Aktual

Ailəni qeyri-zəruri məsələlərə qurban vermək olmaz

Təcrübə göstərir ki, qapalı mühitdə yaşamış, ictimai hadisələrdən yetərincə xəbər tutmamış, ailələri də lazımınca agah olmayan qızlar həyat yoldaşı seçimində məlumatsız və sadəlövh addım atırlar. Bu addım onlar üçün qarşıda xeyli problem yaradır. Onlar bu məsələyə sadəlövhlüklə yanaşmaqdan ciddi çəkinməlidirlər. Çünki pak insanlar, adətən, hamını özləri kimi pak bilirlər. Belə bir yanaşma insanı öz seçimində yanlışlığa apara bilər.

Övladları sağlam mühitdə tərbiyə almış və təbii şəkildə ictimai rabitələrdə məhdudiyyətlə üzləşmiş pak və nəcib ailələr övladlarını hökmən vaxtında zəruri bilgilər və ictimai gerçəkliklərlə tanış etməlidirlər.

Ər-arvadlıq vəzifələri ilə tanışlıq zərurəti

Gənc xanımlar bilməlidirlər ki, ailə də ictimai bir təşkilat kimi nəzərdə tutulmuş məqsədlərə doğru hansısa bir üsulla hərəkət etməlidir. Gənc ailə bu üsulu bilməli və öz vəzifələrini yerinə yetirməlidir. Bəzi gənclər öncə hazırlıq olmadan, vəzifə və hüquqlarını bilmədən ailə qururlar. Onların nəzərində ailə təşkili sadə bir məsələdir. Amma belə bir münasibət ailə həyatının ilk aylarında ortaya ciddi problemlər çıxarır.

Ailələrdə yanlış üsullar və adətlər hökm sürdüyündən gənc ailənin öz vəzifə və hüquqları ilə tanışlığı, eləcə də, bu sahədə ehtiyac duyulan biliklərə yiyələnməsi zəruridir. Adətən, hər bir ailədə xüsusi bir qayda-qanun hökm sürür və xüsusi bir ideala üz tutulur. Təbii ki, bu sayaq ailələrdə övladlar da həmin üsul əsasında tərbiyə olunur. Övladlar tərbiyə aldıqları ailənin adət-ənənələrinə üz tutur, həmin qayda-qanunlar əsasında rəftar etməyə çalışır. Bəzi ailələrdə kişilərin, bəzi ailələrdə isə qadınların idarəçiliyinə təsadüf olunur. Övlad da şəxsi ailə həyatında tərbiyə aldığı ailənin bu prinsipinə üstünlük verir. Məsələn, əgər ailədə ata-ana qarşılıqlı hörmət əvəzinə dartışmalarla dolu bir fəzada ömür sürürsə və ya bir-birlərindən yersiz tələblər edirsə, övlad da öz şəxsi həyatında bu yanlış üsullara əl atasıdır.
Evlilik astanasında olan gənclər üçün həyat yoldaşının vəzifə və hüquqları, ailə həyatının qayda-qanunları ilə tanışlıqdan vacib iş yoxdur.

Cəmiyyətimizdə bu mövzunun nə dərəcədə əhəmiyyətli olduğu heç də hamıya aydın deyil. Hələ ki evlilikdən öncə zəruri biliklərə yiyələnmək ənənəsi öz yerini tapmayıb.

Ailə həyatına ciddi yanaşaq

Hər bir gənc ailə həyatı qurmazdan öncə mühüm bir məsələyə diqqətli olmalıdır. Bu nöqtə bütün həyat boyu diqqət mərkəzində saxlanmalıdır: Ailə təşkil etmək qərarına gəlmiş qadın və kişi üçün həyat yoldaşı vəzifələrini yerinə yetirmək, qarşı tərəfin razılığını qazanmaq, bir sözlə, ailə ocağına rövnəq vermək ən mühüm işlərdəndir.

İnsanın fərdi və ictimai həyatında ailə qurumunun xüsusi əhəmiyyət daşıması uyğun işləri zəruriləşdirir. Qadın və kişi diqqətli olmalıdırlar ki, evlilikdən sonra bütün mərhələlərdə özlərini ailə adlandırılan qurumun bir hissəsi saysınlar. Ailə təşkilindən sonra ər və arvadın hər birinin xoşbəxtliyi o birinin xoşbəxtliyindən asılıdır. Ona görə də insan ailənin ümumi xoşbəxtliyi xatirinə bəzi istəklərindən daşınmalıdır. Ər və arvad öz istəklərini bir-birləri ilə bölüşməli, bütün mərhələlərdə həmdərd olmalıdırlar. Qadın və kişi ailə xoşbəxtliyinə zidd olan və ya ailə təməlini sarsıdan, eləcə də, qarşı tərəfin hüququnu pozan işlərdən çəkinməlidir. Hər iki tərəf tam sədaqətlə və ağıl çərçivəsində bir-birinin razılığını qazanmalıdır. Onlar bilməlidirlər ki, söz-söhbətli bir ailədə kimsə xoşbəxtlik əldə edə bilmir.

Gənc ailə ilk gündən bir-birini tanımağa və qarşı tərəfin istəklərini öyrənib bu istəkləri təmin etməyə səy göstərməlidir. Bu yolla insan öz həyat yoldaşı üçün müştərək həyatı şirinləşdirə bilər. Tərəflər bir-birlərinin zəif nöqtələrini də öyrənməlidir. Onlar həm bu zəifliyin aradan qaldırılası istiqamətində bir-birlərinə kömək etməli, həm də qarşı tərəfi incitməmək üçün bu zəif nöqtəyə toxunmamalıdırlar.

Eşq və məhəbbət tələb edir ki, hər bir zövcə qarşı tərəfin rahatlığı fikrində olsun, onu incitməkdən çəkinsin. Bu yolla qarşı tərəf üçün təkamül şəraiti yaranmış olar.

Ər və arvad yaxınlarla get-gəl, alış-veriş, səliqə kimi bəzi qeyri-zəruri işlər qarşı tərəfdə narazılıq yaratdıqda bu işlərdən çəkinməlidirlər. Ailədə yekdillik yaratmaq üçün bir o qədər də mühüm olmayan məsələlərdə güzəşt zəruridir. Unutmamalıyıq ki, həyat yoldaşı ilə isti və səmimi münasibət bütün qeyri-zəruri işlərdən mühümdür. İsti münasibəti qeyri-zəruri məsələlərə qurban vermək olmaz.

Həmçinin evli tərəflərin hər biri öz həyat yoldaşlarının hüquqlarına riayət etmək fikrində olmalıdır. Heç bir halda həyat yoldaşının haqqını ayaq altına atmaq olmaz. Ailə həyatının başlanğıcında ər və arvad tərəfindən qarşı tərəfin hüquqlarını qorumaq qərarı gələcəkdə bir çox problemlərin qarşısını alır. Belə bir qərar tərəfləri haqqa təcavüzdən qoruyur. İnsan hüquq və mənafe baxımından daha çox öz həyat yoldaşı ilə müştərək sərhəddə malik olduğundan bu qərar çox mühümdür. Ərlə arvad arasındakı yaxın, ardıcıl və geniş təmaslar səbəb olur ki, onların müxtəlif sahədəki hüquq və mənafeləri toqquşsun.

Maddi və mənəvi hüquqların pozulması ehtimalı başqalarına nisbətən ərlə arvad arasında daha böyükdür.

Bu baxımdan insanlıq şərti odur ki, ər və arvad bir-birlərinin hüquqlarına, xüsusi ilə zərif və həssas mənəvi hüquqlara diqqətli olsunlar.

almustafa.ge

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button