Keçmiş Qarabağ döyüşçüsündən “Biz erməniyə yox, rusa uduzmuşuq” şablonu ilə bağlı ilginc açıqlama

Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Nazim Bayramov
Hörmətli veteranlar, son dərəcə önəmli hesab etdiyim bir məsələni müzakirənizə çıxartmağı vacib hesab edirəm. Müzakirənin məqsədi, açıqlayacağım mövzuya doğru, məsuliyətli, vahid veteran mövqeyinin formalaşmasıdır.
Mövzu- bəzi veteranlarımız tərəfindən istifadə olunan və cəmiyətdə artıq geniş yayılmış və az qala aksiom kimi qəbul olunan, “Biz erməniyə yox, rusa uduzmuşuq” şablonudur. Şablonun davamı da var. Əslində əvvəlidi, 80-ci illərin sonu-90-cı illərin əvvəlində yayılmış- “rus çəkilsin, ermənini dəhrə-baltayla qovarıq!” sloqanıdı. Ancaq indi bu sloqanı yox, ilk qeyd etdiyim şablonu müzakirə etmək istərdim.
Azərbaycan dövlətinin qarşısında ərazi bütövlüyünün bərpası vəzifəsi dayanıb. Artıq heç kəsdə ilüziya qalmayıb ki (bunu 23 illik nəticəsiz aparılan sülh danışıqları və Ermənistanın tutduğu mövqe göstərir ki), işğalçı torpağımızın bir qarışını belə döyüşsüz qaytarmayacaq. Müharibə sabah da başlaya bilər, bir ildən sonra da, iki ildən sonra da. Zaman məsələsidi. Bu yolda millətimizi ağır müharibə sınağı gözləyir. Heç nəyə baxmayaraq, bu növbəti tarixi sınağa tam hazır olmalıyıq.
Ermənistanın bu coğrafiyada möhkəmlənməsində və birinci Qarabağ müharibəsi zamanı Rusiyanın rolu və ermənilərin arxasında dayanması məlumdur, sual və şübhə doğurmur. Ermənistan Rusiyanın Cənubi Qafqazda forpostudur. Rusiya durduqca belə də olacaq. Rusiya ermənilərin arxasından heç vaxt çəkilməyəcək. Bunu qəti bilməli və uzun uzadı “vur tatı-çıx tatı”, “bəs axı niyə belədi?” və s. təkrarlamadan, daimi faktor və daimi fon kimi qəbul etməliyik. Torpaqlarımızı azad etmək üçün Azərbaycan dövləti “Rusiya faktorunu” necə neytrallaşdırılacaq, aradan necə qaldırılacaq məsələlərini saxlayaq siyasətçilərə və diplomatlara.
“Müharibə, dövlət siyasətinin zorakı vasitələrlə davamıdır”. Biz, hərbçilər, döyüşçülər dövlət siyasətini sabah döyüş meydanında, ön cəbhədə döyüşümüzlə, canımız və qanımızla həyata keçirən yüksək şüurlu əsgərlərik. Ona görə biz öz səviyyəmizdə öz hazırki vəzifələrimizdən danışaq.
Torpaqlarımız işğal altında olsa da, kiminsə şəxsi fikrindən, emosional alqısından asılı olmayaraq, müharibə uduzulmayıb, çünki müharibə yekunlaşmayıb, sülh bağlanmayıb, münaqişənin sülh yolu ilə həlli üçün atəşkəs bağlanıb və hazırda düşmənlə rəsmən atəşkəs rejimi halındayıq. Müharibənin nəticəsi kiminsə şəxsi qiymətləndirməsi ilə deyil, dövlətin rəsmi mövqeyi ilə müəyyən olunur. Bundan başqa, millət işğalla barışmayıbsa, deməli məğlub deyil. Buna görə xahiş edirəm, məsələyə şəxsi emosiyalarla yox, rəsmi ölçülərlə yanaşaq.
Gələcək qaçılmaz müharibə üçün “Biz erməniyə yox, rusa uduzmuşuq”, şablonu hər cəhətdən ziyanlı olması ilə bərabər özü-özlüyündə qüsurludu və birmənalı olaraq, həqiqətə uyğun deyil.
Bizimlə Qarabağda Rusiya ordusunun bölmələrinin döyüşməsi faktı yalnız Xocalıda baş vermişdi. Lakin 366-cı alayın da şəxsi heyyəti əsasən ermənilərdən ibarət olmuşdu. Kiçik qarnizonla müdafiə olunan köməksiz qalmış Xocalını işğal edib, dinc əhaliyə divan tutmaq üçün xüsusi hərbi istedad və yüksək peşəkarlıq tələb olunmurdu, texnikada və canlı qüvvədə say üstünlüyü kifayət etmişdi.
