzləşməsi qaçılmazdır. Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana, Əfqanıstandan Çeçenistana qədər bir çox bölgələrin sakinləri üçün göz yaşı tökdük”.
