
Bəyanatda deyilir:
Son günlər Əl-Qaidəyə bağlı İŞİD terrorçu qruplaşmanın İraqa hücumu, Mosul şəhərini ələ keçirməsi, günahsız insanları vəhşicəsinə qətlə yetirməsi, öz qanlı mübarizəsində şiələri və onların müqəddəs şəhərləri olan Samirra, Nəcəf və Kərbəlanı, Əhli-Beyt ziyarətgahlarını əsas hədəf seçməsi Azərbaycan İslam Partiyasının narahatlıq, qəzəb və hiddətinə səbəb olub. Partiya baş verənləri sərt şəkildə qınayır və pisləyir:
“Biz qana susamış bu canilərin arxasında hansı qüvvələrin dayandığını yaxşı bilirik. Sələfi-vəhhabi terrorçularının “Allah” adı altında həyata keçirdiyi vəhşi əməlləri sadəcə bir pərdədir. Sionist-ABŞ-Qərb üçlüyü öz planlarını həyata keçirmək üçün İŞİD-dan bir “maşa” kimi istifadə edir. Qərbdə İraqın bölünməsi planları çoxdan hazırlanmışdı. Hətta bölgədə sərhədlər üzərində ciddi dəyişikliklərin aparıldığı xəritələri belə çoxdan hazırlayıb bu məqamı gözləyirdilər. Suriyada dövlətə qarşı vuruşan terrorçuların rəhbərinin ABŞ-da yüksək səviyyədə qəbul edilməsi, onun ölkə prezidenti və konqress üzvləri ilə danışıqlar aparması, terrorçulara vəd olunan silah və maliyyə yardımı ABŞ-ın iç üzünü açıb ortaya qoydu. Qərbin demokratiya pərdəsi altında dünya xalqlarına gətirdiyi fəlakətlər artıq dünya ictimaiyyətinə də gün kimi aydındır.
Öncə İngiltərənin, sonra isə ABŞ-ın İraqın yardım xahişinə rəsmi rədd cavabı verməsi İŞİD-in arxasında əslində hansı güclərin dayandığna aydınlıq gətirmiş oldu.
Onlar bu başkəsənlərin arxasında gizlənib dünyanın siyasi xəritəsində çoxdan planlaşdırdıqları kardinal dəyişiklikləri həyata keçirmək, bütün bölgədə marionet hökumətlər formalaşdırmaq, əsasən ərəb dünyasında cəmləşən enerji qaynaqlarına nəzarəti əldə etmək niyyəti güdürlər.
Lakin unudurlar ki, terrora rəvac verib, amansız qatilləri günahsız insanların üzərinə göndərməklə onlar öz sonlarını yaxınlaşdırmış olurlar. Təsir hər zaman əks- təsirə bərabərdir. Onlar əməllərinin bumeranq effektini çox gözləməli olmayacaqlar. Silahlandırdıqları quldurlar öz hədəflərinə çatmayıb geri qovulanda əllərindəki həmin silahları bu dəfə sionistlərə, riyakar qərb imperializminə yönəldəcəklər. Bəşəriyyətin zülmkarlardan qurtulmasına çox az qalıb”.
AİP-i narahat edən məsələlərdən biri də İŞİD-in bütün İslam dünyasını, o cümlədən, Azərbaycanı açıq şəkildə təhdid etməsidir. İslam Partiyası gələcəkdə hadisələrin bu tempdə inkişaf edəcəyini irəlicədən görərək qeyri-ənənəvi təriqətlərə qarşı mübarizənin gücləndirilməsi barədə dəfələrlə xəbərdarlıq etmişdi. Lakin rəsmi dairələr bu xəbərdarlıqlara ciddi yanaşmadılar. Nəticə göz önündədir. Azərbaycanın düşmənləri övladlarımızı özümüzə qarşı çevirib onların dili ilə bizi təhdid etməyə başlayıblar./İslaminsesi/