Rusiya ordu bölmələrinin Qarabağ döyüşlərində başqa mütəşəkkil iştirak epizodu məlum deyil.
Krasnodar və Stavropoldan gəlmiş ruslardan ibarət qeyri-nizami dəstə Ağdərənin müdafiəsində dayanan kazak polku(alayı) olmuşdu. Ancaq o polkun sonu necə oldu? Şəhərin müsairəyə alınmasını duyar-duymaz, Ağdərədən qaçmışdılar və dağılışıb, qayıtmışdılar Rusiyaya.
Digərləri erməni tərəfdə muzdlu ya könüllü döyüşmüş ayrı-ayrı azsaylı ruslar(slavyanlar) olmuşdu. Muzdla Qarabağda qısa döyüş yolu keçmiş 11 nəfərlik bir dəstə Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasında xidmət keçən hərbçilərdən ibarət olmuşdu-“Simeonun qrupu”. Onlar 92-ci ilin avqust-sentyabrında Ağdərə istiqamətində iki döyüşdə iştirak etmiş, daha sonra Kəlbəcərin Mərcimək kəndində Kəlbəcər polisləri və 701-ci briqadanın döyüşçüləri tərəfindən zərərsizləşdirilmiş, 5-i məhv edilməklə, 6 nəfəri əsir götürülmüş və Azərbaycan məhkəməsinə tərəfindən ağır cəzalara çatdırılmışlar. Bunlar da iştirak etdikləri iki döyüşdə dönüş yarada bilməmişdilər.
Ruslardan ibarət bölmə şəklində başqa dəstə Qarabağda döyüşlərdə iştirak etməyib. Yalnız erməni dəstələri sıralarında ayrı-ayrı rusiyalı hərbi mütəxəssislər və həyatda özlərinə yer tapmamış, hərbini ala-babat bilən ünsürlər olmuşdu.
93-cü ildə Ermənistan istiqamətindən Kəlbəcərə hücum edən bölmələr də Ermənistan ordusunun bölmələri olmuşdu. Kəlbəcərə hücum zamanı çəkilmiş və nümayiş olunan məlum videoda PDM-in üstündə oturub, rusca danışan və bizdə “rus polkovniki” kimi təqdim olunan zabitin şəxsiyəti sonralar Ermənistan ordusunun polkovniki Qriqoryans kimi təsbit olunmuşdu. 93-cü ildə Füzuli- Xocavənd istiqamətində tank batalyonun komandiri kimi döyüşlərdə iştirak etmiş mayor Akimov Xocavənd istiqamətində gedən döyüşlərin birində olduğu tankın içində tankla bir yerdə məhv edilmişdi.
94-cü ilin mart-aprel aylarında Tərtərə hücumda döyüş helikopterlərini rusiyalı pilotlar idarə ediblər. Onlar nəticə əldə edə bildilərmi? Xeyr. Ordu bölmələrimiz Tərtərin müdafiəsində yüksək döyüş şücaəti və əzmkarlıq nümayiş etdirmişlər və düşmən məqsədinə nail ola bilməmişdi.
Müxtəlif dövrlərdə erməni tərəfdə iştirak etmiş rusların ümumi sayı müharibənin gedişinə və aqibətinə təsir edə bilməyəcək qədər cüzi olmuşdu.
Misal üçün, əgər rus PTUR(TƏİR) atan mütəxəssis bizdən 5 tank vurubsa, bizdə həm ordu sıralarında, həm OMON-da azərbaycanlı PTUR mütəxəssisləri olub ki, hər biri 10 düşmən tankı və başqa zirehli və nəqliyat texnikaları məhv ediblər. Erməni tərəfdə rus artileriyaçı vuruşubsa, tam məsuliyətlə deyə bilərəm ki, azərbaycanlı topçular tarixən ruslardan güclü topçu olublar. Bizim hərbi ənənəmizdə milli topçu məktəbimiz olub və var. Topu türklər icad ediblər. Həmçinin tankçılarımız, PDM-çilərimiz, qumbaraatanlarımız, döyüş və nəqliyat helikopterləri, təyyarə pilotlarımız və s. mütəxəssislərimiz heç bir muzdlu rusdan geri qalmayıblar, çox vaxt onlardan üstün olublar. Bu, məsələnin faktiki tərəfidir. Rusların rolu süni və yanlış şişirdilir.
