Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, onun ölkəsi sülh müqaviləsi üzrə təkliflərdən ibarət Azərbaycana cavab paketi hazırlayır.
Badalyan deyib: “Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir. Ermənistan artıq səsləndirilən və təqdim olunan fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır”.
Qeyd edək ki, iyunun 26-da Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.
İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə yenidən işlənmiş 9-cu redaksiyasını göndərməklə cavab verib.
Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-də sülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərib. Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır.