ArxivIslamXəbər lentiXəbərlər

İranda seldən zərərçəkənlərə yardım əməliyyatı davam edir

İranın seldən zərər çəkmiş məntəqələrinə yardımların çatdırılması və selin fəsadlarının aradan qaldırılması əməliyyatı fasiləsiz olaraq davam edir. Seldən zərər çəkmiş məntəqələrdə həyatın ən qısa zamanda normal axarına qaytarılması üçün bütün imkanlar səfərbər edilib.
Yardımların çatdırılması prosesi davam edir. Əlaqə yollarının açılması başlıca prioritetdir. Fasiləsiz davam edən səylər nəticəsində 8 min nəfərlik əhalisi olan Məmulan şəhərinə gedən yolu açmaq mümkün olub. Bununla da, seldən zərər çəkmiş sakinlərə yardımların çatdırılması əməliyyatı daha da sürətlənib.
İranın daxili işlər naziri Rəhmani Fəzli də bu gün Pole Doxtər şəhərinə səfər edib. Rəhmani Fəzli Pole Doxtər şəhərində təşkil edilən fövqəladə iclasda seldən zərər çəkənlərin təcili olaraq məskunlaşdırılmasına təkid edərək, selin vurduğu zərər və ziyanlara dair hesablamaların yekunlaşdırılaraq, Nazirlər Kabinetinin bazar günü keçirəcəyi iclasa təqdim edilməsini istəyib.
Rəhmani Fəzli – İranın daxili işlər naziri: “Selin vurduğu zərər və ziyanların miqyası xeyli çoxdur. Seldən zərər çəkmiş digər vilayətlərdə də oldum. Amma, burda zərər və ziyanın miqyası daha yuxarıdır. Xilasetmə əməliyyatları artıq başa çatıb. İndi seldən zərər çəkmiş əhaliyə xidmətin göstərilməsi vaxtıdır. Önəmli məsələ onların məskunlaşdırılması, ərzaq, içməli su, elektrik enerjisi, telefon və səhiyyə imkanları ilə təmin edilməsidir. Seldən ən çox zərər çəkən infrastruktur sahə əlaqə yollarıdır. Buna görə də bazar gününə kimi dəymiş zərər və ziyanların miqyasına dair hesabat hazırlanıb nazirlər kabinetinə təhvil verilməlidir. Və biz dəymiş zərər və ziyanları təcili şəkildə ödəməliyik.”
Suların çəkilməsi ilə selin fəsadları, məntəqə sakinlərinə dəyən zərər və ziyanların miqyası da üzə çıxmış oldu.
Burda söz insanların acısını anlatmaqda acizdir.
Bu günlər Məmulan şəhərində oxşar taleyə düçar olanların sayı çoxdur. Sel suları bu insanların sadəcə evlərini deyil, üzlərindəki təbəssümü də özü ilə aparıb, onları qəm və kədərə boğub. Amma, bütün çətinliklərə baxmayaraq, onlar ümidsiz deyillər. Dağıdıcı selin ardınca indi də yardım seli ölkənin hər bir guşəsindən bu məntəqəyə axın edir.  Və elə bu ümid ilə onlar öz şəhərlərini yenidən qurmaq üçün elə indidən qollarını çırmalayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button