AktualAktualArxivXəbərlər

ABŞ Cənubi Qafqazda hökumət dəyişikliyinə hazırlaşır?

«Qərblə Rusiyanın arasında nüfuz uğrunda ciddi rəqabət gedir»

Fuad Qəhrəmanlı: «Tərəzinin hansı gözünün ağır olacağı Azərbaycanın atacağı addımlardan asılıdır»

ABŞ Mərkəzi Kəşfiyyat Idarəsinin qeyri-leqal qolu sayılan “Stratfor”un rəhbəri Corc Fridman Cənubi Qafqaz, xüsusilə regionun əsas ölkəsi olan Azərbaycana Rusiyanın təsirini və mümkün dəyişiklikləri analiz edib. C.Fridman vurğulayıb ki, Rusiya ilə Qərb arasındakı qarşıdurmada ən böyük çat Ukraynada yaranıb. Amma Qərblə Rusiya arasındakı çatların tezliklə Cənubi Qafqaza da çatması istisna deyil. Müəllif eyni zamanda onu da vurğulayıb i, Rusiya ilə ABŞ arasında region uğrunda gedən savaş qızışmaqdadır. Bu baxımdan C.Fridman vurğulayır ki, Qafqazda və Azərbaycanda maraq dairəsi genişlənən ABŞ çətin vəziyyətlərdə regionu itirməmək naminə bütün hakimiyyətləri yenidən qurmaq potensialını işə sala bilər.
Ukrayna məsələsinin Qərblə Rusiya arasında geosiyasi rəqabəti açıq müstəviyə çıxardığını deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, burada artıq açıq qarşıdurmadan danışmaq mümkündür. Bu qarşıdurma xəttinin təkcə Ukraynadan keçmədiyini deyən F.Qəhrəmanlı bildirdi ki, artıq bu xətt postsovet məkanından keçməkdədir: “Ukraynadan sonra bu qarşıdurma xətti Cənubi Qafqazdan keçir. Qərb təbii olaraq Cənubi Qafqazı özünün maraq zonası hesab edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan Mərkəzi Asiyanın enerjisini də Avropaya çatdıran koridor rolunu yerinə yetirir. Təhlükəsizlik baxımından da Azərbaycanın böyük əhəmiyyəti var”.
F.Qəhrəmanlı hesab edir ki, geosiyasi maraqlar baxımından Cənubi Qafqaz uğrunda ciddi rəqabət gedir. F.Qəhrəmanlının sözlərinə görə, hələlik bu qarşıdurma səviyyəsinə çatmasa da, amma regionda Qərblə Rusiyanın arasında nüfuz uğrunda ciddi rəqabət gedir: “Qərblə Rusiya arasındakı savaşda Ermənistanın mövqeyi bəllidir. Tərəzinin hansı gözünün ağır olacağı Azərbaycanın atacağı addımlardan asılıdır”.
C.Fridmanın ABŞ-ın bölgədə nüfuzunu əldən verməmək üçün hakimiyyət dəyişikliyinə gedə biləcəyi ilə bağlı fikirlərinə gəlincə, F.Qəhrəmanlı bildirdi ki, burada söhbət hakimiyyət dəyişikliyindən getmir. Azərbaycanda yaxın gələcəkdə hakimiyyət dəyişikliyi baş verərsə bu Azərbaycan xalqının iradəsi ilə gerçəkləşə bilər: “Heç kim gəlib Azərbaycanda hakimiyyət dəyişikliyi edən deyil. Söhbət mövcud hakimiyyətin Qərbin inteqrasiya etmək istəməməsinin birmənalı şəkildə qəbul olunmasından və bunun qarşılığında Qərbin bu hakimiyyətdən əlini üzərək, vətəndaş institutları ilə işləməsindən gedə bilər. Vətəndaş cəmiyyətinin ölkədəki demokratik prosesləri fəal şəkildə dəstəkləməsi Azərbaycan xalqının demokratiya istəyinə bir dəstək olacaq”.
Hələlik vətəndaş cəmiyyətinə, siyasi müxalifətə belə bir dəstəyin ifadə olunmadığını deyən F.Qəhrəmanlı hesab edir ki, proseslər kulminasiya nöqtəsinə çatandan sonra mövcud hakimiyyətlə işləməyin mənası olmadığı açıq görünəcək. Bəlli olacaq ki, hazırkı hakimiyyət ölkədə avtoritarizmin qorunub saxlanmasına çalışır./azadlıq.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button