AİP lideri Mövsüm Səmədov aclıq aksiyasını bu gün dayandırıb

Mövsüm Səmədovun səhhətində problemlər yaranıb
Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan lideri, siyasi məhbus Hacı Mövsüm Səmədovun vəkili Yalçın İmanov müvəkkili ilə görüşüb. Bu barədə İslaminSesinə vəkil Yalçın İmanov özü məlumat verib. Vəkil bildirib ki, bu gün səhər saat 09:00 radələrindən etibarən doktor Mövsüm Səmədov 26 sentyabrda keçiriləcək referenduma etiraz olaraq başlatdığı aclıq aksiyasını dayandırıb. Eyni zamanda həbsxanadan verdiyi etiraz ruhlu bəyanatlar səbəbindən 15 gün müddətinə salındığı karsın müddəti bu gün bitib.
Yalçın İmanov əlavə edib ki, doktor Səmədovun səhhətindəki ümumi halsızlıq hələ də davam edir. Təzyiqi düşür, səhhətində problemlər mövcuddur: “Karsa salınandan 8-9 gün sonra Qırmızı Xaç Komitəsinin nümayəndələri Hacı Mövsüm Səmədova baş çəksələr də, hazırda heç bir həkim nəzarəti yoxdur”.
Qeyd edək ki, AİP lideri aclıq aksiyası müddətində ona dəstək verən hər bir kəsə öz təşəkkürünü bildirib.