ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Qubad İbadoğlunun əleyhinə ifadə verən alim işgəncəyə məruz qaldığını deyir

Türkiyədə universitetdə çalışan azərbaycanlı alim, 10 ay əvvəl İstanbulda saxlanılaraq, Azərbaycana gətirilən və professor Qubad İbadoğlu ilə birlikdə eyni cinayət işi üzrə təqsirləndirilən Fazil Qasımov işgəncələrə, insanlığa sığmayan rəftara məruz qaldığını bildirib. O, müxtəlif dövlət orqanlarına, o cümlədən Baş prokuror Kamran Əliyevə, Ombudsman Səbinə Əliyevaya, Türkiyə Böyük Millət Məclisinə ünvanladığı məktublarda başına gələnləri açıqlayıb.
Fazil Qasımovun sözlərinə görə, Qubad İbadoğlunun əleyhinə ifadə almaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel” kimi tanınır-red) saatlarla döyülməsi, bədəninə elektroşok verilməsindən tutmuş, başının unitaza salınmasına qədər müxtəlif formada işgəncələrə məruz qalıb. O, psixoloji və fiziki təzyiqlər altında ifadə verdiyini vurğulayaraq, onlardan imtina etdiyini açıqlayıb.
Təqsirləndirilən alim ilkin istintaq dövründə onun vəkili olmuş Anar Qasımlını da ittiham edir. O, məktublarında yazır ki, özünün və Qubad İbadoğlunun əleyhinə ifadə verməsi üçün ona müstəntiqlə yanaşı, Anar Qasımlı da təzyiq edib.
12 il Türkiyədə yaşadığını və İstanbul Universitetinin doktorantı olduğunu xatırladan Fazil Qasımov heç bir cinayət törətmədiyi, əleyhinə sübut-dəlil olmadığı halda saxlanılaraq Azərbaycana təhvil verilməsini də ədalətsizlik sayır.