Beləliklə, “biz erməniyə yox, rusa uduzmuşuq” şablonun arxasında hərbi məğlubiyətin baş səbəbini, ən azı isə ona “yüngülləşdirici hal” icad etmək istəyi dayanır. Halbuki, əslində bu, nə hərbi məğlubiyətimizin səbəbidir və belə olsaydı, yenə də yüngülləşdirici hal sayıla bilməzdi. “Rus tankları gəldi, biz də ne edək, qaçdıq”, deyəni panika yaydığına görə hərbi qanunlarla elə yerindəcə gülələmək lazım idi. O isə illərdir gənclərin beynini zəhərləyir. Bəs bizdə hansı tanklar idi? Hər iki tərəfdə tank da, tank vuran da Rusiya istehsalı idi. Tankçılar və zirehli texnika ekipajları döyüşdə texnikanı “döyüş vəziyətində” idarə edirlər, yəni lyukları bağlı vəziyətdə. Haradan bildin ki, tankdakı rusdu? Başını çıxardıb, döyüşdə sənə pasportunu göstərdi, özünü təqdim elədi? O tankı vurmalıydın, sonra (imkan olsa) baxmalıydın içindəki ekipaj sağdımı, ölübmü və kimdi. Bu söhbətlərə real döyüşü təsəvvür etməyənlər inanırlar. Halbuki, yuxarıda gətirdiyim bir neçə faktiki misallardan da görürük ki, ruslar iştirak etdikləri döyüşlərdə məğlubiyət və uğursuzluqlarla da qarşılaşıblar, adi döyüş qaydasında döyüşçülərimiz tərəfindən məhv də ediliblər.
Bəs niyə məhz “rusa uduzmağı” asanlıqla etiraf edirik? Çünki rusla müqayisədə erməniyə məğlub olmağı özümüzə həqarət hesab edirik. Lakin, çox təəsüf ki, bu fikirin ictimai şuurda, xüsusən, gəncliyimizin şuurunda hansı nəticələrin yarada biləcəyini dərindən düşünmürük. Ruslara nifrətin güclənməsi ilə bərabər cəmiyətdə rus xofu, rusların qarşısında “milli tamamlıq kompleksi”, çarəsizlik və “ruslara uduzmağın qəbahəti yoxdu” kimi fikirlər yaranır. “Atalarımız rusu əjdaha sayırsa, rusla bacara bilmərik, deyirlərsə, sabah müharibə başlasa, Qarabağa ruslar gəlsə, məğlubiyətimiz qaçılmazdı.” Görün guya özümüzə bəraət qazandırmaqla gənclərimizdə hansı mənəvi-psixoloji fəsadlara yol açırıq! Hörmətli Qəzənfər Hüseyn müəllim demiş, “rus gəlirsə, başımıza yaylıqmı bağlayaq?”
Məğlubiyətimizin həqiqi səbəbi, 100 il ideoloji, informasiya, hərbi kadrların hazırlığı cəhətdən hazırlaşıb, ərazi iddiası irəli sürən düşmənə qarşı millət və dövlət olaraq, nə siyasi, nə diplomatik, nə informasiya, nə silahlı mübarizə cəhətdən hazır olmamağımız olmuşdu. Bizim tarixi yaddaşımızı silmişdilər. Bunda sovet sistemini təqsirləndirə bilərik. Lakin necə oldu ki, bizimlə eyni sistemdə yaşayan erməni, türklə düşmənçiliyini uşağına bələkdən laylayla danışmağa başlayırdı, bizə isə bunu danışan olmamışdı? Deməli, səbəb yenə də özümüzdə olmuşdu. O cümlədən, öz rəhbərliyimizdə, ziyalılarımızda, böyüklərimizin əksəriyətində. Səbəb budu. Bütün səbəblər bunun içindədi.
Həqiqət Günəş kimidi. Onun şüaları altında böyüyən sağlam və güclü olur. Yalan isə həmişə kölgədi. Kölgədə böyüyən zəif və xəstə olur.
İndi düşmənçiliyimizi bilirik, anlayırıq, hər şey məlumdu. Hazırlaşıb, torpaqlarımızı azad etməliyik. Rus faktorunu əsassız qabartmaqla biz millətin ruhuna, əzminə və gələcək mübarizəmizə misilsiz ziyan vurmuş oluruq.
Hesab edirəm, bu məsələdə veteranlar vahid sağlam mövqe formalaşdırıb, bu mövqedən çıxış etməlidilər. Cəmiyətdə, mediada, sosial şəbəkədə istənilən düşmən qarşısında hər-hansı xof yarada biləcək miflərə son qoymalı və yayılmasının qarşısını almalıyıq. Müharibəyə hazırlıqda bu, bizim boynumuza düşən vəzifələrdən biridir. Bizim əvəzimizə bunu heç kəs edə bilməz. Hazırki şəraitdə və imkanlarımızda dövlətin və millətin qarşısında bu, ən böyük xidmətimiz olardı.
Və əlbəttə, bununla işimiz bitmiş sayıla bilməz. Müharibəyə hazır olmağa çağırırıqsa, özümüz buna örnək olmalı və öndə getməliyik.