AİP lideri Mövsüm Səmədov Ərbəin ziyarəti ilə bağlı İmam Hüseyn(ə) zəvvarlarına təşəkkür etdi

AİP lideri Hacı Mövsüm Səmədovun vəkili Bəhruz Bayramov müvəkkili ilə görüşüb.
Qobustan Qapalı Tipli Cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan M.Səmədovun səhhəti normal, əhval-ruhiyyəsi yaxşıdır.
İslaminSesi AİP -in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu sözləri Mövsüm Səmədovla görüşən vəkil Bəhruz Bayramov deyib.
Vəkil bildirib ki, Hacı Mövsüm Səmədov Ərbəin ziyarəti ilə bağlı İmam Hüseyn(ə) zəvvarlarına təşəkkür edir və onlardan duasını əsirgəmir: “Şəhidlər sərvəri İmam Hüseyn(ə)-ın pak və müqəddəs türbəsinin milyonlarla eşq karvanı tərəfindən Ərbəin günü ziyarəti başa çatdı. Bu il də İmamın(ə) zəvvarlarının Kərbəla ziyarəti şövkət və əzəmət ilə diqqət və yaddaşlarda həkk olundu. Dinimizin mərifət və mədəniyyətinin bəşəriyyət üçün canlı təcəssümü olan növbəti Ərbəin ziyarəti Allah dərgahının rəhmət və savab qapılarını yenidən açdı. Xoş bu eşq karvanında qədəm atan Hüseyn(ə) aşiqlərinin halına”.
Hacı Mövsüm Səmədov bildirib ki, bu xilas gəmisindən uzaqda dayanan zülm və zülmkarların davamçılarına vay olsun: ” Dünyanın hər bir qütbündən,dinindən,dilindən, irqindən asılı olmayaraq Ərbəin ziyarətinə qoşulanları bir amal birləşdirir- Allah aşiqi, haqq yolunun əbədi və təkrarsız qəhrəmanı İmam Hüseynə(ə) məhəbbət, onun düşmənlərinə nifrət. İldən-ilə bu aşiqlərin sayı artdıqca dünyanın ağalığı iddiasında olan, məzlumlara rəhm etmədən onların malik olduqları hər şeyi əllərindən almağa, zülmləri ilə xalqları əsarətdə, xof və qorxu altında saxlamağa çalışan hakim dairələrin narahatlığı da artır. Çünki onlar görürlər ki, dünyada İmam Hüseyn(ə) qədər bu həcmdə, bu sayda, bu izdihamda xatırlanma olmayıb, yoxdur və olmayacaq. Allahdan istəyirik ki, dünyanın hansı qütbündən və kimliyindən asılı olmayaraq bütün Hüseyn(ə) aşiqlərinə onun ziyarətini, axirətdə şəfaətini nəsib etsin. Bu ilki Ərbəin eşq karvanının zəvvarlarına ilk növbədə səmimi təşəkkürümü bildirir, Uca Tanrıdan onlara, ailələrinə atdıqları müqəddəs addımın sonsuz savabını diləyirəm”.